Xalqımızın qan yaddaşı
Region

Xalqımızın qan yaddaşı

Vətəninin, torpağının bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğulların qəhrəmanlığı tariximizin ən şərəfli səhifələrindən biridir. Şəhidlər uyuyan torpaqlar müqəddəs və həm də qiymətlidir. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür,  ölümü ilə əbədilik qazanır,  şəhidlik məqamına yüksəlir.   Dünyada bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?! Vətən həmişə öz oğullarına əmanətdir, onu göz bəbəyi kimi qorumaq isə ən böyük şərəfdir, onun uğrunda qan tökmək əsl igidlikdir.

Belə qəhrəman oğullardan biri də Xəzər Azad oğlu Bayramovdur.  Xəzər  23 illik ömrünə igidliyi,  mərdliyi,  cəsarəti,  həm də Vətən sevgisini sığdıra bildi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göz qırpmadan candan keçərək hər kəsə örnək oldu. Xəzər  1997-ci il noyabrın 14-də Ağcabədi rayonunun  Qaravəlli kəndində dünyaya göz açıb. 2004-2015-ci illərdə orta təhsilini doğulduğu kənddə alıb.  2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb və əsgərliyini,  kişilik məktəbini layiqincə başa vurub. Lakin uşaqlıq arzusuna qovuşmaq üçün qəti qərara gəlir.

2019-cu ilin yanvar ayından müddətdən artıq hərbi xidmətə başlayır və tank heyətində tuşlayıcı olur.  Vətən müharibəsinin ilk günündən Xəzərin qəlbində düşmənə qarşı nifrəti,  qisas hissi və bir də Vətən sevgisi alovlanıb.  Xidmət etdiyi tank heyəti ilə birlikdə düşmənə sarsıdıcı zərbələr vurub,  qəhrəmanlıq göstərib.  Döyüş yoldaşlarının dediyinə görə,  Xəzərin heç bir atəşi boşa çıxmayıb.  Erməni əsgərlərini vahiməyə salan tank heyəti ilə birlikdə düşmənin 8 tankını və digər hərbi texnikalarını məhv edib. 

Xəzərin tankı oktyabr ayının 2-də düşmən mərmisinə tuş gəlib, cəsur tankçılar erməni artilleriyasının hədəfindən uzaqlaşa biliblər. Həmin gün  Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən tank komandiri Dəyanət Əliyevin, Xəzər Bayramovun və Elçin Hüseynovun  idarə etdikləri tank mənfur düşmənin atdığı mərmi nəticəsində alışıb. Tank komandiri Dəyanət Əliyev döyüş yoldaşlarını xilas etməyə çalışsa da, tank düşmən tərəfindən ikinci dəfə hədəfə alınıb. Tank ağır zərbədən parçalanıb. Bir yerdə düşmənə qan udduran üç döyüş dostu qəhrəmanlıqla həlak olub. 

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Xəzər Bayramov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidlərin qanı tökülən torpaqlarımız işğalçılardan azad edilib. Ən böyük təsəllimiz odur ki, şəhidlərin qanı yerdə qalmadı, onların qisası düşməndən alındı. Şəhid ailələrinə,  Vətən müharibəsi qazilərinə dövlət tərəfindən diqqət və qayğı göstərilir,  şəhid övladları atalarının adı ilə fəxr edir, qürur duyurlar. Şəhidlər xalqımızın qan yaddaşıdır, əsrlər keçsə də onların adı heç zaman unudulmayacaq.

Salman ALIOĞLU,

"Respublika".