Xalqımızın tarixi nailiyyəti
Siyasət

Xalqımızın tarixi nailiyyəti

Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Müstəqilliyin Bərpası Gününün ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr səbəbindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet İmperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycanın istiqlaliyyəti barədə qəbul edilmiş Konstitusiya Aktına əsasən həmin tarixdən başlayaraq 30 ildir ki, 18 oktyabr - Müstəqillik Günü kimi qeyd edilir.

1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidar Azərbaycanı dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin itirilməsini qaçılmaz edirdi.

Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi rəhbərinin hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi sovuşdu.

1993-cü ilin iyununda parlamentin sədri, oktyabrında isə ölkə Prezidenti seçilən Heydər Əliyev tezliklə ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi.

Heydər Əliyev ölkəmizi məhvolma təhlükəsindən qurtararaq davamlı inkişaf yoluna çıxardı. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövr ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. İqtisadiyyatın dinamik inkişafı təmin edildi. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirilməyə başlanıldı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı, dövlətimiz dünya birliyində layiqli yer tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandı, xalqımızın milli birliyi və həmrəyliyi təmin edildi. Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda nəzərdə tutulan bütün müddəalar məhz ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində real həyata vəsiqə aldı, xalqımız çoxdan arzusunda olduğu əsl müstəqilliyinə qovuşdu. Bu mənada Azərbaycanın həqiqi müstəqilliyi 1993-cü ildən başlayır. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, hakimiyyətsizliyə son qoyuldu, dövlət aparatının iflic olmuş fəaliyyəti bərpa edildi, bütün sahələrdə inkişafın əsası qoyuldu, hüquqi və sosial-iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, cəmiyyətimizdə demokratik dəyərlər bərqərar edildi. Heydər Əliyev ölkəmizin müstəqilliyi barədə deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır".

Ötən illər Ümummilli Liderin bu sözlərinin real həyatda öz təsdiqini tapdığını sübut etdi. Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmləndi. Azərbaycanın bütün sahələrdə yüksək sürətlə inkişaf etməsi, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirməsi, siyasi, iqtisadi cəhətdən regionun aparıcı dövlətlərindən birinə çevrilməsi inkarolunmaz reallıqdır.

Fəxrlə qeyd etməliyik ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın tam müstəqil siyasət yürütməsi, beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi amillərdir. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir.

Ulu Öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkə rəhbəri Azərbyacanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının təsdiq etdiyi proqramlar, iqtisadi islahatlar bunun bariz nümunəsidir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın, ən əsası qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Qürur hissi ilə vurğulamaq lazımdır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məqsədyönlü fəaliyyəti sayəsində 30 ilə yaxın erməni daşnaklarının işğalı altında olan torpaqlarımız müzəffər Azərbaycan Ordusu tərəfindən geri qaytarılmış, düşmənə döyüşlərdə sarsıdıcı zərbələr endirilmişdir.

Bu gün Şuşada, Zəngilanda, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.

Ağacan ABİYEV,

Əməkdar Elm xadimi,  professor.