Xalqa həsr olunmuş şərəfli ömür
Siyasət

Xalqa həsr olunmuş şərəfli ömür

Bütün şərəfli və mənalı ömrünü doğma Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə həsr edən xalqımızın böyük oğlu, müstəqil dövlətimizin qurucusu, azərbaycançılıq ideyasının banisi, dünyaşöhrətli siyasətçi Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, ürəklərdə əbədi ucalığa yüksəlmişdir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ulu öndərin parlaq dühası bu gün də Azərbaycana nur saçır. Onun zəngin həyat yolu böyük bir məktəb, çoxşaxəli tükənməz bir xəzinədir. Ümumilli liderin adı tariximizə böyük xilaskar, müasir Azərbaycanın qurucusu və memarı kimi həkk olunmuşdur.

Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin hər birinin uğurlu gələcəyimizə hesablandığını görürük. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi şəxsiyyət Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Heydər Əliyevin SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olaraq yüksək mövqe və vəzifə tutması da çox qürurverici, böyük bir hadisə idi. Ümummilli liderin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün böyük önəm kəsb etdi. O, artan nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra iri layihələrin Bakıya yönəlməsinə nail oldu.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

1990-cı ilin yanvarında keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi qanlı faciə ilə nəticələndi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq bu ağır günlərdə köməksiz olmadığını hiss etdi. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev 2 gün sonra Naxçıvana yola düşdü. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Ulu öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi. 1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı. Muxtar Respublikanın adından "Sovet sosialist" sözləri götürüldü, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü müəyyən edildi. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi. Mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı. İlk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı. Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik demək olar ki, yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırdı. Xalq inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi. Onun nicatı uğrunda siyasi mücadiləyə başladı. Və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

Dahi şəxsiyyətin rəhbərliyi ilə respublikamızda həyatın bütün sahələrində köklü islahatlar reallaşdırıldı. Ölkəmiz dinamik inkişaf yoluna qədəm qoydu. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi nəticəsində aradan qaldırıldı. Ulu öndərin yorulmaz fəaliyyəti ilə ölkənin sosial-iqtisadi inkişafı sürətləndi. Uğurlu iqtisadi islahatlar həyata keçirilməyə başlandı. Dövlət quruculuğu sahəsində mükəmməl hüquqi baza yaradıldı. Bütün bu inkişafla yanaşı, ümummilli lider respublikada ilk növbətə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını möhkəmləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyini çağırış edir, doğma dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda millli özünüdərk məsələlərini önə çəkməyi, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı.

Bu gün ulu öndər Heydər Əliyevin xalqımızın tarixində oynadığı misilsiz rol hər zaman ehtiramla xatırlanır və gələcək nəsillərə ötürülür. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında daha aydın ifadə olunmuşdur: "Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Azərbaycan xalqı ulu öndərin xatirəsinə olan məhəbbətini öz ürəyində daim saxlayır. Biz - onun davamçıları isə onun yolu ilə gedərək ölkəmizi daha da gücləndiririk, onun müəyyən etdiyi siyasi xətti davam etdiririk". Bəli, ulu öndər Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi, inkişafı, tərəqqisi, bütövlüyü, dünyadakı nüfuzunun artırılması, haqlı mövqeyimizin təbliğatı uğrunda fədakarcasına çalışıb. Bu gün ölkəmizdə aparılan uğurlu islahatların əsası məhz ümummilli liderin siyasi kursunun məntiqi nəticəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi onu bütün dünya azərbaycanlılarının liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.

Müasir həyatımızda Azərbaycana marağın artması ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Belə də oldu. Prezident İlham Əliyevin çıxışlarının birində "Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir", - deməsi böyük əsaslara söykənir.

 2003-cü ildən bu günə qədər keçən dövrdə Azərbaycan sürətli inkişaf dövrünü yaşayıb. Bu illərdə ölkə başçısının xalqına verdiyi bütün vədlər həyatda öz əksini tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək ölkəmizin maraqlarını müdafiə edir. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb, dövlətimiz çətin və məsuliyyətli yollar keçib. İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Azərbaycan yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırır.

Azərbaycanın rəşadətli Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə tarixi Zəfər qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi Qələbəmizi şərtləndirən amillərdir. Qısa bir zamanda işğaldan azad olunan ərazilərdə reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın təntənəsini yaşadı.

Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Zəngilan rayonunun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər verirdi. Bu gün artıq biz Laçın şəhərindəyik, Zabux və Sus kəndlərindəyik. Dövlətimiz dünyaya sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur əzəli Azərbaycan torpağıdır. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Yeni reallıqlar yaratmış Azərbaycanda Qarabağı, Şərqi Zəngəzuru cənnətməkana çevirmək məqsədilə genişmiqyaslı bərpa-quruculuq işləri davamlı olaraq həyata keçirilir.

Ulu öndər deyirdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm". Heydər Əliyev bu tarixi vəzifəni şərəflə yerinə yetirdi. Yeni, müasir Azərbaycan qurdu. Görmək istədiyi bugünkü azad, müstəqil, güclü Azərbaycanı.

Sevinc SƏLİMOVA,

Quba şəhərindəki Heydər Əliyev

Mərkəzinin direktor əvəzi.