Xaçmaz: 12 kəndin yolu abadlaşdırılır
Region

Xaçmaz: 12 kəndin yolu abadlaşdırılır

Artıq xeyli vaxtdır ki, Xaçmaz rayonunda 12 yaşayış məntəqəsini əhatə edən yeni yol layihəsinin icrasına başlanılmışdır. Tikinti gedən ərazidə yol inşaatçılarının yanındayıq. Burada qızğın iş gedir. Asfalt dolu maşınlar tez-tez yükünü boşaldır, digər texnikalar vasitəsilə yolun hamarlanma işləri görülür. Öyrəndik ki, bu yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus 5 nömrəli Yol İstismar İdarəsi MMC tərəfindən həyata keçirilir.

Tikintinin sahə rəisi Ayaz Cəfərov burada görülən işlər barədə məlumat verərək bildirir ki, bu layihə rayonun Hülövlü, Aşağı Zeyid və Yergüc inzibati ərazi dairələrinə daxil olan kəndləri əhatə edir. 30 kilometrlik bu yolun eni 6 metrdir. Yolların Ağçay, Qaraçay və Cağacuq çayları üzərindən keçən hissələrində 3 körpü inşa olunması nəzərdə tutulub. Qısa müddət ərzində 5 kilometrdən çox yola asfalt örtük döşənib. Rəhimoba kəndinə gedən yolda işlər artıq tamamlanıb. Hazırda yol tikintisini Hülövlü kəndi ərazisində davam etdiririk. Onu da qeyd edim ki, yeni asfalt yollardan həmin inzibati ərazi dairələrində yaşayan 7500 nəfərdən çox kənd sakini yararlanacaqdır.

Bəli, respublikamızın hər yerində olduğu kimi, bu rayonda da yol tikintisi getdikcə genişlənir. Kənd, şəhər və qəsəbələrə aparan yollar abadlaşdırılır. Asfalt örtüklü yollar rayon sakinlərinin rahatlığını təmin etməklə bərabər, kəndlərin iqtisadiyyatına da böyük təkan verir. Kənd əməkçiləri tərəfindən istehsal  olunan kənd təsərrüfatı məhsulları bazarlara vaxtında və rahat çatdırılır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.