Xalqın mübarizəsi İranı vəlvələyə salıb
Digər xəbərlər

Xalqın mübarizəsi İranı vəlvələyə salıb

İlan çalan ala çatıdan da qorxar

Sınaqlardan çıxan yaxşı bir el məsəli var, dost dar gündə tanınar. Dünyanın hərb tarixinə 44 günlük müharibə kimi həkk olunan Vətən savaşında dostların mənəvi dayağı tarixi qələbənin qazanılmasında mühüm əhəmiyyət kəsb etdi. Ancaq, özünü İslam dövləti kimi göstərərək gözdən pərdə asan namərd düşmənin təcavüzkara kömək etməsi, ermənilərə kəşfiyyat məlumatlarının ötürülməsi  qonşu dövlətin azərbaycanlılara qarşı qısqanclığının və haqsızlığının ən pis ifadəsidir.

Tarixin səhifələrinə nəzər salanda bir daha aydın olur ki, İran Azərbaycana qarşı ən təhlükəli düşməndir, İslam pərdəsinə bürünən, terroru və tacavüzü dəstəkləyən molla rejimi əlinə fürsət düşən kimi xəncəri kürəyimizdən vurur. Tehran şəhərindəki Azərbaycan səfirliyinə silahlı hücumu təşkil edən, əli azərbaycanlı qanına bulaşan və iki nəfər mühafizəçini yaralayan terrorçunu açıq-aşkar müdafiə edən İran hakimiyyəti əslində iç üzünü açıb göstərdi. Tehranda törədilən terroru pisləyən dünya ölkələrinin mövqeyi təkcə Ermənistandan başqa bütün qonşularıyla faktiki olaraq az qala müharibə vəziyyətində olan İran hökumətinə tərs şillə effekti yaratdı. Dünyanın xeyli qabağa getdiyi bir vaxtda İranı 1400 il əvvəlki qanun və ənənələrlə idarə edən molla rejimi ölkə əhalisinin yarıdan çoxunu təşkil edən azərbaycanlıların hüquq və azadlıqlarını məhdudlaşdırır, onlara qarşı diskriminasiya həyata keçirir.

1993-cü il oktyabrın 25-də Ermənistan silahlı qüvvələri və onların havadarları Zəngilan rayonuna hücum edərək dinc əhalini mühasirəyə aldılar. Oktyabrın 29-na qədər İranla sərhədboyu kəndlərdən 29 min nəfər zəngilanlı sərhədçilərimizin qəhrəmanlığı ilə xilas edildi. Mühasirədə qalan əhali İran tərəfə keçməyə cəhd göstərsələr də, qonşu dövlətin sərhədçiləri onları atəşə tuturdu. İran tərəfi əhalinin Xudafərin körpülərindən keçməsinə imkan vermirdilər. Həmin vaxt Azərbaycanın dövlət katibi İmişli rayonuna pənah gətirən Zəngilan, Cəbrayıl və Füzuli rayonundan olan əhalini dinləyir, lazımi tədbirlər görülürdü. Dövlət katibinə xəbər verildi ki, Zəngilandan olan əhalinin böyük əksəriyyəti çox ağır vəziyyətdə Araz çayının kənarında qalıb. Arxada düşmən, qarşıda siahlı İran əsgərləri. Bir neçə ay əvvəl Milli Məclisin sədri seçilmiş ulu öndər Heydər Əliyevin İran prezidenti ilə danışıqlarından sonra dövlət katibi, hökumət nümayəndələri, BMT-nin Azərbaycandakı nümayəndəsi, orada olan bir neçə nəfər qəzet və televiziya əməkdaşı İmişlidən İran tərəfə keçdi. Parsabad-Aslandüz yolu ilə Xudafərin körpüsünə çatana kimi yolboyu çox acınacaqlı vəziyyətin şahidi olduq, dəhşətli mənzərə ilə qarşılaşdıq. Yurdundan didərgin düşən adamlar Arazda boğulan yaxınlarını, qohumlarını xilas etməyə çalışırdılar. Həmin vaxt İran hökuməti sərhədi açsaydı yüzlərlə insan, o cümlədən qadınlar, uşaqlar, qocalar, xəstələr həlak olmazdı. Düşmənçiliyin ayrı rəngi var?!

Tarixdən söz düşmüşkən, İran inqilabından sonra, 1979-cu il sentyabrın 26-da İtaliyanın "Corriere della Sera" qəzetinin əməkdaşı, məşhur jurnalist Oriana Fallaçinin İranın mərhum dini lideri Ruhulla Xomeyni ilə müsahibəsi diqqət çəkir. İran lideri bildirir ki, "xalq İslam uğrunda döyüşürdü. İslam isə hər şey deməkdir: hətta sizin öz dünyanızda adlandırdığınız azadlıq və demokratiya! Bəli, İslam özündə bunları cəmləşdirir. İslam hamısını qloballaşdırır. İslam - hər şeydir. Azadlıq - öz ideyalarını seçmək, istədiyini düşünmək, başqa ideyalara məcbur etməmək, yaşam yerini seçmək və istədiyin işlə məşğul olmaq imkanıdır".  Çox təəssüf ki, İran hakimiyyəti dini liderin bu tezislərini bir kənara tullayaraq düşmənçiliyi və terroru, azadlığın boğulmasını, insanların edam edilməsini, küçənin ortasında insanları şallaqlamaq yolunu seçdi. Hazırda molla rejimi xalqın ağrısından və mübarizəsindən öz məqsədləri üçün istifadə edir. Jurnalist həmin müsahibədə uzaqgörənliklə qeyd edib ki, bu gün İran ətrafında olan gərgin vəziyyət və siyasi böhranın əsası məhz Xomeyninin rəhbəri olduğu inqilabla qoyulub. İnqilab özünün vəd etdiyi yaxşı meyvələrini gətirmədi. Ölkə qaranlıq sularda üzür, kim bilir, İranı bu qaranlıqda nə gözləyir. Burada uzaq gələcəkdə də olsa belə, vətəndaş müharibəsi üçün səbəb, yaxud dövlət çevrilişi üçün zəmin görünür. 44 il bundan əvvəl deyilmiş fikirlər bu gün İranda acı reallığa çevrilir.

Artıq xeyli müddətdir ki, İranı etiraz dalğaları bürüyüb, etirazçlar "Diktatora ölüm!", "Nəsihət patrulu-qatildir!", "Məhsənin qanına and olsun!", "İran azad olacaq!" şüarları səsləndirir, mövcud hakimiyyətin qadağalarına qarşı üsyan edirlər. Günü-gündən etirazlar İran əyalətlərinin təxminən yarıdan çoxunu əhatə edir və getdikcə daha yeni əyalətlərə yayılır. Etirazlar başlanandan uşaqlar da daxil olmaqla 1000-dən çox adam həlak olub. İran hökumətinin insanlara yaşatdığı zillətə və ölümə baxmayaraq etirazçılar Tehranda İslam İnqilabının qələbəsi mövzusunda hökumət baneri və Əhvaz şəhərində etirazçılar "Bəsic" qüvvələrinə məxsus bazanı yandırıblar. Abdanan şəhərində etirazçılar küçələrdə tonqallar yandıraraq yolu bağlayıb, rejimə qarşı "Diktatora ölüm!", "Əhrimənin simvolunu devir!", "Xamneyiyə ölüm!" şüarları səsləndirirlər.

İrandakı əxlaq polisi tərəfindən vəhşiliklə öldürülən Əminəyə dəstək etirazları  hökumətə, İranın dövlət quruluşuna qarşı çevrilib. İsfahanda etirazçılar küçələrə çıxaraq rejimə qarşı şüar səsləndirib: "Hər öldürülən bir nəfərin ardınca min nəfər gəlir!" Molla rejimi interneti kəsib, dinc etirazçıları gülləbaran edir, insanları dar ağacından asır. Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində minlərlə azərbaycanlı ev-eşiyindən məhrum olub, onlar soyuq günlərdə küçələrdə gecələyirlər, onlara humanitar yardımların göstərilməsinə imkan verilmir. Qəddarlığın və düşmənçiliyin başqa adı yoxdur. İranda son zamanlar baş verən hadisələr, xüsusən də Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı bir daha "islam" pərdəsi altında gizlənmiş bu qonşu dövlətin iç üzünü bütün dünyaya göstərdi. Siyasi şərhçilər, analitiklər, iranşünas alimlər hesab edirlər ki, İranda insan azadlığı və insan hüquqları "islam" pərdəsi altında tapdalanır. XXI əsrdə qadınları şallaqlayan, daş-qalaq edən, dar ağacından asan dairələr hansı insan hüquqlarından danışır? Ailə, məişət, əxlaq və davranış məsələlərində zorakılıq və haqsızlıq hökm sürür. Tehrandakı səfirliyimizdəki terror aktı da buna bariz misaldır. Bu hadisə terrorun İranın dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha göstərdi. Hadisə zamanı səfirliyin qarşısında duran İran polisinin fəaliyyətsizliyi və terrorçunun onun qarşısından çox arxayın, hətta müəyyən əlaqənin olduğunu bildirən işarəni göstərərək keçməsi, səfirliyə hücumun davam etdiyi az olmayan müddətdə də İran polislərinin heç bir müdaxiləsinin olmaması bu ölkənin rəsmilərinin "ailə münaqişəsi" donu geyindirmək istədikləri hücumun terror aktı olduğunu təsdiqləyir.

İranın molla rejimi ölkəmizin inkişafını, insanların yaxşı həyat şəraitini, iqtidar-xalq birliyini gözü götürmür, ilan çalan adam kimi qorxuya düşür  və Azərbaycana zərbə vurmaq üçün Rusiya və Ermənistanla ittifaq yaradır. Xam xəyallara baş vuran İran rejiminin təfəkkürü orta əsrlər səviyyəsində qaldığı üçün qonşuluğa, dostluğa, sülhə, əməkdaşlığa can atmır, məkrli niyyətlərə xidmət edir. Azərbaycana diş batırmaq elə də asan məsələ deyil, unudurlar ki, adi hüquqlarına buxov vurduqları, insan haqlarından məhrum etdikləri 40 milyon azərbaycanlı nəyin bahasına olursa olsun öz azadlığına nail olacaq, bütöv Azərbaycan bayrağı Təbrizdə, digər qədim yurd yerlərimizdə əbədi dalğalanacaq! Zamanın gərdişini heç bir tiran dayandıra bilməyib.

Salman ALIOĞLU,

"Respublika".