Xarici ölkələrin hərbi attaşeləri Gəncədə erməni terroru  qurbanlarının xatirəsini anıblar
Sosial həyat

Xarici ölkələrin hərbi attaşeləri Gəncədə erməni terroru  qurbanlarının xatirəsini anıblar

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsini anıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 14-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbi attaşelər Vətən müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət edib, həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstələri düzüblər.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq mülki əhali arasında maksimum itki vermək məqsədilə Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Naftalan, Abşeron və Xızı rayonlarının qəsdən ballistik raketlər və digər ağır artilleriya qurğuları ilə bombalandığı barədə ətraflı məlumat verib.

Bildirilib ki, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər isə yaralanıb. Yaralananlardan biri də sonradan xəstəxanada həyatını itirib.

Ümumiyyətlə, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla, 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.

Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq və 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.

Səfər çərçivəsində hərbi attaşelər Nizami Gəncəvi Məqbərə Kompleksində də olublar. Burada onlara dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verilib.

AZƏRTAC