Xaricdə yaşayan soydaşlarımız : Gənc alimin uğurları
Sosial həyat

Xaricdə yaşayan soydaşlarımız : Gənc alimin uğurları

Bu gün gənc nəslin təlim-tərbiyəsi, vətənə layiq yetişdirilməsi dövlət siyasətində önəmli yer tutur. Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə öz səmərəli fəaliyyətləri ilə harada çalışmalarından asılı olmayaraq ölkəmizin adını daha da yüksəldir, Azərbaycanı layiqincə təmsil edirlər. Ulu öndər vurğulamışdır ki, ölkəmizin gələcəyi Azərbaycan gəncliyindən asılıdır. Ona görə də yetişən gənc nəslin yüksək intellektual biliyə malik olması ən vacib məsələlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev 3 oktyabr 2008-ci ildə Azərbaycan gənclərinin V forumundakı çıxışında demişdir ki, dövlətin gənclərlə bağlı siyasəti gələcəyə ünvanlanmış və gənclərin elm, təhsil və digər sahələrdə əldə etdikləri uğurlar respublikamızın qürurudur. Bu gün artıq yetişmiş gənc kadrlarımız nəinki ölkəmizdə, MDB məkanında, hətta Avropa və dünyanın bir çox ölkələrində bilik və bacarıqları ilə öz sözlərini deyirlər. Onların əldə etdikləri uğurlar hər birimizi sevindirir. Gənclərin xaricdə təhsil almaları üçün böyük sərmayələr qoyulub, dünya dövlətlərinin bir çox təhsil ocaqları ilə beynəlxalq əlaqələr qurulub. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da gənclərə dövlət qayğısının artırılmasına xidmət edir. Proqramda Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil almaları da nəzərdə tutulmuşdur. Bu proqramın icrası bütövlükdə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına böyük töhfələr verməkdədir.

Bugünkü həmsöhbətimiz Fuad Mehrəliyev də dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş gənclərimizdən biridir. İş fəaliyyətini xarici ölkədə davam etdirən Fuad müəllim bu gün respublikamızdan kənarda pedaqoji fəaliyyətlə məşğuldur və Azərbaycanımızı çox uzaqlarda layiqincə təmsil edir. Biz Fuad Mehrəliyevin Azərbaycana, doğma Vətəninə qısamüddətli gəlişindən istifadə edərək onunla görüşüb həmsöhbət olduq. Ondan özü və fəaliyyəti barədə bizə məlumat verməsini xahiş etdik. Fuad müəllim söhbətimizdə deyir:

—1987-ci ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə 193 saylı orta məktəbi əla qiymətlərlə bitirmiş və Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Turizm ixtisasına bakalavr pilləsi üzrə 612 (fakültə üzrə ən yüksək) balla daxil olmuşam. 2008-ci ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Bundan sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dövlət təqaüdü ilə Turizm ixtisası üzrə magistratura təhsilimi İsveçin Umea Universitetində almışam. Sonra isə doğma Vətənə, Azərbaycana qayıdaraq pedaqoji fəaliyyətimi davam etdirmişəm. Belə ki, 2012-2016-cı illərdə ölkəmizin nüfuzlu özəl ali təhsil ocaqlarından biri sayılan  Qərb Universitetində İşgüzar İnzibatçılıq fakültəsinin İqtisadiyyat, Marketinq və Menecment kafedrasında Turizmyönümlü fənləri tədris etmiş və eyni dövrdə, Bakı Dövlət Universitetində və Azərbaycan Turizm və Menecment Universitetində də dərslər aparmışam.

Qeyd edək ki, Fuad Mehrəliyev 2016-cı ildə Honq Konqda doktorantura pilləsi üçün ən yüksək tədqiqat qrantı sayılan “Hong Kong Ph.D. Fellowship Grant” qazanaraq, Honq Konq Politexnik Universitetinin doktorantura pilləsinə daxil olaraq, 2019-cu ildə “Turizm və Qonaqpərvərlikdə Sosial Medianın Qüvvəsi: Nəzəri əsasları və emprik sübutları” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir. Vurğulayaq ki, qeyd olunan universitet dünyanın ən yaxşı 100 universiteti siyahısına daxil edilib. Məşhur QS sıralamasında ümumən 66-cı yerdə, Turizm sahəsində isə ilk onluqdadır. Şanxay sıralamasına əsasən isə bu universitet turizm sahəsində liderdir, dünyada birinci yerdədir. Fuad Mehrəliyev onu da vurğuladı ki, 2018-ci ildə Florida Universitetinin dəvəti ilə 3 ay müddətində Amerika Birləşmiş Ştatlarında “qonaq professor” kimi fəaliyyət göstərmişdir. Hazırda isə Honq-Konq Open Universitetində Araşdırma üzrə yardımçı professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir.   

Fuad Mehrəliyev aktiv tədqiqatçıdır. Fəaliyyəti dövründə keyfiyyət göstəricisi kimi tanınan Web of Science indeksli jurnallarda ümumən 17 məqalə dərc etmişdir. Bunlardan 11-i Qİ səviyyəli çox yüksək impakt faktora malik birinci dərəcəli jurnallardır. Elmi araşdırmalara əsasən turizm, qonaqpərvərlik və rekreasiya sahəsini əhatə edir. Məxsusən sosial media və “ağıllı turizm” kimi mövzularda məqalələrlə çıxış edir. Son dövrlərdə sentiment təhlil və böyük data təhlilləri mövzusunda yazdığı məqalələr olduqca maraqla qarşılanmışdır.

Turizm sahəsinin ən reputasiyalı jurnalı sayılan “Turizm Menecmenti” jurnalında və eləcə də ilk beşlikdə yer alan jurnalların hər birində məqalələri dərc olunmuşdur. Google scholar göstəricilərinə görə məqalələri ümumilikdə 200-dən çox istinad almışdır. Yeni fəaliyyətə başlamış “İnternational Journal of Contemporary Hospitality Management” jurnalında isə redaktorlar heyətinin üzvü kimi də fəaliyyət göstərməkdədir. Bundan başqa, Fuad müəllim sosial aktivliyi ilə də gündəmə gəlmişdir. Belə ki, Azərbaycan gənclərinin faydalanması üçün “Mehrəliyev Elmi Araşdırma Klubu”nu təsis etmiş və ödənişsiz əsaslarla elmi araşdırma ilə bağlı biliklərini sosial media üzərindən azərbaycanlı gənc tələbə və müəllimlərlə bölüşməkdədir. Fuad Mehrəliyev onu da vurğulayır ki, gələcək planlarında isə ödənişsiz əsaslarla Azərbaycan dilində Araşdırma metodları fənninin tədrisinin təşkili də vardır.

 Əli SADIQOV,

“Respublika”.