VII Dünya Xəbər Agentlikləri Konqresinin keçirilmə vaxtı dəyişdirilib
Digər xəbərlər

VII Dünya Xəbər Agentlikləri Konqresinin keçirilmə vaxtı dəyişdirilib

Londonda Dünya Xəbər Agentlikləri Şurasının (NACO) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Şura üzvlərinin iştirakı ilə VII Dünya Xəbər Agentlikləri Konqresinə hazırlıq məsələləri müzakirə olunub. Əyani və onlayn formatda keçirilən toplantıda Press Association (Böyük Britaniya) agentliyinin icraçı direktoru, NACO-nun prezidenti Klayv Marşal, TASS (Rusiya) agentliyinin baş direktorunun birinci müavini, NACO-nun vitse-prezidenti Mixail Qusman, APA (Avstriya) agentliyinin və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti Klemens Piq, MAP (Mərakeş) agentliyinin baş direktoru Raşid Tijani, BTA (Bolqarıstan) agentliyinin baş direktoru Kiril Valçev, EANA-nın baş katibi Alexandru Giboi, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, həmçinin Reuters, EFE (İspaniya) və SPA (Səudiyyə Ərəbistanı) agentliklərinin nümayəndələri iştirak ediblər. NACO-nun üzvü olan AZƏRTAC-ı İdarə Heyətinin sədri Aslan Aslanov təmsil edib.

Müzakirələr zamanı bu ilin noyabrında Mərakeşdə təşkil olunması nəzərdə tutulan VII Dünya Xəbər Agentlikləri Konqresinin başqa vaxta keçirilməsi məsələsinə baxılıb. Şura üzvləri bildiriblər ki, hazırda COVID-19 pandemiyasının qismən səngiməsinə baxmayaraq, dünyanın hər yerindən iştirakçıların Mərakeşə gəlməsində çətinliklər yarana bilər. Bu səbəbdən tədbirin vaxtının 2023-cü ilə keçirilməsi qərara alınıb.

Yeddinci Konqresə Mərakeşin MAP agentliyi ev sahibliyi edəcək. Dünyanın hər yerindən 200-ə yaxın agentlik və media nümayəndələrinin, ekspertlərin toplaşacağı tədbirin əsas mövzusu "Postpandemiya dünyasında xəbər agentliklərinin gələcəyi" adlanır. Eyni zamanda iştirakçılar rəqəmsal media, xəbər agentliklərinin maliyyələşməsi, gənc auditoriyaya çıxış və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, AZƏRTAC səsvermə hüququ ilə 2013-cü ildən NACO-nun üzvüdür. On dörd üzvü olan Şura Dünya Xəbər Agentlikləri Konqresini təşkil edir, yeni üzvlərin qəbulu, agentliklər arasında əməkdaşlığın təşviqi kimi məsələlərlə bağlı qərarlar çıxarır. 2016-cı ilin noyabrında V Dünya Xəbər Agentlikləri Konqresi AZƏRTAC və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilib. İki yüzə yaxın qonağın iştirak etdiyi tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. AZƏRTAC 2016-2019-cu illərdə bu qurumun sədri olub. Dünya Xəbər Agentlikləri Konqresi media sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Onun sıralarında dünyanın 100-dən çox aparıcı informasiya agentliyi, habelə regional informasiya qurumları birləşir.

Konqresin bundan əvvəlki forumlarına Rusiya, Argentina, İspaniya, Səudiyyə Ərəbistanı, Azərbaycan və Bolqarıstan ev sahibliyi edib. Qurumun idarəedici orqanı olan NACO-ya AZƏRTAC ilə yanaşı, Associated Press, Press Association, Reuters, EFE, TASS, SPA və digər agentliklər daxildir.

AZƏRTAC