Xaçınçay su anbarı
Region

Xaçınçay su anbarı

“Sellər, sular şaqqıldayıb axanda”

Mənbəyini Qarabağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarındakı bulaqlardan alan Xaçınçayın suyu yayda belə buz kimi olur, bir dolça suyu insana sərinlik və rahatlıq gətirir. Ağlım kəsəndən Xaçınçay ən həzin musiqi kimi könlümüzü oxşayıb, çayın zümzüməsi mənim doğulduğum evin içindən keçib. Xaçın həm də dəlisov çay idi, yaz fəslində çayda daşqın olanda selin şaqqıltısından adam vahimələnirdi, güclü sel qarşısına keçən hər şeyi yuyub aparırdı.

Çayın uzunluğu 119 km, hövzəsinin sahəsi isə 657 kv kilometrdir. Xaçınçay Kürün sağ qoludur, Ağdərə, Ağdam və Bərdə rayonları ərazisindən keçir. Ötən əsrin 60-cı illərində Xaçındərbənd kəndinin yaxınlığında Xaçınçayın qarşısına böyük bir bənd salınıb. Tikinti işlərinə başlayanda həmin ərazidə  balaca bir qəsəbə də tikilib. İnşaatçılar həmin evlərdə yaşayıblar. Həmin su anbarı rayonda kənd təsərrüfatı məhsullarının suvarılmasında xüsusi yer tutub. Gölün suyu səhra kimi çölləri yaşıllığa bürüyüb. Xaçınçay həm də balığı ilə məşhur idi və burada təbii farel balıqları mövcud idi.

1993-cü il iyun ayının 12-də ətraf kəndlərlə birlikdə Xaçınçay su anbarı da Ermənistan tərəfindən işğala məruz qalıb. Ağdam rayonundakı Xaçınçay su anbarının 23 milyon kubmetr sututumu var. Ermənilər işğal dövründə, 28 il ərzində anbarı dağıdıblar. Erməni vəhşiliyi bu cənnət yerləri xarabalığa çevirib. Ötən ilin payızında Ağdam rayonu bir güllə atılmadan işğaldan azad edilib. Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və şəxsi fədakarlığı sayəsində işğal altındakı bütün yaşayış məntəqələri, o cümlədən Xaçınçay və su anbarı düşmən tapdağından azad edilib.

Ekoloji tarazlığı yaratmaq üçün qısa müddətdə Respublika Meliorasiya və Su Təsərrüfatı  ASC tərəfindən burada müəyyən işlər həyata keçirilib və  suyun toplanması mümkün olub. Mütəxəssislərin fikrincə, hazırda anbarda 20 milyon kubmetr su var. Anbarda aparılan təmir-bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq. Bundan sonra Ağdam rayonunda suvarma suyuna olan tələbat artıqlaması ilə yerinə yetiriləcək. Yeri gəlmişkən qeyd edək ki, həm də bu anbar vasitəsilə Ağdam şəhəri və şəhərətrafı yaşayış məntəqələrinin su ehtiyacı ödənilirdi.Yəqin ki, sular öz məcrasına qayıdacaq.

Salman ALIOĞLU,

“Respublika”.