Xarici ölkələrin hərbi attaşeləri Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baxış keçiriblər
Digər xəbərlər

Xarici ölkələrin hərbi attaşeləri Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baxış keçiriblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbi attaşelər kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baxış keçiriblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nümayəndələri onları ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlər barədə ətraflı məlumatlandırıblar.

Bildirilib ki, Xocavənd rayonunun Edilli kəndində 3 kütləvi məzarlıq aşkar olunub. Daha əvvəl aşkarlanan iki məzarlıqda müvafiq olaraq 7 və 6 skelet tapılıb. Bu günlərdə aşkarlanan üçüncü məzarlıqda isə məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığı tapılıb. İlkin baxışda kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunur.

Qeyd edilib ki, Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın soydaşımız itkin düşüb, onların talelərindən hələ də məlumat yoxdur. Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb. Buna baxmayaraq, axtarış işləri bundan sonra da davam etdiriləcək. Qarabağın digər bölgələrində də belə məzarlıqların olacağı istisna deyil.

Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu. Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.

Bildirilib ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC