Məlum olduğu kimi, Yevlax şəhərində baş tutan görüşdən sonra Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Bu yöndə növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
Xatırladaq ki, hələ 2021-ci ildə "Azərenerji" tərəfindən inşa olunan və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. Həmin ilin sentyabrından etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksəkgərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Həyata keçirilən işlər nəticəsində proses artıq yekunlaşıb. Bununla yanaşı, "Azərenerji" və "Azərişıq" ASC-nin əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Beləliklə, Xankəndidə artıq Azərbaycan işığı yanır.
Bu barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Qarabağın inteqrasiya prosesini çox intensiv şəkildə həyata keçirir. Qarabağda yaşayan sakinlərə ərzaq, tibbi ləvazimat və yanacağın göndərilməsi, lokal xarakterli antiterror tədbirlərindən sonra iki görüşün keçirilməsi, Baş nazirin müavininin sədrliyi ilə İşçi qrupunun yaradılması və eyni zamanda Xankəndinin Azərbaycan elektrik enerjisi ilə təmin edilməsi məhz bu kontekstdə qiymətləndirilməlidir. Xankəndinin elektrik enerjisini artıq Ermənistandan deyil, Azərbaycandan alması kifayət qədər vacib bir addımdır. Bu, Qarabağın inteqrasiyası baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir. Qarabağda həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Azərbaycan bölgədə, eləcə də Xankəndidə öz suverenliyini tam bərpa etdi. Xankəndinin Azərbaycandan mavi qaz alması da məhz ölkəmizin suverenliyinin bərpasının göstəricisidir. Şübhəsiz, növbəti dövrlərdə digər istiqamətlərdə - Xankəndi daxil olmaqla artıq 30 ildən artıq müddətdə erməni işğalında qalmış şəhər və kəndlərin Azərbaycana inteqrasiyası prosesi həyata keçiriləcək. Bu gün praktiki olaraq biz Azərbaycanın öz ərazisində suverenliyinin bərpa olunmasını müşahidə etdik. Təbii ki, bu da Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə baş tutdu.
Nəzrin ELDARQIZI,
"Respublika".