Xalqın iradəsi və demokratiyanın zəfəri
Türk dünyası

Xalqın iradəsi və demokratiyanın zəfəri

Türkiyədə baş tutan parlament seçkiləri, eyni zamanda prezident seçkilərinin hər iki turu qardaş ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi və sübut etdi ki, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdirlər.

Seçkilərə hazırlıqlar başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, siyasi bloklara və partiyalara, namizədlərə bərabər imkanlar yaradıldı, türkiyəli qardaşlarımız sərbəst şəkildə öz seçimlərini etdilər. Seçicilərin fəallığı da ölkə vətəndaşlarının məsuliyyətindən, dövlətə, vətənə olan sevgilərindən xəbər verir. Ümumiyyətlə, həm seçkilərin keçirilməsi prosesi, həm də nəticələri deməyə əsas verir ki, qardaş ölkədə demokratiya, haqq-ədalət zəfər çaldı.

Heç bir məkrli beynəlxalq siyasi dairə Türkiyə xalqının iradəsinə təsir edə bilmədi. Qardaş ölkənin vətəndaşları tərəqqini, inkişafı, sabitliyi, əmin-amanlığı seçdilər. Son 20 ildə Türkiyə böyük inkişaf yolu keçib, dünyada yüksək nüfuz qazanıb. Əminliklə deyə bilərik ki, hazırda Türkiyə dünya siyasətində lider dövlətlər arasında öz yerini tutub. Son illərdə hərbi müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Artıq qardaş ölkənin yerli hərbi sənayesi Ordunun silah-sursata olan tələbatının 80 faizini ödəyir, bu, kifayət qədər yüksək göstəricidir. Həmçinin, istehsal etdiyi pilotsuz uçuş aparatları, pilotsuz döyüş təyyarələri, tankları ilə düşmənlərinin gözünü qamaşdırır. Bundan başqa, gəmi, helikopter, avtomobil istehsalına da başlanılıb. Türk xalqı öz seçimi ilə bu uğurlara cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində nail olduğunu bütün dünyaya sübut etdi.

Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək olub, həmrəylik nümayiş etdirib. Eyni zamanda, iki ölkə arasında münasibətlərin müttəfiqlik zirvəsinə yüksəlməsində, əlaqələrin genişlənməsində onun xidmətləri danılmazdır. Yeri gəlmişkən, Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi başlayan ilk saatlardan bizə qardaş ölkədən dəstək mesajları gəlməyə başladı. Türkiyə Prezidenti şəxsən ifadə etdi ki, Azərbaycanın yanındayıq. Bu mənəvi dəstək Azərbaycanın gücünə əlavə güc qatdı. Qələbəmizə bizim qədər sevindi, dəfələrlə ölkəmizə gəldi, Zəfər paradında, Füzulidə, Zəngilanda hava limanlarının açılış mərasimlərində iştirak etdi. Bu yalnız təmənnasız qardaşlıq nümunəsidir. Həmçinin, Rəcəb Tayyib Ərdoğan Türkdilli ölkələrin bir-birinə yaxınlaşmasına, həmrəyliyinə, təşkilatlanmasına əhəmiyyətli töhfələr verir.

Böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki türk dövləti - Azərbaycan və Türkiyə dünya dövlətləri arasında böyük söz sahibidir, beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tuturlar, bayraqları ən mötəbər regional və beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır. Eləcə də hər iki ölkənin dünya miqyasında olan nüfuzu imkan verir ki, onlar qlobal məsələlərin həllində yaxından iştirak etsin, mürəkkəb və gərgin proseslərin aradan qaldırılmasında vasitəçi olsunlar. Bunlar günümüzün reallıqlarıdır. Qəti şəkildə inanırıq ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə daha böyük uğurları, nailiyyətləri hələ qarşıdadır. Bu əminliyi xalqlarımız müdrik qərarları və düzgün seçimləri ilə möhürləyiblər.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.