Xarici media nümayəndələri Füzulidə erməni barbarlığının şahidi olublar
Digər xəbərlər

Xarici media nümayəndələri Füzulidə erməni barbarlığının şahidi olublar

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş media nümayəndələri Ermənistan işğalından azad olunmuş Füzuli rayonuna səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov Füzuli Beynəlxalq Hava Limanına gələn xarici media nümayəndələrinə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri barədə məlumat verib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr reallaşdırılır, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Füzuli və Zəngilan beynəlxalq hava limanları artıq istifadəyə verilib. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun həyata keçirilib.

Səfər iştirakçıları sonra Merdinli kəndində erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Merdinli kəndini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı nifrətini göstərib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Media nümayəndələrinə, həmçinin ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.

Xarici jurnalistlər sonra Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, yaxud suya ehtiyac olmayan vaxtlarda anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olublar. Diqqətə çatdırılıb ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar məhv edilib. Media nümayəndələrinə, həmçinin Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar Şuşa şəhərinə yola düşüblər.