Xalqımıza qarşı törədilən qanlı cinayətləri unutmamalıyıq
Tarix

Xalqımıza qarşı törədilən qanlı cinayətləri unutmamalıyıq

Tarixə qısaca nəzər salaq: Azərbaycanlılar 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Ermənistan tərəfindən öz doğma yurd yerlərindən məqsədyönlü şəkildə didərgin salınmış və deportasiya edilmişlər. Tarixin müxtəlif dövrlərində türkə qarşı düşmən mövqeyində olan, “böyük Ermənistan” ideyasını həyata keçirmək istəyən mənfur düşmən xəstə təfəkkürü ilə zaman-zaman ata-baba torpaqlarımıza sahib çıxmaq niyyətində olmuş, erməni təcavüzünün kökündə də elə məhz bu amil dayanmışdır.

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Zəfər çaldı, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qanı, canı bahasına Vətəninin azadlığı uğrunda canından keçən oğullarımız Şəhidlik zirvəsinə ucalaraq torpağı Vətən etdilər.

Ermənistan 1988-ci ildə Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlara başlamış və bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, minlərlə insan hərbi əməliyyatlar dövründə həlak olmuş, itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür. Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyə ən faciəli münaqişələrdən biri kimi daxil olaraq minlərlə insanın yurd-yuvalarından kütləvi surətdə və zorakılıqla didərgin salınması ilə tarixə yazılmışdır.

İşğalçı ölkə Ermənistan bütün qanunları kobud şəkildə pozmuş, beynəlxalq cinayətin ən ağır forması olan təcavüzkar siyasət yeridərək 30 il müddətində öz çirkin əməllərini davam etdirmişdir. Ermənistanın bu işğalçı siyasətinə qarşı dünya dövlətləri arasında ciddi reaksiya verilməmiş, müvafiq tədbirlər görülməmiş, hətta işğalçı ölkəyə havadarlıq edənlər də az olmamışdı. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə - 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etmiş, qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilmiş, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanmışdı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Lakin birmənalı olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri mütləq şəkildə icra edilməmiş və Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoyulmamışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar dəfələrlə bəyan etmişdir: “Sərhədləri bütün dünya tərəfindən tanınmış suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

Ölkə başçısı dəfələrlə Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə, bu istiqamətdə danışıqların davam etdirilməsi haqqında razılığa gəlməyə çağırmışdır. Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, siyasi və hərbi təxribatlar vasitəsilə hər dəfə danışıqlar prosesini pozmuş, Azərbaycan ərazilərinin işğalını davam etdirmişdir.

1990-cı il yanvar ayının 20-də Sovet ordu hissələri Bakıya göndərilmiş, onların görünməmiş vəhşilikləri nəticəsində yüzlərlə azərbaycanlı öldürülmüş və yaralanmışdır. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görülməmiş qırğın törədilmiş, Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciədə minlərlə azərbaycanlı məhv edilmiş, əsir düşmüş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirmiş və dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirmişdir. Xocalının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən dəhşətli cinayətlərdən biri idi. Bu cinayətdə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən həddi-büluğa çatmamış 76 uşaq ağır xəsarət alaraq şikəst edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri Şuşa şəhəri və Laçın rayonunu, 1993-cü ildə isə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişdi.

12 may 1994-cü il tarixində imzalanmış atəşkəsə Ermənistan heç vaxt əməl etməmiş, atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açılmışdır. 30 il müddətində davam edən Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycana milyardlarla manat maddi ziyan dəymiş, minlərlə insan təcavüzkar siyasətin qurbanı olmuşdur.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını almış və Aprel döyüşləri kimi tarixləşmiş döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdu. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması “Böyük Qayıdış”ın ilk addımı oldu.

Və 27 sentyabr 2020-ci il... Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət və sentyabr ayının 28-də isə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. 30 ilə yaxın müddətdə ərazi bütövlüyümüzə xor baxan, torpaqlarımızı işğal edən mənfur düşmənə cavab atəşi açıldı. Vətən uğrunda Vətən müharibəsi başlandı. 44 gün davam edən II Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı rayonu, noyabr ayının 8-də Şuşa şəhəri, 20-də Ağdam, 25-də Kəlbəcər rayonu, dekabr ayının 1-də Laçın rayonu işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabr ayının 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, dekabr ayının 1-dək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsi ilə sonlandı. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Zəfər çaldı, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qanı, canı bahasına Vətəninin azadlığı uğrunda canından keçən oğullarımız Şəhidlik zirvəsinə ucalaraq torpağı Vətən etdilər.

Bu gün azad olunmuş torpaqlarımızdakı mənzərə bütün dünyanı heyrətə gətirib. 30 il davam edən işğal dövründə bütün ərazilərimiz erməni vandallığının qurbanı olmuş, şəhər və kəndlərimiz viran qoyulmuş, xalqımıza və dövlətimizə qarşı cinayət törədilmişdir. Düşmən xalqımıza məxsus maddi-mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir edib.

Artıq 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimiz yenidən bərpa olunur. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı demişdir: “Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə ermənilər tərəfindən nələrin törədildiyi haqqında təsəvvürümüz var idi... Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik”.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində qazandığı Böyük Qələbədir. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük Zəfərə nail oldu. Haqq savaşından haqlı çıxan xalqımız yaxın zamanda öz doğma torpaqlarına, el-obasına qayıdacaq və işğaldan azad edilmiş ərazilərdə həmişəlik məskunlaşacaq. Qısa müddətdə bu yerlər gülüstana dönəcək, cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək. Artıq azad olunmuş torpaqlarımızda yenidənqurma və bərpa işləri aparılır. Qısa zaman ərzində bu yerlərə yeni nəfəs, yeni həyat veriləcək. 30 il müddətində düşmən əsarətində qalmış, kənd, qəsəbə və şəhərlərimiz öz tarixi və memarlıq üslubu qorunmaqla yenidən tikiləcək, tarixi, dini, mədəni abidələrimiz bərpa olunacaq. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində azad olunmuş şəhərlərimiz dünyanın ən gözəl şəhərləri sırasında yer alacaq.

Tarix təkrarlanır deyirlər. Gözəl təbiəti, yeraltı və yerüstü resursları ilə hər qarışı sərvətimiz olan, ulularımızdan miras qalan, əzəli-əbədi torpaqlarımızı məkrli düşməndən qorumalı və xalqımıza qarşı törədilən qanlı cinayətləri əsrlər, qərinələr ötsə belə unutmamalıyıq. Unutmamalıyıq ki, bu tarix bir daha təkrarlanmasın...

Mehparə ƏLİYEVA,

“Respublika”.