XALQ SƏNƏTİNİN İNCİLƏRİNDƏN-ÇƏLLƏKÇİLİK
Region

XALQ SƏNƏTİNİN İNCİLƏRİNDƏN-ÇƏLLƏKÇİLİK

Azərbaycan incəsənəti, sənətkarlıq inciləri xalqımızın tarixi qədər qədim və zəngindir. Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal məmulatı, bədii şüşə və taxta oyma sənəti, orta əsrlərdə dünya şöhrəti qazanmış  miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, ipəkçilik, xalçaçılıq, şirli saxsı qablar, miskərlik, dəmirçilik, duluzçuluq, kaşı sənəti, zərif oyma şəbəkələr, sazbəndlik və gözəl zərgərlik məmulatları  və s.— bütün bunlar bədii irsimizin çox zəngin olduğunu sübut edir.

Bəli, xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətlərimizin böyük və zəngin bir tarixi vardır. Belə  el sənətlərindən biri də çəlləkçilikdir. Hələ Adəmin yarandığı tarixdən, insanın ən çox istifadə etdiyi taxta qayıqlardan, tutumlu çəlləklərdən, taxta qablardan, taxta qaşıqlardan  olmuşdur. Müxtəlif ərzaqlar saxlamaq, onların keyfiyyətinin, dadının sabit saxlanması üçün xüsusi növ ağaclardan  hazırlanmış çəlləklərdən istifadə etmişlər. Ümumiyyətlə, palıd və qoz taxtalarından düzəldilmiş  həmin çəlləklər içində əsasən üzüm şərabı, cürbəcür turşular, çaxır, konyak, viski və s. spirtli içkilərin saxlanılması üçün ideal hesab edilmiş və dəbdə olmuşdur. Eyni zamanda, bu çəlləklərdə ərzaq məhsullarının saxlanılması da qida təhlükəsizliyi baxımından olduqca əlverişli hesab edilmişdir.

Ümumiyyətlə, Göygölün tarixi ənənələri, rayonda xalq sənətkarlarının çoxluğu və bu kimi digər amillər həmişə nəzərə alınmışdır. Rayonda müxtəlif sahələri əhatə edən sənət adamları bu gün də yaşayıb yaratmaqdadırlar.  Belə qədim inciləri saxlayan sənətkarlardan biri də özünün istedadı müniatür əl işləri ilə Azərbaycana töhfə verən çəllək ustası, 1974-cü ildə Göygöl şəhərində (keçmiş Xanlar şəhəri) anadan olan Çingiz Vilayət oğlu Şükürov həyətindəki emalatxanasında çəlləklik sənətini davam etdirərək yaşadır. Çingiz ustanın emalatxanasında nadir alətlərə, dədə-babadan qalan dəzgahlara və əlbəttə ki, müxtəlif ölçülü və təyinatlı çəlləklərə rast gəlmək mümkündür. Tutumları 1 litrdən 10 tona qədər olan bu çəlləklər qədim ənənələr gözlənilməklə hazırlanır. Taxtaların kəsilməsinin, incəliklə  hamarlanmasının, usta zərgərliyi ilə düzülməsinin, zövqə uyğun dəmir kəmərlə həlqələnməsi əlbəttə ki, usta mahirliyi tələb edir. Ənənələrin davamçısı olan bir usta kimi, Çingiz usta üçün bu artıq asan bir şey olduğu hiss edilir. Onun hazırladığı çəlləklər, dibçəklər, limon qabı və s. əl işlərinə insanlar valeh olur, hər bir bölgəni bəzəyir. Bu nümunəvi sənətkarla iş başında həmsöhbət olduq. Usta sənətkar qeyd etdi ki, ümumiyyətlə, bu əl işlərini düzəltmək bacarıq, fantaziya, zövq, səbir, şərait tələb etdiyindən bu işlə məşğul olanların sayı elə də çox deyil. Çünki bu işdə sənət sevgisi əsas şərtlərdəndir. Belə ki, çəlləklərin realizəsində olan problemlər də sənətin bu növü ilə məşğul olanlara ciddi təsir göstərir. Zamanın tələbi ilə ayaqlaşmadığından bəzi sənətkarlar bu sənəti ataraq, yüngül ticarətlə məşğul olurlar. Mən bu sənəti atam Vilayətdən, atam isə öz qardaşı Hidayətdən, yəni əmimdən öyrənib. Onların hazırladığı çəlləklər bu gün də Azərbaycanın guşələrində, zavodlarda öz keyfiyyətini saxlamaqla tanınır və istifadə olunur. Hələ uşaqlıqdan dərsdən sonra atamın yanında olur, onun incə, zövqlü oymalarına, əl işlərinə qıraqdan baxır, qürur duyaraq özümü onun yerində görmək ürəyimdən keçirdi. Atam da gördü ki, mənim bu sənətə böyük həvəsim var. O, bu sənətin incəliklərini və sirlərini mənə aşıladı. Artıq məktəbi qurtarıb, həyat astanasında bu sənəti mənimsəmişdim. Orta məktəbdə  nümunəvi şagird olmağıma baxmayaraq, mən bu sənəti seçdim və bu gün xoşbəxtəm...

Hər bir əşyanı, çəlləyi düzəltdikdə sanki bir canlı yaratdığımı hiss edirəm. Azərbaycanda hələ qədimdən bu çəlləklərdən çox istifadə ediblər. Belə ki, bəziləri şərab, kimi bal, kimisi də bəkməz saxlayıblar. Göygöl rayonunda  çəlləklər yalnız palıd ağacından hazırlanır. Belə ki, keyfiyyətli olan palıddan fərqli olaraq, digər ağaclardan hazırlanan çəlləklərin içərisində bir müddət məhsul saxlandıqdan sonra həmin ağacın xoş olmayan  dadı və ətrinin məhsulda hiss edilməsidir. Palıd isə əksinə, ona təravətli rəng və aramat verir. Palıddan düzəldilmiş çənlərdə uzun müddət saxlanılan ağ, şəffaf konyak spirtinin rənginin getdikcə tündləşərək çayabənzər rəng alması palıd oduncağında 10-12%-ə qədər rəngləyici və aşı maddələrinin olması nəticəsində baş verir ki, bu da məqsədəuyğundur. Ümumiyyətlə, palıd möhkəm sağlamlıq, güc və uzunömürlülük simvolu hesab edilir. Palıdın buraxdığı uçucu ətirli maddələrin köməyi ilə insan orqanizmi üçün zərərli təsirə malik bakteriyalar məhv edilir. Məhz bu baxımdan palıd ağacı ən yaxşı tikinti və miniatür materialı hesab olunur. Ondan bir çox tikinti materialları hazırlamaqla yanaşı, gözoxşayan antik mebel növləri hazırlanır. Palıd yağışa, qara, rütubətə olduqca davamlı xammaldır. Hazırda  dünyada gedən innovativ inkişaf və tərəqqi dövründə  elə dəzgahlar, elə alətlər var ki, onlardan istifadə etməklə  işimizə stimul verə bilər. Lakin çəlləyin hazırlanmasında belə alətlərdən az istifadə edilir.

Yəni çəllək hazırlanması incəlik tələb etdiyindən bu iş əl əməyi hesabına və zərgər dəqiqliyi ilə görülməlidir. Ölçüsündən asılı olaraq bir çəlləyin hazırlanması üçün müəyyən vaxt sərf edilir. Ölçülərinə görə müxtəlif olan çəlləklərin satış qiyməti də elə ölçüsünə görədir. Çəlləyin hazırlanmasına gəldikdə isə bu bir çox mürəkkəb prosedurlardan keçir. Belə ki, hər bir  proses həm əziyyətli, həm də dəqiqlik sevir, səhv etmək olmaz. Məhz onun üçün indiki gənclər əziyyəti çox, gəliri az olan bu sahəyə meyilli deyillər. Bu sənət məcburiyyət sevmir, gərək düzəltdiyin hər bir əşya ilə “danışasan”, onun “nazı ilə” oynayasan. Bəli, hər bir sənət əsəri sənətçinin övladıdır. Filosof da, yazıçı da, şair də, heykəltəraş da  hər bir əsər üzərində günlərlə işləyir, əziyyət çəkir və sonda gözəl bir sənət əsəri yaratmağa nail olur. Bu da ona çox əziz olur, övladın kimi. Odur ki, yaratdığımız hər bir əşyaya soyuq daş deyil, canlı bir insan kimi yanaşmalı, ona isti nəfəs verməyi bacarmalıyıq. Əsl sənət və əsl sənətkardan bu tələb olunur. Məhz onun bariz nümunəsidir ki, çəlləklərimiz vətənimizdən kənarlarda da, İsveçrədə, Gürcüstanda və başqa xarici ölkələrdə böyük rəğbətlə qarşılanıb və sifarişlərimiz olur.

Çingiz usta da əllərinin sehri ilə yaratdığı hər bir “əsəri”nə ürəyinin istisini verməyi bacaran sənətkarlarımızdandır. Biz də sənət dünyasını qarış-qarış gəzməyi, onu fəth etməyi qarşısına məqsəd qoyan insanlara sənət uğurları arzulayırıq.

Zabit XƏLİLOV,

“Respublika”.