VIII Qlobal Bakı Forumunun sonuncu panel iclası
Siyasət

VIII Qlobal Bakı Forumunun sonuncu panel iclası "Qlobal arenada Avropa İttifaqının gələcəyi" mövzusuna həsr olunub

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumu öz işini başa çatdırıb. Hibrid formatda təşkil edilən beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın nüfuzlu qonaq iştirak edib.

AZƏRTAC xəbər verir ki, VIII Qlobal Bakı Forumunun sonuncu - on birinci panel iclası "Qlobal arenada Avropa İttifaqının gələcəyi" mövzusuna həsr olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın moderatorluğu ilə keçirilən tədbirdə Avropa İttifaqının (Aİ) dünya nizamında gələcək rolu və yeri, onun qlobal aktor kimi imkanları, İttifaqın qarşısında duran daxili və xarici çağırışlar müzakirə edilib.

Panelin moderatoru, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Avropa İttifaqının mövcud sistemdə üstün mövqelərini qorumasının vacibliyini bildirib. Qeyd olunub ki, yeni dünya nizamının formalaşması prosesi gedir. COVID-19 pandemiyasından doğan iqtisadi böhran və ziddiyyətlər yeni sistemin formalaşmasını labüd edir. Bütün bu nüansları nəzərə alaraq Avropa İttifaqının mövcud sistemdə üstün mövqelərini qorumaq və daha da gücləndirmək lazım gəlir.

Avropa İttifaqının tarix etibarilə yeni yaranan təsisatlardan olduğunu bildirən moderator mövcud problemlərdən bəhs edib. O, Avropa ölkələrinin İkinci Dünya müharibəsindən çıxandan sonra çətin dövr yaşadığını diqqətə çatdırıb. Həmçinin Aİ-nin yeni dünya nizamının formalaşmasında fəaliyyətini artıracağına ümid etdiyini bildirib.

Panel müzakirələrdə məruzəçilər qismində çıxış edən Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç Avropa ölkələrini birləşdirən dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulayıb.

Qlobal tendensiyaların dəyişdiyini diqqətə çatdıran məruzəçi Aİ-nin hazırkı reallıqda yardımçı rolunu oynamadığını deyib. O bildirib: "Bizim Aİ-dən gözləntilərimiz çoxdur. Amma birinci növbədə özümüzə güvənməliyik. Biz vahid və işgüzar Avropanı görmək istərdik".

Avropa İttifaqının çətin vəziyyətdə birləşə və vahid siyasət yürüdə bilmədiyini vurğulayan Xorvatiyanın sabiq Prezidenti ölkəsində demokratik nizamın bərqərar edildiyini deyib.

Boston Qlobal Forumunun həmtəsisçisi və baş direktoru Nguyen Anh Tuan güclərin birləşdirilməsinin vacibliyini qeyd edib. Vacib məsələlərdən birinin də maarifləndirmə olduğunu söyləyən baş direktor deyib: "Rəqəmsal idarəetmə üçün bir araya gəlməliyik. Düşünürəm ki, Aİ bu işi apara bilər. Elm, texnologiya və təhsil sahəsində əməkdaşlığı birləşdirməli və gücləndirməliyik".

Boston Qlobal Forumu və Aİ arasında əlaqələrdən danışan Nguyen Anh Tuan innovasiya və yeni texnologiyaların tətbiqinin inkişaf üçün vacib şərt olduğunu vurğulayıb. Qeyd edib ki, üstün zəka, beyin burada mühüm rol oynayır.

 Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku mövcud problemlərin nəticəsi olaraq bəzi dövlətlərin Aİ-ni tərk edə biləciyini deyib. O, mədəniyyət modelinin əhəmiyyətindən danışıb. Hər bir ittifaqda hərbi və iqtisadi amillərin böyük rol oynadığını diqqətə çatdıran Rumıniyanın sabiq Prezidenti pandemiyadan sonra Aİ-də parçalanmanın daha da çox nəzərə çarpdığını diqqətə çatdırıb. O, Yaxın Şərqdən və başqa ərazilərdən miqrasiyanın artmasının mövcud vəziyyəti daha da gərginləşdirdiyini bildirib və Aİ-nin gələcəyi ilə bağlı imkanlardan danışıb.

Müdafiə və təhlükəsizlik məsələlərinin vacib amil olduğunu vurğulayan Belçikanın sabiq Baş naziri İv Löterm qeyd edib ki, hərbi təhlükəsizlik məsələləri bizi ciddi düşündürür. O deyib: "Aİ tarixi məsuliyyət daşıyır. Qarşıda yerinə yetirilməyən vəzifələr var. Biz öz məsuliyyətimizi dərk etməli və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməliyik". O, inteqrasiyanın müsbət proses olduğunu deyib və bu prosesə uyğunlaşmağın vacibliyini qeyd edib.

Panel iclası müzakirələrlə davam edib.

 AZƏRTAC