Xalqımız ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb
Sosial həyat

Xalqımız ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Müasir müstəqil Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Xalqımız öz böyük oğlunun xatirəsini daim uca tutur. Müxtəlif yaşda olan insanlar Fəxri xiyabana gələrək Ulu Öndərin ruhunu ehtiramla anırlar.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Fəxri xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırlayıb. Xalqımızın Ulu Öndəri liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirib, gördüyü misilsiz işlər ona əbədiyaşarlıq qazandırıb.

Böyük azərbaycanlı olan Heydər Əliyev qürurla deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayıb. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın ziyarətgahına çevrilib.

Qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün bu gün də Fəxri xiyabana gəliblər. Onların arasında bütün nəsillərin nümayəndələrini görmək olardı. Onları buraya Heydər Əliyevə olan məhəbbət gətirirdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başladı. Milli-mənəvi dəyərlər dirçəldi, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar oldu. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri də Fəxri xiyabanı ziyarət edərək, dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər.

AZƏRTAC