XALQIMIZA ŞƏRƏF GƏTİRƏN TARİXİ ZƏFƏR
Digər xəbərlər

XALQIMIZA ŞƏRƏF GƏTİRƏN TARİXİ ZƏFƏR

Azərbaycan xalqı bu gün tarixi günlər yaşayır. Torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz, yaşayış məntəqələrimiz düşmən işğalından azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda işğalçılara qarşı qızğın döyüşlər apararaq hər gün yeni-yeni qələbələrlə xalqımızı sevindirdi.

Artıq 30 ilə yaxın idi ki, Azərbaycanın 20 faiz ərazisi düşmən tapdağı altında idi. Bir milyondan çox məcburi köçkün böyük ümid və səbirsizliklə öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı. Torpaqlarımızın düşmən işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması hər bir vətəndaşımızın müqəddəs arzusu idi. Bizi məcburən müharibəyə cəlb edən işğalçı Ermənistanın faşist rəhbərliyi və ordusu Şanlı Azərbaycan Ordusunun mükəmməl hücumları qarşısında duruş gətirə bilmədi, pərakəndə və tör-töküntü halında qaçmağa məcbur oldu. Ölkə Prezidenti cənab İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: "Bu müharibə haqqında zəngin hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar".

Bəli, tarix də sübut edib ki, hər bir ədalət müharibəsində xalqın birliyi parlaq zəfərləri təmin edir.

Dövlət başçısı cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun işğala son qoyması, müqəddəs torpağımızı azad etməsi dövlətçilik tariximizə yeni səhifə yazdı, hər birimizə intizarında olduğumuz qələbənin sevincini yaşatdı, milli həmrəyliyimizi daha da gücləndirdi. Bu gün böyükdən-kiçiyə hər kəs vəzifəsindən, əqidəsindən, sosial statusundan asılı olmayaraq özünü daha vüqarlı, daha mətin hiss edir. Çünki biz müqəddəs torpağımızı hünər meydanında azad etməyimizlə öyünür və fəxr edirik.

44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq, şərəfli səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı qüdrətli bir sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu bir daha aşkar gördü. İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, o, diplomatik cəbhədə də böyük strateq nümunəsini ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı "məğlubedilməzlik" mifi darmadağın oldu. Qısa zamanda düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi hərbçilərimizin peşəkarlığı və cəsurluğundan xəbər verdi. Onu xüsusilə qeyd etmək lazımdır ki, məhz, Silahlı Qüvvələrimizin modernləşdirilməsi ilə bağlı son illərdə cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən tədbirlər döyüş meydanında öz təcəssümünü tapdı. Bu savaş təsdiqlədi ki, işğal siyasətinin qurbanı Ermənistan inkişaf baxımından çox geridə qalıb. Bütün dünya gördü ki, Ermənistanın "məğlubedilməz" ordusunda pərakəndəlik hökm sürür. Məhz bunun bariz nümunəsi idi ki, bir-birinin ardınca torpaqlarımızın azad edilməsi, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi ilə nəticələndi. Həm də biz müharibənin gedişində bütün dünyanı inandıra bildik və sübut etdik ki, yalnız tarixi baxımdan deyil, hüquqi baxımdan da bu bölgə Azərbaycan ərazisidir, qanuni və tarixi torpaqlarımızdır.

Çox şükürlər olsun ki, nüfuzlu təşkilatların üzərlərinə götürmüş olduğu öhdəlikləri xalq-dövlət həmrəyliyi, Ali Baş Komandanın rəhbərliyi ilə özümüz ləyaqətlə yerinə yetirdik. Dövlət başçısının qeyd etdiyi kimi: "...dörd şərt bizim qələbəmizi şərtləndirdi. Birincisi, xalq-iqtidar birliyi idi. İkinci şərt, məsələnin tarixi və hüquqi tərəfini dünyaya çatdırmaq idi. Üçüncüsü, güclü iqtisadiyyat qura bilməyimizdir. Nəhayət, dördüncü şərt ordu quruculuğudur. Bu şərtlər Azərbaycana imkan verdi ki, düşməni darmadağın edək, onların kürəyini yerə vurub zəfər qazanaq. İşğalçını az qala dünyanın yarıdan çoxunun müdafiə etməsinə baxmayaraq, biz qısa müddətdə qalib gəldik. Nə üçün? Bizim mübarizəmiz haqq işi idi, biz ədalətli zəfər yoluna çıxmışdıq. Ona görə də, hər yerdə deyirlər ki, Azərbaycanın başladıb məntiqi sonluqla yekunlaşdırdığı müharibə ədalətli müharibə sayılır. Vətən müharibəsində haqqı olan tərəf - Azərbaycan tarixi qələbəyə imza atdı". Ən başlıcası, bu tarixi qələbə Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. Prezident İlham Əliyev həm də Müzəffər Ali Baş Komandan kimi, qəhrəman Azərbaycan ordusunun işğaldan azad etdiyi tarixi müqəddəs torpağımızda möhtəşəm üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu yaşamışıq, bizim xalqımız yaşayıb.

İşğal altında qalan əziz Şuşanın işğaldan azad olunması, ulu öndər Heydər Əliyevin "Azərbaycan üzükdür, Şuşa onun qaşı" sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır. Bundan sonra isə hər birimizin müqəddəs borcu Azərbaycanın mövqeyini daimi müdafiə etməkdir. Tək döyüş meydanında deyil, arxa cəbhədə Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi daha sıx birləşməliyik.

Zabit XƏLİLOV,

"Respublika".