Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
Diaspora

Xaricdə təhsil almış məzunlar Ağdamda olublar

İyulun 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə 71 nəfər Dövlət Proqramı və HTP məzunu iştirak edib. Həmin məzunlar dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas və təhsil səviyyələri üzrə təhsil alıblar. Onlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar.

Səfər çərçivəsində Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət təşkil edilib. Məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrı qarşısında milli folklor nümunələrindən “Sarı gəlin”, “Heyratı Azərbaycan”, eyni zamanda “Rast fraqmenti Niyazi”, “Vivaldi-summer” ifa olunub. Bununla yanaşı, səfər zamanı Ağdamın Baş Planı ilə tanış olublar. 

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı məzunlara təqdim edilib.

Türkiyənin Bilkent Universitetində təhsil almış Zöhrə Qaragöz işğaldan azad edilmiş ərazilərdə gördükləri onu dəhşətə gətirdiyini söyləyib: “Təbii ki, Ağdama ilk gəlişimdir. Heç bir söz, heç bir cümlə hisslərimi ifadə edə bilməz. Uşaq vaxtından mən Qarabağın necə gözəl bir guşə olduğunu bilirdim. Amma indi görürəm ki, o gözəllikdən əsər-əlamət qalmayıb. İnanıram ki, törədilən bu vandalizm aktları cəzasız qalmayacaq və biz əksinə daha da güclü və inamla Qarabağımızı yenidən quracağıq”.

Dövlət xətti ilə xaricdə təhsil alan gənclərin işğaldan azad olunmuş ərazilərə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayan Çin Xalq Respublikası UİBE Universitetində təhsilini başa vuran Bəxtiyar İslamov deyib: “Hər birimizin təhsil aldığımız ölkələrdə öz əhatəmiz var. Biz xaricdəki dostlarımız vasitəsilə doğma torpaqlarımızda törədilən bu vəhşilikləri bütün dünyaya çatdıracağıq”.

Səfərin sonunda Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbəsi Gülşən Baxşəliyeva tərəfindən çəkilmiş və 44 günlük Vətən müharibəsinin xüsusi elementlərini özündə ehtiva edən incəsənət əsəri yerli və əcnəbi vətəndaşların baxışı üçün Ağdam şəhəri də daxil olmaqla rayonun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim olunub, xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı dövlət hesabına xaricdə təhsil almış gənclər müharibədən zərər çəkmiş hərbçilərimizə səhiyyə xidmətinin göstərilməsində, həmçinin sosial media hesablarında, ictimai və diplomatik platformalarda ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini veriblər.

AZƏRTAC