Xarici və daxili investisiyaların ölkənin iqtisadi inkişafında əhəmiyyəti
İQTİSADİYYAT

Xarici və daxili investisiyaların ölkənin iqtisadi inkişafında əhəmiyyəti

İnkişaf etməkdə olan ölkələr üçün investisiyalar iqtisadi inkişaf və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Xarici investisiyalar məhsuldarlığın artırılması, texnologiyanın bir ölkədən digərinə ötürülməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi iqtisadi artımı təmin etməklə milli iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradır. Sovet İttifaqının süqutundan sonra Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr bazar iqtisadiyyatına keçməyə başladılar. Bu proseslər öz növbəsində beynəlxalq transmilli şirkətlərin bölgəyə gəlməsinə şərait yaradırdı və xarici investisiyaların artmasına səbəb olurdu. Beləliklə, xarici investisiyalar onları qəbul edən ölkələrin iqtisadiyyatlarının potensialını məhdudlaşdırmamağa kömək edərək, yeni texnologiyaların və resursların hərəkətini və köçürülməsini, islahatların həyata keçirilməsini, maliyyə institutlarının yaradılmasını sürətləndirirdi.

Dünyada o dövlətlər dinamik və sabit inkişaf edir ki, onlar gələcəyə hədəflənən düşünülmüş strategiyaya malikdir. Son 10 il ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə ölkəmizin iqtisadi qüdrəti daha da artmışdır. Hazırda Azərbaycan özünün iqtisadi inkişaf modelinə görə dünyada nümunə göstərilir və bu təcrübə geniş yayılmaqdadır.

Ölkənin qeyri-neft potensialının gücləndirilməsi, onun infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara uyğun rəqabətqabiliyyətli ixracat məhsulları istehsal etmək gücündə olan sənaye sektorunun yaradılması və inkişaf etdirilməsi zəruriliyi həm ölkənin daxili iqtisadi inkişaf modelinin, həm də dünya iqtisadiyyatının müasir inkişaf meyillərinin tələbləri ilə bağlıdır. Məhz, ona görə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eləcə də “Milli   İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində” qeyri-neft sənaye sahələrinin inkişaf etdirilməsi prioritet sahələr kimi qeyd edilmiş və onun diversifikasiyasının zəruriliyi ön plana çəkilmişdir. Qeyri-neft sənaye sahələrinin inkişaf  etdirilməsi həm regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, həm də dövlət büdcəsinin gəlirlərinin artırılması və onun müxtəlif mənbələrdən formalaşdırılması, ixrac gəlirlərinin artırılması, idxalı əvəz edən və ixracyönümlü, geniş çeşidə malik sənaye məhsullarının istehsalı  baxımından önəmli hesab edilir.

Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən əlverişli investisiya məkanlarından birinə çevirməkdədir. Azərbaycana yatırılmış investisiyaların həcminə görə son illərin statistikasına nəzər yetirsək görərik ki, iqtisadiyyata qoyulan 270 milyard dollarlıq investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir.

Azərbaycandakı sabitlik, xarici investorlara yaradılan əlverişli şərait iş adamlarının diqqətini daim cəlb edir. Bu səbəbdəndir ki, xaricdən ölkəyə investisiya, sərmayə qoymaq istəyənlərin sayı çoxalır. 2015-ci ilin ortalarından etibarən Azərbaycan hökuməti tərəfindən ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması (lisenziya və icazələrin azaldılması, prosedurların asanlaşdırılması və s.), sahibkarlıq sahəsində olan yoxlamaların 2021-ci ilədək olan müddətə qismən dayandırılması, investisiyaların təşviq edilməsi (məsələn, “investisiya təşviqi sənədi”nin tətbiqi və həmin sənədi alanlara 7 il müddətinə vergi güzəştlərinin verilməsi, habelə layihə çərçivəsində idxal olunan texnika və texnologiyanın ƏDV və rüsumdan azad edilməsi), sənaye parklarının yaradılması (parkların rezidentlərinə də 7 il müddətinə vergi güzəştləri tətbiq olunur, habelə onların istehsal məqsədi üçün idxal etdikləri texnika və texnologiya ƏDV-dən və rüsumdan azad olunur), yerli istehsalın himayə edilməsi və daxili bazarın qorunması, qeyri-neft ixracının stimullaşdırılması (ixrac təşviqinin tətbiqi, xarici ölkələrdə ixrac missiyalarının təşkili və ticarət evlərinin açılması və s.), idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiqi, bir sıra kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması və s. kimi çox sayda qərarlar qəbul edilib və tədbirlər həyata keçirilib.

Son 10 ildə Prezident İlham Əliyevin əsas hədəflərindən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək olub. Bu səbəbdən də ölkədə iqtisadi müstəqillik əsas prioritet olub və siyasi müstəqillik üçün bünövrə rolunu oynayıb. Əgər müstəqillik dövründən 2015-ci ilədək ölkə iqtisadiyyatına 206 milyard dollar həcmində investisiya cəlb olunmuşdusa, 2019-cu ildə bu rəqəm 270 milyard dollar həcminə yüksəlib. Yəni 5 ilə 64 milyard manatlıq investisiya artımı qeydə alınıb.

Bu dövr ərzində ölkəmizdə ümumdaxili məhsul 3.3 dəfə artıb, ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 51 milyard dollara çatıb. Ötən illərdə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,184,3 milyon manat vəsait yönəldilib. Möhtəşəm inkişaf və islahatlar mərhələsini yaşamaqda olan Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır.

Prezident İlham Əliyev  Davosda çoxsaylı dövlət və hökumət başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə görüşləri zamanı investorlara çağırış etdi. Bu xüsusda Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanmasını, “Procter and Gamble Europe” şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsini, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın “LukOİL” şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunmasını, “Sighify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə edilməsini, “Carlsberg Group” şirkətinin ölkəmizə investisiyalarını artırmaq niyyətində olmasını və Azərbaycanda sığorta bazarının inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələlərinin müzakirə edilməsini nəzərə alsaq, deyə bilərik ki, 2020-ci ildə Azərbaycan iqtisadi sahədə mühüm nailiyyətlər əldə etmişdir. İlk növbədə ölkəyə yatırılan investisiyaların həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) hər il dünya ölkələrində birbaşa xarici investisiyaların (BXİ) durumu ilə bağlı xüsusi illik hesabatlar hazırlayır.  Həmin hesabatlarda BXİ-nin artım dinamikası, xarici investisiyaların cəlb edilməsi üçün hökumətlər tərəfindən həyata keçirilən tədbirlərin xülasəsi və mühüm inkişaf meyilləri ümumiləşdirilərək təqdim olunur. Təşkilatın “İnvestisiyalar və yeni sənaye siyasətləri” (İnvestments and New İndustrial Policies) mövzusuna həsr edilmiş 2018-ci il hesabatına əsasən 2017-ci ildə qlobal BXİ axınlarının məbləği 1.43 trln. ABŞ dolları məbləğində olub ki, bu da 2016-cı illə (1.87 trln. ABŞ dolları) müqayisədə 23 faiz azalma deməkdir. Hesabatda qeyd edilir ki, 2017-ci ildə 65 ölkədə investisiyalarla bağlı 126 qərar qəbul edilib ki, bunun da 84 faizi investorlar üçün əlverişli olub (2016-cı ildə 58 ölkədə 124 investisiya siyasəti qərarı verilmişdi). Bu qərarlar ayrı-ayrı sahələrdə (nəqliyyat, energetika və istehsal sahələri də daxil olmaqla) giriş maneələrinin aradan qaldırılması, inzibati prosedurların azaldılması və stimullaşdırıcı mexanizmlərin yaradılmasına yönəldilib.

Beynəlxalq təşkilatlarla yanaşı ayrı-ayrı regional təşkilatlar da BXİ axınları üzrə araşdırmalar aparırlar. Xüsusilə Avrasiya və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivələrində aparılan araşdırmalarda Azərbaycanla bağlı ortaya çıxan nəticələr maraq doğurur.  Məsələn, Avrasiya İnkişaf Bankının “MDB ölkələrində qarşılıqlı investisiyaların Monitorinqi-2017” hesabatında göstərilir ki, Azərbaycanın MDB ölkələrinə qoyduğu investisiyanın məbləği (illər üzrə toplam)  2016-cı ildə 2.4 mlrd. ABŞ dolları səviyyəsinə çatıb, halbuki həmin ölkələrdən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyanın məbləği 0.91 mlrd. ABŞ dolları (bunun 0.89 mlrd. dolları Rusiyanın payına düşür) olub. Avrasiya İnkişaf Bankının “Avrasiya İqtisadi Birliyi və Avrasiya materiki ölkələri: birbaşa investisiyaların monitorinqi və analizi - 2017” adlı  digər bir tədqiqatına əsasən Azərbaycan Avrasiya İqtisadi Birliyindən kənarda olan MDB ölkələri arasında kapital ixracına görə liderdir: 5 ildə (2012-2016-cı illər nəzərdə tutulur) MDB-dən kənar Avrasiya ölkələrinə Azərbaycandan daxil olan BXİ orta illik artım tempi 41 faiz olub. Həmin tədqiqata görə 2016-cı ilin sonuna qeyd edilən regionda Azərbaycanın toplam (ümumi) BXİ-nin məbləği 16.9 mlrd. ABŞ dolları məbləğində olub ki, bunun da ѕ-ü Türkiyə iqtisadiyyatına yönəldilib.

Prezident İlham Əliyev deyib ki, sənayenin inkişafı ilə bağlı hazırda texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, infrastrukturun qurulması, yolların çəkilməsi dövlət hesabına olan məsələlərdir. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır.

Ölkəmizdə  qeyri-neft sektoru sahəsinə xüsusi diqqət yetirilməsi və həyata keçirilmiş kompleks tədbirlər  İKT-nin də sürətli inkişafına gətirib çıxaran innovativ fəaliyyət platformasının təşəkkül tapmasına şərait yaratmışdır. Hazırda innovativ rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi (bu gün Azərbaycan dünyanın kosmos ölkələri ailəsinin üzvüdür), vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron-hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə olunması, yüksəkixtisaslı kadrların hazırlanması və görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası siyasəti uğurla davam etdirilir.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də real uğurlar əldə edilir. Azərbaycan dövləti iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafında görür və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını müəyyənləşdirən sahələrdə islahatlar həyata keçirir. Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsini şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Ən əsası, dövlətin qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək, növbəti illərdə həyata keçiriləcək çox ciddi islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracaqdır.

Prezident İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş və rəqabətədavamlı dövlətlər səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək, eyni zamanda, Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

Bəybala BƏYBALAYEV,

“Respublika”.