Xalqa sevgisi, əməyi və fəaliyyəti ilə ucalan insan
Sosial həyat

Xalqa sevgisi, əməyi və fəaliyyəti ilə ucalan insan

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipi, seçmək və seçilmək hüququ ilə yanaşı, Şərqdə ilk dəfə qadınların səsvermə hüququ öz qanuni təsdiqini tapmış oldu. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.

Müasir Azərbaycan qadını  bütün dövlət strukturlarında fəal  şəkildə təmsil olunur.  Azərbaycan qadınları dövlət idarəçiliyində yaxından iştirak edir və cəmiyyətin, dövlətin inkişafına öz qiymətli töhfələrini verir. Milli-mənəvi dəyərləri hər şeydən üstün tutan Azərbaycan qadınları həmişə nəcib təşəbbüslərin, xeyirxah əməllərin tərəfdarı və icraçısı kimi tanınırlar.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınının tarixən malik olduğu ali keyfiyyətləri müşahidə etmək mümkündür. Bu gün Mehriban xanım Əliyeva xalqa sevgisi, gərgin əməyi və fəaliyyəti ilə həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində sevilən, danılmaz xidmətlərinə görə tanınan, qiymətləndirilən ictimai xadimdir. Onun obrazında dünya Azərbaycanda dövlətin hərtərəfli inkişafında qadınların danılmaz rolunun, bu ölkədə qadın hüquqlarına hörmətin, qadına verilən dəyərin, bu xalqın qadınlarının mərdlik və şücaətinin şahidi oldu.

Mehriban Əliyeva bu gün həm UNESCO-nun, həm də ICESCO-nun xoşməramlı səfiri statusunu daşıyan dünyanın məşhur lider qadınları sırasında olan şəxsiyyətdir. Məlumdur ki, UNESCO Qərb dünyasına aiddir. ICESCO isə daha çox Şərq dünyagörüşünü əks etdirir, müsəlman aləminə bağlıdır. Mehriban xanım Əliyeva hər iki qurumda eyni statusda, eyni səviyyədə təmsilçiliyi ilə göstərir ki, dəyərlər eynidir, ümumbəşəridir.Siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu işin öhdəsindən böyük məharətlə gəlir. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.

Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Bu, eyni zamanda, həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın Birinci xanımının əxlaqi ideallara sadiqliyindən, son dərəcə təbii olmasından, onun daxili dünyasının mənəviyyat bulağına bənzəməsindən qaynaqlanır.

Ötən illərdə Mehriban xanım Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, elm, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və digər prioritet sahələrdə silsilə, orijinal və nadir layihələr reallaşdırıb. "Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2008-ci ildən bəri dünyanın 70-dən çox ölkəsində müxtəlif tədbirlər keçirilib, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Xocalı soyqırımının tanınmasında bu ardıcıl və kompleks işlər həlledici rol oynayıb.

Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayıb, "Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində xeyli mühüm işlər görülüb.

Azərbaycanın zəngin mədəni irsinin qorunmasında və təbliğində Mehriban xanımın mühüm xidmətləri var. Məhz onun gərgin səyləri nəticəsində Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi UNESCO-nun mədəni irs siyahısına salınıb. Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılıq, kəlağayı sənətləri, Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Xalqımızın son illərdə muğama daha dərindən bağlanmasında Mehriban xanımın rolu əvəzsizdir. "Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşri ən mühüm layihələrdən biri kimi böyük əks-səda doğurdu. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, eləcə də dünya şöhrətli musiqiçilərin mötəbər səviyyədə yubileylərinin keçirilməsi gözəl ənənəyə çevrilib. "Qız qalası” kimi bir-birindən üstün beynəlxalq incəsənət festivalları təşkil edilib. "Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisi isə ölkəmizin beynəlxalq aləmdə hərtərəfli tanıdılmasında böyük rol oynayır.

Heydər Əliyev Fondunun xətti ilə Versal sarayı, Luvr muzeyi, Berlin qəsri, Kapitoli muzeyində mühüm yenidənqurma işləri görülüb. Vatikan arxivlərində Azərbaycan orta əsrlər əlyazmalarının bərpası və onların rəqəmsallaşdırılması tədbirləri davam etdirilir. Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə də töhfələrini əsirgəməyən Fond Pakistan, Niderland, Gürcüstan, Misir, Rumıniya, Rusiya və digər ölkələrdə məktəblərin tikintisi və bərpasında yaxından iştirak edib. Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirlər, respublikamızda ilk Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycanın əsrlər boyunca formalaşan tolerantlıq ənənələrinin qorunub saxlanması və yeni inkişaf mərhələsinə yüksəldilməsi baxımından vacib rol oynayıb. Heç şübhəsiz, görülən bütün bu işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin dörd bir tərəfində neçə-neçə yeni təhsil ocağı tikilib, ən müasir avadanlıqlarla təchiz olunub. Gənc istedadların dəstəklənməsi daim diqqət mərkəzində saxlanılıb. Fiziki qüsurlu insanların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanmaları üçün regional inkişaf mərkəzləri və digər müvafiq qurumlar yaradılıb. Uşaq evləri və internat məktəbləri, məktəbəqədər təhsil müəssisələri tikilib və təmir olunub. Tibb müəssisələrinin inşası və yenidən qurulması da geniş vüsət alıb, diabetli uşaqlar ən yüksək qayğı ilə əhatə olunub və talassemiyasız həyat naminə ardıcıl tədbirlər görülüb. Ətraf mühitin qorunması ilə bağlı silsilə layihələr reallaşdırılıb. Təkcə, "Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində paytaxtda və respublikamızın müxtəlif bölgələrində xeyli yeni yaşıllıqlar salınıb. Ölkəmizin paytaxtının müasirləşdirilməsi və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində də Birinci Xanımın müstəsna xidmətləri var. Fondun reallaşdırdığı sosial layihələrin isə sayı-hesabı yoxdur. Bu sırada məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış komplekslərini xüsusi qeyd etmək olar.

Mehriban xanımın təşəbbüsü ilə reallaşan istər yerli, istərsə də beynəlxalq səviyyəli layihələr həqiqətən də yeni üslub, etalon xarakteri daşıyır. Bu baxımdan Bakıda keçirilən "Eurovision-2012” mahnı müsabiqəsinin əks-sədası neçə illərdir ki, eşidilir. Avropa Oyunları tarixinin ilk səhifəsinin Azərbaycan tərəfindən uğurla yazılması da ölkəmizin Birinci xanımının məharətini bir daha əyani şəkildə nümayiş etdirdi. Bu mötəbər yarış müstəqillik illərində respublikamızın əldə etdiyi nailiyyətlərin məntiqi nəticəsi idi. Birinci Avropa Oyunları xalqımız üçün qürurverici tarix kimi unudulmaz, əlamətdar bir hadisəyə çevrildi.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri olan Mehriban Əliyevanın fəaliyyəti sayəsində müstəqillik tariximizin ən böyük uğurlarından birinə imza atıldı. Bu beynəlxalq idman tədbirinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elan etdiyi "İslam Həmrəyliyi İli”ndə baş tutması özlüyündə mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günlərinə çevrildi. Oyunlar ölkəmizin müasir tarixində şanlı hadisə kimi qaldı və müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də İslam dininə etiqad edən xalqlar arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaratdı. Bütün bunlar Mehriban xanımın həm də yüksək təşkilatçılıq bacarığını sübut etdi.

Mehriban xanımın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər xarici ölkələrdə də daim yüksək qiymətləndirilir. Dünya Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır.

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ictimai-siyasi proseslərdə fəal iştirak edib. Onun fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü işləri təsnifatlandırmaq qeyri-mümkündür. Amma hansı sahəyə üz tutmağından asılı olmayaraq, bütün işləri ilə dövlət siyasətini tamamlayır, ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin titanik fəaliyyətinə dəstək verir. Mehriban Əliyeva gerçəkləşdirdiyi layihələrə elmi-nəzəri fundamental yanaşması ilə seçilir. Odur ki, Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini nəzərə alaraq Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi böyük siyasi və ictimai əhəmiyyəti olan hadisə idi. Bu, ilk növbədə, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərdi, digər tərəfdən, yüksək bilik və bacarıqlara malik Mehriban Əliyevanın fəaliyyətinin ölkənin balanslı inkişafına yönəldilməsində bu təyinatın böyük əhəmiyyəti var.

Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva elə fəaliyyətinin ilk tədbirlərini humanist missiyaya köklədi. O, diqqətini cəmiyyətin ən çox yardıma və dəstəyə ehtiyacı olan hissəsinə - qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi. Azərbaycanın Birinci vitse-prezidenti bu kateqoriyadan olan insanlar üçün yeni qəsəbələrin tikilməsini, yaşayış massivlərinin salınmasını diqqət mərkəzində saxlayaraq bu məsələyə daha çox ictimai dəstəyi təmin etdi.

Dünyanı gərgin vəziyyətdə saxlayan COVID-19 pandemiyasına qarşı Azərbaycanda ölkə Prezidenti tərəfindən aparılan və virusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində uğurlu fəaliyyətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri çox olmuşdur.

İftixar və qürur mənbəyimizə çevrilən “Dəmir yumruq” əks-həmlə əməliyyatı ilə Qarabağı 44 günə azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində parlaq qələbədən cəmi 9 ay keçmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Vətən torpaqlarının müxtəlif rayonlarına dəfələrlə səfər ediblər. Burada müasir inkişaf konsepsiyası ilə işğaldan azad edilmiş əzəli torpaqlarımız ölkə rəhbərliyinin tapşırığı ilə yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən  işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün  dəstək aksiyaları həyata keçirilir.

Ötən illər göstərir ki, Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Təbii ki, Azərbaycanın Birinci Xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsi onun üçün tükənməz güc mənbəyidir.

Dövlətini və xalqını bütün dünyada tanıtdırmağı bacaran, dövlət başçımıza sədaqətli və etibarlı  yoldaş olan uğurlu, müqəddəs yolda fəaliyyəti ilə önəmli bir tarix yazan Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, müstəqil Azərbaycanın inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Şaiq MİRZƏYEV,

Hüquq elmləri üzrə fəlsəfə doktoru.