Xalqın fədakarlıq simvolu – əbədiyaşar lider
Siyasət

Xalqın fədakarlıq simvolu – əbədiyaşar lider

Heydər Əliyev - 100

Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqın sevimli, unudulmaz övladı. Bu ifadələrin hamısı Heydər Əliyevə aiddir, yalnız onun ünvanınadır. Çünki o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Məhz o, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi. Ulu öndər istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. Bu gün bizim ölkədə milliyyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlar Heydər Əliyevin formalaşdırdığı, siyasəti də, iqtisadiyyatı da müstəqil və modem olan müasir Azərbaycan Respublikasının əldə etdiyi demokratiyadan və uğurlardan kifayət qədər normal səviyyədə faydalana bilirlər.

Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək texnologiyalar sayəsində davam etdirilməkdədir. Bu gün Heydər Əliyev siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan artıq çoxdan yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub.

Mənə elə bir insan göstərin ki, müasir dünyanın ən yüksək pillələrini öz ağlı və gücü ilə fəth edib, intəhasız qüdrət sahibi olub özü üçün yaşamasın. Əlbəttə, Böyük Öndərdən savayı. Dünya tarixinin salnamələrini xəyalımdan keçirirəm, səhifə-səhifə, vərəq-vərəq çevirirəm. Və yenə də Heydər Əliyevdən öndə dayanan kimsəni görmürəm.

Heydər Əliyev Azərbaycanın mənəvi dünyasında doğulmuş, bu aləmi öz işığı ilə nura boyamış, XX əsrin ikinci yarısında bütün 50 il ərzində Azərbaycan xalqının tarixi taleyində çox böyük dərəcədə əhəmiyyətli rol oynamışdır. Ömrü boyu sərt və prinsipial mövqeyindən çəkinmədən sovet diktaturası şəraitindən özünəməxsus ustalıqla bəhrələnərək xalqını qorumaqla onu dirçəltmək, inkişafını təmin etmək yolu tutmuşdur. Heydər Əliyev həyatı boyunca tale sınaqlarına məruz qaldı və onu sınağa çəkən zamanın özünü məğlub etdi. Onun kamil nəzəriyyəsi və dərin təfəkkürü məhz insanların mənafeyinə tabe olduğu, öz xalqının milli-mənəvi dəyərlərinə söykəndiyi üçün yaşamaq haqqı qazandı. O, öz xalqının bayrağını əbədi olaraq ucaltdı.

XX əsrin nəhəng siyasət korifeyi idi Heydər Əliyev. Dünyaşöhrətli siyasətçi Heydər Əliyev hər şeydən əvvəl, misilsiz bir azərbaycanlı idi. O, azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində əbədi iz qoymuşdur. Fəxr edirəm ona görə ki, Azərbaycanımızı dünyaya tanıdan, hələ sovetlər dönəmində dünyanın hansı ölkəsinə getsə “Mən Azərbaycanlıyam”; deyən, hakimiyyətə gəldiyi ilk günlərdən dünya korifeyləri arasında zirvələrə yüksələn Heydər Əliyev mənim xalqımın, mənim millətimin övladıdır.

Hər kəsi sözünün qüdrəti ilə  inandırdı. Sözünü əməlləri ilə gerçəyə çevirdi. Düzgün, müdrik siyasəti ilə Azərbaycanı fəlakətlərdən xilas etdi. O, sözün həqiqi mənasında xalqının xilaskarına çevrildi. Meydana silahsız gələn bu dahi insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi.

Böyük öndərin ömrü öz zənginliyi, qeyri-adi çalarları ilə fərqlənirdi. O, təkcə yaşamaq uğrunda mübarizə aparmamışdı. O, öz xalqının adını dünya xalqlarının cərgəsinə həkk etmək naminə mübarizə aparmışdı. Ən başlıcası, bu mübarizəsinə də nail olmuşdu. Türk dünyasının bu böyük oğlunun danılmaz xidmətlərindən biri güclü, sabitliyə qovuşmuş Azərbaycan idisə, digəri özünə layiq siyasi varisin yetişdirilməsi idi. O, öz baxışlarını, ideyalarını, öz yolunu davam etdirməyə qadir bir Prezident yetişdirdi. O, uzunömürlü bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonra davam etdirə biləcək bir şəxsiyyət qoyub getdi. Bu gün bütün Azərbaycan xalqı İlham Əliyevin siyasətinə tərəfdar, ona dayaq olduğunu bütün dünyaya bəyan etdi. Heydər Əliyev fədakarlıq simvolu kimi xalqın yaddaşında əbədi yaşayacaq. Heydər Əliyev qəhrəmanlıqla yaşamağın mümkünlüyünü öz həyatı ilə sübut etdi. Göstərdi ki, ömrü xalq üçün necə yaşamaq olar.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığışmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu məkanda Heydər Əliyevin ömür yolu Azərbaycan tarixidir. Yaddaşlara əbədi həkk olunan şanlı tariximiz.

Kamil XƏLİLOV,

Siyəzən Rayon Statistika İdarəsinin rəisi.