Vüqar Hüseynov
Sosial həyat

Vüqar Hüseynov

Vətən uğrunda şəhadətə yüksəlmək böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik hər kəsə nəsib olmur, hər kəsin qismətinə düşmür. Vətən uğrunda, Qarabağ savaşında namərd erməni gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmış, tanrı dərgahına qovuşmuş qəhrəman oğullarımızın əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların şücaəti, mərdliyi Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, həm də gələcək nəslin formalaşmasında böyük rol oynayacaq.

Adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlardan biri də Vüqar Tofiq oğlu Hüseynovdur.

Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdır.

Hələ kiçik yaşlarından mütaliəni sevmiş, çalışqanlığı, elmə olan sonsuz həvəsi müəllimlərinin, valideynlərinin diqqətindən yayınmamışdı. Tarix fənninə böyük maraq göstərən Vüqar Vətənin qəhrəman oğulları ilə fəxr edirdi.

Vüqar orta təhsilini başa vurduqdan sonra Bakıdakı 14 saylı texniki-peşə məktəbinə daxil olmuş, burada elektrik qaynaqçısı ixtisasına yiyələnmişdi.

1987-ci ildə hərbi xidmətə yollanan Vüqar Hüseynov xidmət dövründə hərbi texnikanın sirlərini mükəmməl öyrənmiş, dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılmışdır. O, əsgəri xidmətini başa vurduqdan sonra Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamış, illər keçdikcə sevib-seçdiyi peşəsinə ürəkdən bağlanmışdı.

1990-cı ilin əvvəllərində mənfur erməni daşnakları ərazilərimizə hücum edəndə Vüqar heç cür rahatlıq tapa bilmədi, silaha sarılıb torpaqlarımızın müdafiəsinə yollandı. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazılaraq Xocalıda, Goranboyda erməni quldurlarına qarşı rəşadətlə vuruşdu, döyüş əməliyyatlarında yaxından iştirak etdi.

Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında Vüqar Hüseynovun böyük əməyi olmuşdu.

20 iyun 1991-ci ildə ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər. Bu ağır döyüşdə Vüqar neçə-neçə erməni quldurunu məhv etdi, düşmənin xeyli sayda canlı qüvvəsinin ələ keçirilməsində yaxından iştirak etdi. Bu döyüşdə Vüqar və digər igid Azərbaycan oğullarının misilsiz hünəri sayəsində düşmən geri çəkilməyə məcbur oldu.

Buzluq kəndinə ermənilər yenidən hücum edəndə Vüqarın sinəsi düşmən gülləsinə tuş gəldi. Şəhidlik zirvəsinə ucalan Vüqar Hüseynovun son mənzili Daşkəsən kəndindəki qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Vüqar Tofiq oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Təhsil aldığı kənd orta məktəbi onun adını daşıyır.

Qədir ASLAN,

"Respublika".