Xarici diplomatlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər
Digər xəbərlər

Xarici diplomatlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

Avqustun 26-da Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə əməliyyatlarını izləyiblər.

AZƏRTAC xəbər verir ki, iştirakçılara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, bu kənddə 38 ədəd partlamamış hərbi sursat aşkar olunub. Evlərin mütləq əksəriyyəti dağıdılıb ki, bu dağıntılar altında da ermənilər tərəfindən partlamamış hərbi sursatlar aşkarlanıb. Kənd ərazisinin bu gün tamamilə təmizləndiyi, şəhərsalma üçün təhvil verildiyi qeyd edilib.

Sonra xarici diplomatlar minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Daha sonra xarici səfər iştirakçıları Füzuli şəhərində olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xarici diplomatlara şəhərin tarixi barədə məlumat verib. Səfər iştirakçılarına işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar göstərilib. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

AZƏRTAC