“Xarı bülbül” səhnələri dolaşır
Region

“Xarı bülbül” səhnələri dolaşır

Qəhrəmanlıq və məğrurluq rəmzinə çevrilən 44 günlük Vətən müharibəsində  qazandığımız böyük zəfər xalqımızın qəlbində əbədiyyət çırağı yandırmışdır. Bu şanlı qələbədən hər kəs qürur duyur, onu bizlərə bəxş edən rəşadətli ordumuz və onun müzəffər Ali Baş Komandanı İlham Əliyevlə fəxr edir. Qarabağ kimi cənnət məkanı canları, qanları bahasına yağı düşməndən alıb bizlərə həmişəlik əmanət edən, torpaqlarımızda zəfər bayrağını dalğalandıran qəhrəman Vətən  oğullarının əziz xatirəsini hər kəs ürəyində böyük sevgi və ehtiramla yaşadır. İndi söhbətimizin, sözümüzün əvvəli də, axırı da bu igid oğullarımız və zəfərimiz  haqqındadır.

Bu günlərdə mədəniyyət ocaqlarında keçirilən silsilə tədbirlər də  yaxınlaşmaqda olan “Zəfər günü”nə həsr olunub. Xeyli vaxtdır ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran rayon Mədəniyyət Mərkəzində “Xarı bülbül” tamaşası səhnəyə qoyulmuşdur. Müəllifi Aybəniz Əliyar, ssenari müəllifi və rejissoru Şabran Xalq Teatrının bədii rəhbəri Cabir Əmrahov olan “Xarı bülbül” tamaşası bu dəfə Siyəzən Rayon Mədəniyyət Mərkəzinin səhnəsində oynanılmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü şair Aybəniz Əliyarın “Xarı bülbül” pyesində Hikmət adlı nişanlı bir gəncin döyüş yolu  və nişanlısının timsalında mərd Azərbaycan qadınının Vətənə sədaqəti əks olunur. Əsərdə yetişməkdə olan gəncliyə aşılanan haqq savaşımızdakı uğurlarımız və birliyimizin sayəsində qazandığımız böyük Zəfər öz əksini tapır.  Rayonlarımız işğaldan azad olunduqca xalqın sevinci, qaçqın və köçkünlərimizin 30 illik həsrəti və şəhid analarının ürək ağrıları pərdə-pərdə çözülür. Şabran Xalq Teatrının professional aktyor heyətinin hər bir  üzvü bu sevinci, ağrını, həsrəti öz qəlblərində duyaraq, yaşayaraq tamaşanın hazırlanmasında böyük əmək sərf etmişlər.

Sonda uğurlu tamaşaya görə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tərəfindən Xalq teatrının kollektivinə Fəxri fərman təqdim olunmuşdur. Tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid ailələri və qazilər iştirak etmişlər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.