Xankəndi -  əzəli və əbədi yurd yerimiz
Tarix

Xankəndi -  əzəli və əbədi yurd yerimiz

Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Xankəndidir. Tarixi bilgilərə görə XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahət etmələri üçün salınan yaşayış məskəni olub. Xanlığın paytaxtı Şuşa şəhərindən 10 kilometr aralıda, dağların ətəyində, meşələrin əhatəsində, dağ çaylarının keçdiyi səfalı ərazidə salınan yurd yeri əvvəlcə Xanın kəndi adlandırılıb.

İlk illərdə yeni yaşayış məskənində xan ailəsi və onların yaxınları yaşayıb. Təbiətinə və havasına görə Xankəndi başqa yerlərdən fərqlənib. Qeyd edək ki, Xankəndi Qarqar çayının sahilində, Qarabağ dağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati bölgüyə görə Xankəndi şəhərinə Kərkicahan qəsəbəsi də daxil idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Sahəsi 8,8 kvadratmetrdir. Əhalisinin sayi 55,9 min nəfərdir (01.01.2020.) Xankəndi erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 28-də işğal edilib. Şəhər şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunub.

Azərbaycanlılar yaşayan Xankəndiyə ermənilərin ilk köçü 1800-cü ildə baş verib. Həmin dövr Qarabağ xanı İbrahimxəlil Cavanşirin dönəminə təsadüf edir. Sonralar bu ərazilərə ermənilərin köçürülməsi davamlı xarakter alıb. Belə ki, 1804, 1850, 1890, 1915, 1937 və 1951-ci illərdə minlərlə erməni Xankəndiyə köçürülüb. Azərbaycanda sovet hökuməti qurulandan sonra 1923-cü il iyul ayının 7-də respublika mərkəzi icraiyyə komitəsinin dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb və onun mərkəzi Xankəndi şəhəri olub. Vilayət yaradılandan iki ay sonra keçmiş vilayət partiya komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert adlandırılıb. Azərbaycanlılar və ermənilərlə yanaşı, şəhərdə az da olsa rus və digər millətlərin nümayəndələri də yaşayıb. Şəhər Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayıb. Xankəndidə Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tuturdu. İldən-ilə şəhərin hüdudları genişlənir, burada yeni yaşayış massivləri tikilir, dövlət pedaqoji institutu yaradılır, yeni sənaye müəssisələri işə salınırdı. Bütün rəhbər vəzifələrdə yalnız ermənilər çalışırdılar, azərbaycanlı kadrlara qarşı mənəvi terror həyata keçirilirdi, onlar ikinci, üçüncü dərəcəli işlərdə işləyirdilər. Ermənilər irqi, dini ayrı-seçkiliyi açıq-aşkar büruzə verir, 1988-ci ilin fevral ayından azərbaycanlılara qarşı terror və sui-qəsd, ağır cinayətlər törətməyə başladılar. Ermənilər keçmiş vilayətdə hadisələri çox sürətlə və planlı şəkildə törədir, Ermənistanla birləşmək haqqında qərarlar qəbul edir, buraya erməni silahlı dəstələrini gətirir, azərbaycanlıları öz doğma yurdlarından qovurdular.

Azğınlaşmış ermənilərin şovinist hərəkətlərinin qarşısını almaq üçün respublika Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə şəhərin tarixi adı qaytarılaraq Xankəndi şəhəri adlandırıldı. Xankəndiyə nəzarəti əldə saxlamaq üçün burada respublika təşkilat komitəsi yaradıldı və V.Polyaniçko həmin quruma rəhbər təyin edildi. Bundan əvvəl isə keçmiş sovetlər birliyinin rəhbəri, xalqımızın qatı düşməni, əlləri dirsəklərinə qədər azərbaycanlıların qanına batan Qorbaçov öz emissarı A.Volskini Xankəndiyə nümayəndə göndərmişdi. Volskinin bölgəyə gəlişindən sonra ermənilər daha da qızışdılar, demək olar ki, hər gün azərbaycanlıları qətlə yetirir, evlərini yandırır, sərnişin avtobuslarını gülləbaran edir, bir sözlə, çox ağır cinayətlər törədirdilər. Həmin bədnam Volskinin dövründə keçmiş vilayət iqtisadi müstəqilliyini elan etdi və Azərbaycan hökuməti burada öz nəzarətini itirdi. 1988-ci ildə baş verən Sumqayıt hadisələrindən sonra ermənilərin hamısı Xankəndidə məskunlaşdılar.

Həmin illərdə ermənilərin Qarabağda törətdikləri cinayətlərin və terror hadisələrinin xronologiyasına nəzər salaq. 1988-ci il fevralın 20-də Xankəndi şəhər mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Fevralın 22-də Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndiyə dinc yürüş etdi. Lakin Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən onların qarşısı kəsildi və iki nəfər ağdamlı gənc - Əli və Bəxtiyar qətlə yetirildi, onlarla azərbaycanlı yaralandı. Münaqişənin ilk qurbanları Ağdam əhalisi tərəfindən qəhrəman kimi dəfn edildilər. Həmin ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgeneloq xəstəxananın həyətində ermənilər tərəfindən vəhşiliklə döyülərək qətlə yetirildi. 1989-cu il iyunun 28-də Badara qəsəbəsindən Meşəli kəndinə gedən şose yolunda quraşdırılmış partlayıcı qurğunun ermənilər tərəfindən işə salınması nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralandı. 1990-cı ilin may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam sərnişin avtobusu ermənilər tərəfindən partladıldı, insan tələfatı oldu. 1991-ci il sentyabrın 20-də Şuşa-Ağdam şose yolundakı körpü partladıldı və cinayəti törədən erməni Artur Abramyan 15 il müddətinə azadlıqdan məhrum edildi. Erməni cinayətlərini saymaqla qurtaran deyil.

Qeyd edək ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən terror və qətl hadisələrinin iştirakçılarının çoxu cəzasız qaldı. İki il bundan əvvəl müzəffər Azərbaycan ordusunun bölmələri Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi və bütün günahsız azərbaycanlıların qisası alındı, düşmən məhv edildi, diz çökdürüldü, kapitulyasiyaya məcbur oldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi. Tarixin ironiyasına baxın. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yarandığı gün həmin ərazilərdə 88 ildən sonra eyni ayın eyni günündə Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb.

Üçtərəfli Bəyannamənin şərtləri ermənilər tərəfindən kobud şəkildə pozulur, azərbaycanlı əhalinin Xankəndiyə qayıdışına maneçilik törədilir. Bu gün Xankəndinin azərbaycanlı əhalisi Bakı, Gəncə, Sumqayıt, Naftalan şəhərlərində, Abşeron, Ağcabədi və digər rayonlarda məskunlaşıb. Onlar doğma şəhərə qayıdacaqları günü ümidlə gözləyirlər. Ağdərə, Vəng, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd qədim Azərbaycan torpaqlarıdır və bu yerlərdə əsrlər boyu azərbaycanlılar yaşayıb. Yaxın zamanda həmin yurd yerlərinə də ləyaqətlə qayıdacağıq...

Salman ALIOĞLU,

"Respublika".