XALQA QÜRUR YAŞADAN İGİDLƏR
Region

XALQA QÜRUR YAŞADAN İGİDLƏR

Lənkəran rayonunda Havzava kəndi öz mərd, vətənpərvər, yurda bağlı övladları ilə yaxşı tanınır. Kəndin Birinci və İkinci Qarabağ müharibəsində Vətənini canından əziz tutub tarix yazan qəhrəmanları da oldu. Belə ki, Mahir Novruz oğlu Şabanov Birinci, Əbdülhəsən Mirzə oğlu Həsənzadə isə İkinci Qarabağ müharibəsində bütöv Azərbaycan naminə misilsiz igidlik örnəyi göstərdilər. Məhz buna görə də onların şəhidliyi el-obaya başucalığı gətirdi. Havzavalılar Vətənin qeyrətli oğullarını qəlbində yaşatmaqla onları özlərinə iftixar mənbəyi, qürur yeri bilirlər. Kəndin ən səfalı yerində ucalan xatirə kompleksi onların xatirəsinə ehtiramdır. Açılış mərasimi Vətən müharibəsi şəhidi Əbdülhəsən Həsənzadənin doğum günündə oldu.

Yüzlərlə ziyarətçinin qatıldığı mərasimdə kompleksin açılış lentini Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və şəhid anası Bağdagül Həsənova kəsdilər. Dövlət himninin sədaları altında başlayan mərasimdə Vətən torpağının azadlığı uğrunda canını fəda edən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. T.Qaraşov bildirdi ki, Vətən uğrunda canından keçən hər bir qəhrəmanın valideyni də qəhrəmandır. Vətəni sevməyi və torpağın anamız qədər müqəddəs olduğunu övlada məhz valideynlər lap körpə çağlardan öyrədirlər. Övlad acısından qəlbinin sızıldamasına baxmayaraq, şəhid valideynləri dəyanətli və vüqarlı duruşları ilə cəmiyyətə nümunədir. Dövlətimiz şəhid övladların xatirəsinin daim yad olunması üçün dəyərli işlər görür. İctimaiyyəti və yerli insanları da müxtəlif təşəbbüslərlə şəhid ailələrinə dayaq dururlar. Biz qalib xalq kimi bu məsələdə də bir çox dövlətlərə və xalqlara nümunəyik.

Şəhid anası Bağdagül Həsənova dövlət tərəfindən qayğı və diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını bildirib dedi: - Oğlum elə uşaqlıqdan Vətəni üçün böyüdü. Onun yolunda şəhid olmaqla təkcə öz ailəsinə deyil, bütöv bir xalqın qəhrəmanlıq simvoluna döndü. El-obanın, dövlətin dik durmaqda mənə köməyi böyükdür. Mən heç zaman yalqızlıq hiss etmirəm. Bir də oğlumun layiq görüldüyü "Vətən uğrunda", "İgidliyə görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına baxanda təsəlli tapıram.

 Zəfər ORUCOĞLU.