Vyanada BMT ofisinin qarşısında Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin qurbanları yad edilib
Diaspora

Vyanada BMT ofisinin qarşısında Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin qurbanları yad edilib

Avstriyada yaşayan soydaşlarımız oktyabrın 19-da Vyana şəhərində BMT ofisinin yerləşdiyi mərkəzin önündə Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıq və Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Meydanında təşkil olunmuş aksiyada Edilli cinayəti, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətləri əks etdirən plakatlar və məlumatlandırıcı lövhələr nümayiş etdirilib.

Yerli sakinləri məlumatlandıran diaspor fəalları bildiriblər ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar olunmuş insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsusdur, Ermənistan indiyədək dörd minədək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır, eyni zamanda, otuzillik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışır. Qeyd edilib ki, Edilli, eləcə də bu günlərdə Ərəkül kəndlərində aşkarlanan məzarlıqlar Ermənistanın törətdiyi hərbi cinayətin əyani dəlil-sübutlarıdır və Ermənistanın törətdiyi cinayət əməllərinin olduqca az bir hissəsini əks etdirir.

Aksiya iştirakçıları beynəlxalq qurumları Azərbaycana qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanı qınamağa, eləcə də bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıblar. Tədbirdə, həmçinin sentyabrın 12-də Ermənistan ordusunun sərhəd ərazilərdə törətdiyi təxribatlara etiraz olaraq beynəlxalq ictimaiyyətə müraciət də təqdim olunub.

Aksiyada Avstriyada yaşayan musiqiçi Ruhulla Əzizin kamançada ifa etdiyi həzin musiqi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin bütün qurbanları yad edilib.

AZƏRTAC