XALQIN MƏNAFEYİNƏ, DÖVLƏTİN MİLLİ MARAQLARINA XİDMƏT
Siyasət

XALQIN MƏNAFEYİNƏ, DÖVLƏTİN MİLLİ MARAQLARINA XİDMƏT

Prezident İlham Əliyevin böyük reytinqə malik olması və Azərbaycan xalqının tam etimadını qazanması istər prezident, istərsə də parlament seçkiləri zamanı Azərbaycan əhalisinin əksəriyyətinin şəxsən ona və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verdiyi zaman özünü büruzə verir. Dövlət başçımıza bu cür ümumxalq sevgisi, ilk növbədə onunla bağlıdır ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan nəinki regional liderlərdən birinə, həm də beynəlxalq aləmdə nüfuzlu aktora çevrilib, bu gün ölkəmizə həm böyük dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən hörmətlə yanaşılır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir dünyəvi inkişaf etmiş dövlətə çevrilməsi kursunu davam etdirən Prezident İlham Əliyev qısa müddət ərzində ölkənin infrastrukturunun inkişafı, sənayenin və kənd təsərrüfatının müasirləşdirilməsi istiqamətində xeyli işlər gördü, neft və qaz hasilatından daxil olan vəsaitin əhəmiyyətli hissəsini bu mühüm sahələrə yönəltdi.

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi həmişə əsas hədəfə - Azərbaycanın ərazi bütövlüyünün bərpasına, 1 milyona yaxın qaçqının öz yaşayış yerlərinə qaytarılmasına və ölkənin müdafiə qabiliyyətinin təmin edilməsinə nail olmaq olub. Müstəqil balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Prezident İlham Əliyev Azərbaycanı nəinki regionun lider dövlətinə, həm də bu gün Qoşulmama Hərəkatına sədrlik edən dünyanın aparıcı ölkələrindən birinə çevirdi.

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib və bu seçkilərdə İlham Əliyev böyük fərqlə - 86,03 faiz nəticə ilə qalib gəlib. Beləliklə, Azərbaycan dövlətinin başçısı növbəti 7 il üçün daha bir xalqın etimadını qazandı, bu da onun ölkə əhalisi arasında yüksək nüfuzundan xəbər verir. 2003-cü ildən dəfələrlə dövlət başçısı seçilən, 2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində qalib gələn dövlətimizin başçısı Azərbaycan xalqından növbəti etimad üçün növbədənkənar seçkilər elan etməklə olduqca mühüm, əhəmiyyətli addım atdı. Konstitusiyaya edilmiş sonuncu əlavə və dəyişikliklər daha da demokratikləşməyə, vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsinə və hakimiyyət bölgüsünə yönəlib. Yeni müstəqil Azərbaycanın quruculuğu dövlət idarəçiliyinin əsaslarının müasir dövrə uyğun olaraq vaxtaşırı modernləşdirilməsini tələb edir. 2018-ci ilin aprelində Azərbaycan xalqından növbəti etimad qazanan Prezident İlham Əliyev hazırda qlobal təhlükəsizlik sisteminə Azərbaycanın inteqrasiyası istiqamətində titanik səylərini davam etdirdi. Azərbaycan xalqının düzgün seçim etdiyini dünyanın koronavirus pandemiyası, regional münaqişələr və müharibələrin yaratdığı ağır böhran dövrünə qədəm qoyduğu son illərdə baş verən hadisələr də sübut etdi.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən bütün qlobal nəqliyyat və enerji layihələri bu yeni çətin şəraitdə Avrasiyanın zəruri logistik ehtiyaclarını təmin etməklə böyük tələbat yaratdı. 2020-ci ilin mart ayından bütün dünya qlobal karantin altına alındıqdan sonra məlum oldu ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər dənizində yeni Ələt limanı, yeni beynəlxalq hava limanları yüklərin daşınması üçün mühüm tranzit məntəqələrinə çevrilib. Bura koronavirus pandemiyası ilə mübarizə üçün dərman və tibbi avadanlıqları da mütləq əlavə etmək lazımdır. Cənub Qaz Dəhlizinin TAP/TANAP layihələri əsasında tikilən qaz kəmərləri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm alternativ mənbəyə çevrilib və son vaxtlar Ukraynada baş verən hadisələr fonunda onların əhəmiyyəti ölçüyəgəlməz dərəcədə artıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə kənd təsərrüfatında aparılan islahatlar ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinə və Azərbaycanın qonşu ölkələrə kənd təsərrüfatı məhsullarının aparıcı ixracatçılarından birinə çevrilməsinə səbəb olub.

Dövlət başçımızın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də iqtisadiyyatın neft-qaz sektorundan qeyri-neft sektoruna yönləndirilməsi, istehsal vasitələrinin və istehlak mallarının istehsalının artırılması, idxalını ixracla əvəzləməsidir. Bu sahədə artıq nəzərəçarpacaq uğurlar var, bu da şübhəsiz ki, müstəqil iqtisadiyyatın daha da möhkəmlənməsində əvəzsiz rol oynayır.

Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə yazılan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsas nailiyyəti Ermənistanın məğlubiyyəti ilə başa çatan 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin əldə olunması, işğal edilmiş torpaqlarımızn azad edilməsidir. Bununla da Prezident BMT-nin Təhlükəsizlik Şurasının 17 il kağız üzərində qalmış dörd qətnaməsinin yerinə yetirilməsini, uzun müddət davam edən qanlı münaqişənin ədalətli sonluqla bitməsini təmin etdi. Bütün müharibə boyu İlham Əliyev özünü təkcə parlaq diplomat kimi deyil, həm də dünyanın hərb tarixinə artıq daxil edilmiş, qeyri-adiliyi və mükəmməlliyi ilə seçilən hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, hərbi strategiya və taktikası üzrə istedadlı sərkərdə kimi göstərdi. 44 gün ərzində İlham Əliyev çoxsaylı görüşləri və aparıcı xarici KİV-lərə müsahibələri zamanı Azərbaycan xalqının işğal olunmuş torpaqların azad edilməsi uğrunda apardığı ədalətli mübarizə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa nail olub. Eyni zamanda Azərbaycana qarşı geniş təbliğat kampaniyası aparan nüfuzlu xarici erməni diasporu və onların agentlərinə qarşı mübarizədə də qalibiyyət əldə etdi. Məhz dövlət başçısı İlham Əliyevin dühası, Vətən uğrunda canından keçmiş əsgər və zabitlərin mərdliyi və qanı bahasına Azərbaycan xalqı bu şanlı Zəfərə nail oldu. Azərbaycanın mirvarisi, mədəniyyət paytaxtı Şuşa şəhəri də daxil olmaqla, işğal altında olan bütün torpaqların azad edilməsi ölkəmizin çoxəsrlik tarixinin şanlı səhifəsinə  çevrildi. Prezident bu Zəfər naminə əsas məqsədə - Azərbaycanın müdafiəsinə bir nəfər kimi qalxmış bütün Azərbaycan xalqını birləşdirməyə nail oldu.  Xalqımızın birliyi, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyindən ruhlanan hərbçilərin kütləvi qəhrəmanlığı əldə olunan Qələbənin mənbələrindən biri oldu. Dövlət başçısı ölkəyə rəhbərlik etdiyi müddətdə respublikamızın müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir Azərbaycan ordusunun XXI əsrin tələblərinə tam cavab verəcək səviyyədə müasirləşdirilməsi, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün lazım olanın hamısını təmin edib. Prezident İlham Əliyev seçkiqabağı əsas vədini - Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməklə yerinə yetirərək dünya azərbaycanlıları arasında danılmaz nüfuz qazandı.

Türk dövlətlərinin birləşməsində dövlət başçımızın rolu əvəzsizdir. Məhz onun Türk Şurasının sədri kimi rəhbərliyi ilə 2021-ci ildə əhalisi türkdilli olan bütün müstəqil dövlətlərin yeni bir təşkilata - Türk Dövlətləri Təşkilatına birləşməsinə ilk dəfə nail olmaq mümkün oldu. Məhz bunun sayəsində TDT Avrasiya məkanında yeni mühüm dövlətlərarası birliyə çevrildi. Prezidentin bu xidmətləri Türk dünyasının ən ali ordeninə layiq görülüb.

Türkiyə ilə müttəfiqlik əlaqələri  cənab İlham Əliyevin xarici siyasətinin təməl daşıdır. Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi bu sarsılmaz qardaşlığın daha da möhkəmlənməsi və inkişafı üçün əsasdır.

Yaşadığımız bu çətin zamanda qanlı müharibələr və münaqişələr şəraitində dövlətimizi idarə etməli olan diplomatiya ustadı Prezident İlham Əliyev dünyanın nüfuzlu birliyinin - Qoşulmama Hərəkatının liderlərindən birinə çevrilərək, 2019-cu ildən  bu Hərəkata rəhbərlik etmişdir. Məhz dövlət başçımızın səyləri nəticəsində bu təşkilat öz təsirini bərpa etmişdir.  Eyni zamanda Prezident Qoşulmama Hərəkatı tərəfindən fəal şəkildə beynəlxalq aləmdə irəli sürülən bir sıra təşəbbüslərin müəllifi olmuşdur. Məhz dövlət başçımızın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus pandemiyası ilə mübarizə, yoxsul və inkişaf etməkdə olan ölkələrə yardımın göstərilməsi, o cümlədən peyvənd və gigiyena vasitələrinin ədalətli paylanmasına həsr olunmuş xüsusi sessiyası keçirilmişdir. Bu sessiya Prezidentin dünya səviyyəli diplomatiya məharətinin, üçüncü dünyanın kasıb ölkələrinin müdafiəsinə qalxmasının bariz sübutu oldu.

Prezident İlham Əliyev hər zaman ünsiyyətdə sadəliyi, incə yumoru, həmsöhbətini özünə cəlb etmək, sözünün üstündə durmaq bacarığı ilə seçilib. Azərbaycan dövlətinin başçısının bütün bu şəxsi keyfiyyətləri onu bir çox dünya siyasətçilərindən fərqləndirir, xarici tərəfdaşlar arasında rəğbət və hörmət yaradır.

Bir neçə xarici dili mükəmməl bilmək, bunun sayəsində istənilən auditoriya qarşısında çıxış etmək, öz fikir və mülahizələrini, Azərbaycan barədə həqiqətləri dünya ictimaiyyətinə əhatəli şəkildə çatdırmaq, dünyanın siyasi və iqtisadi vəziyyəti, eləcə də Azərbaycanın milli maraqlarını daim qorumaq bacarığı Prezidentimizi dünyanın aparıcı siyasətçiləri sırasına çıxarıb.

Beləliklə, cənab İlham Əliyevi dəfələlə prezident seçərək, öz seçimini ölkənin gələcək tərəqqisi, inkişafı naminə etmiş Azərbaycan xalqının bu gün müasir, güclü və müdrik Lideri var. Tarix qüdrətli Azərbaycanın yaradılmasına yönəlmiş həmin seçimin nə qədər düzgün olduğunu əyani şəkildə göstərdi. Çünki hazırda Azərbaycan öz ərazi bötüvlüyünü bərpa etmiş, insanların dinc, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin bütün hüquq və azadlıqlarla təmin olunduğu dünyəvi demokratik dövlət modeli kimi digər ölkələr üçün nümunədir.

İlham Əliyevin dürüstlüyü və açıqlığı, lazımi anda xalqa dəstək üçün müraciət etmək bacarığı, xalqın sonsuz inamı və dəstəyi ona Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yönəlmiş zəruri tədbirləri tam şəkildə həyata keçirməyə imkan verir. Məhz buna görə də Azərbaycan bir sıra digər ölkələrdən fərqli olaraq, bu dövlətlərin əsaslarını sarsıdan, vətəndaş müharibələrinə və təlatümlərə səbəb olan daxili münaqişələrdən, kataklizmlərdən uzaqdır, ziddiyyətli, münaqişəli və qeyri-sabit çağdaş dünyamızda əsl sabitlik, inkişaf və xoşbəxtlik adasıdır.

Xalqımızın Prezident İlham Əliyevə olan məhəbbəti və inamı bir daha sübut edir ki, dövlətimizin başçısı Azərbaycan xalqının mənafeyinə xidmət etməyi həyatının əsas məqsədinə çevirmiş qüdrətli liderdir.

Emin QASIMOV,

"Respublika".