Xalq öz liderini sevir və etibar edir
Digər xəbərlər

Xalq öz liderini sevir və etibar edir

Türk dünyasının tarixində inkişafında son dərəcə böyük rolu xidmətləri olan Rəcəb Tayyib Ərdoğanın seçicilərin səs çoxluğu ilə yenidən prezident seçilməsi xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Çünki demokratik şəraitdə keçirilən seçkidə türk xalqı gələcək inkişafına səs verdi, dünya birliyində Türkiyənin rolunu genişləndirməklə iki qardaş ölkənin birlikdə daha böyük inkişafına hərtərəfli zəmin yaratdı.

Hər birimizə yaxşı məlumdur ki, Ərdoğanın hakimiyyəti dövründə İslam-Türk dünyasının həmrəyliyinin formalaşmasında Türkiyənin çox böyük rolu olub. Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı kimi fəaliyyətini durmadan genişləndirir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, Ərdoğanın qələbəsi Türkiyənin, Azərbaycanın bütün Türk dünyasının uğurudur. Çünki bu, demokratiyanın qələbəsidir. Türk xalqı tarixinin ən məsuliyyətli, şərəfli imtahanını verdi. Dünyaya demokratiya dərsi keçdi. Türkiyə xalqı düzgün seçim edərək ölkənin parçalanmasının qarşısını aldı. Bu möhtəşəm zəfər münasibəti ilə bütün Türkiyə xalqını təbrik edirəm. Bütün Türk dünyasının gözü aydın olsun. İnanıram tam əminliklə deyə bilərəm ki, Rəcəb Tayyib Ərdoğanla Türkiyə yeni qələbələrə doğru əmin addımlarla irəliləyəcək.

Deputat vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan dövlətinin inkişafı uğurlu gələcəyi üçün çalışan liderdir. 20 il ərzində Türkiyədə bütün sahələrin inkişafında böyük işlər görülüb. Türkiyə xalqı öz liderini sevir ona etibar edir. Biz bunu seçkilərin nəticəsində bir daha gördük. Əminliklə deyə bilərik ki, Rəcəb Tayyib Ərdoğanla Türkiyəni daha böyük qələbələr uğurlar gözləyir.

M.NƏRİMANOĞLU,

"Respublika".