Vulkan püskürməsi nəticəsində ətraf mühitdəki dəyişikliklərin nəzarətdə saxlanılması üçün elmi-tədqiqat işləri aparılacaq
Ekologiya

Vulkan püskürməsi nəticəsində ətraf mühitdəki dəyişikliklərin nəzarətdə saxlanılması üçün elmi-tədqiqat işləri aparılacaq

Dünyada 900 palçıq vulkanı mövcuddur. Onlardan 300-ə qədəri Azərbaycandadır. Dünənki vulkan püskürməsi də vulkan mənşəli Daşlı adasında qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, həmin ada çoxdan mövcuddur və vulkan püskürməsi nəticəsində yaranıb: “Xəzər dənizində 200-ə qədər sualtı palçıq vulkanı var. Onlardan 120-si Azərbaycan sektoruna aiddir. Bundan başqa, Abşeron arxipelaqında 8 vulkan mənşəli ada var”.

R.Səttarzadə bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilərin həmin əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb: “Hava şəraitinin stabilləşməsindən sonra Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu ETSN-in “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə həmin yerə yollanacaq. Həmin əraziyə yaxın yerlərdən su nümunələri, dib çöküntüləri götürüləcək, dünən baş vermiş vulkan püskürməsi nəticəsində ətraf mühitdəki dəyişikliklərin nəzarətdə saxlanılması üçün elmi-tədqiqat işləri aparılacaq”.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, iyulun 4-də saat 21:51-də Daşlı adasında palçıq vulkanının püskürməsi baş verib. Püskürmənin davamlılığı 8 dəqiqə, vulkanın dərinliyi 1,48 kilometr, yanma müddəti 20-25 saniyə, alovun hündürlüyü 50 metrdən çox olub.

“Həmin vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə o, 1945-ci ildə püskürüb”, - deyə Q.Yetirmişli bildirib.

O, Xəzər dənizində çoxlu palçıq vulkanlarının olduğunu da diqqətə çatdırıb: “Mütəmadi olaraq istər quruda, istərsə də dənizdə püskürmələr olur”.

SOCAR-ın geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov qeyd edib ki, təmsil etdiyi qurumun rəhbərliyi bu məsələyə operativ olaraq diqqət ayırıb və qısa zamanda hadisə baş verən əraziyə müvafiq mütəxəssislərdən ibarət qrup göndərilib: “Məlum olub ki, palçıq vulkanının püskürməsi Daşlı adasında baş verib. Həmin sahə Daşlı strukturundan 2-2,5 kilometr şimal-qərb istiqamətində yerləşir. Püskürmə baş verən sahədə SOCAR-ın heç bir infrastrukturu yoxdur, qazma işləri aparılmayıb və kəmərlər keçmir. Vulkan püskürməsi təbii bir prosesdir və SOCAR-ın infrastrukturuna aidiyyəti yoxdur”.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanovun sözlərinə görə, bu gün səhər saatlarında FHN-in helikopteri tərəfindən həmin yerə baxış keçirilib: “Baxış zamanı məlum olub ki, Salyan rayonunun sahildən 33 kilometr məsafədə Daşlı adada palçıq vulkanının püskürməsi baş verib. Hazırda vulkan sönmə mərhələsindədir. FHN-in helikopterindəki kimya laboratoriyasının mütəxəssisləri tərəfindən xüsusi cihazla müşahidələr aparılıb və məlum olub ki, həmin ərazidə radiasiya fonu yoxdur”.

N.Zamanov qeyd edib ki, hadisə ilə bağlı FHN və ETSN mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. Həmin qrup yaxın vaxtlarda hadisənin baş verdiyi ərazinin müşahidə olunması üçün oraya ezam olunacaq. Araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

AZƏRTAC