Xarkov şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olub
Mədəniyyət

Xarkov şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olub

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib. Abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşəbbüsü və  maliyyə dəstəyi, ölkəmizin Ukraynadakı səfirliyi ilə Xarkov şəhər meriyası arasında imzalanmış memoranduma  əsasən  ucaldılıb. Abidənin müəllifi Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin fəxri vətəndaşı, tanınmış heykəltəraş Katib Məmmədovdu.

Abidənin ucaldıldığı park Ukrayna  Milli Dəmiryolu və Aqrar Universitetlərinin kəsişməsində  yerləşir. Minlərlə yerli və xarici tələbələrin görüş yeri olan istirahət parkında Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən böyük abadlıq işləri aparılıb. Yerli sakinlərin asudə vaxtlarını xoş və mənalı keçirmələri üçün parkda yeni işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb. Ərazidə yaşıllaşdırma işləri həyata keçirilib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin böyük ustalıqla hazırlanmış abidəsi ilə İstirahət parkında yaradılmış füsunkarlıq vəhdət təşkil edir.

Dahi Azərbaycan şairinin abidəsinin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, Xarkov vilayət Administrasiyasının rəsmiləri, deputatlar, Azərbaycanın diasporunun fəalları və  şəhər sakinləri iştirak ediblər.  Ukrayna və Azərbaycanın dövlət himnlərinin sədaları altında  başlanan açılış mərasimində  çıxış edən İqor Terexov bildirib ki, dünyanın poeziya xəzinəsinə böyük töhfələr vermiş  dahi Azərbaycan şairi Nizami Gəncəvinin Xarkov şəhərində abidəsinin ucaldılması ölkələrimiz və xalqlarımız  arasındakı  sarsılmaz tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək “Mən Azərbaycan dövlətinə  öz dərin minnətdarlığımı bildirirəm ki, Nizami Gəncəvi kimi dahi filosof və mütəfəkkirin  abidəsinin ucaldılması  üçün Xarkov şəhərini seçib”, - deyə İqor Terexov əlavə edib.

N.Gəncəvinin abidəsinin Xarkov şəhərinin mərkəzində  ucaldılmasını tarixi hadisə adlandıran Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın dahi şairinin xatirəsinin  Ukraynanın ilk paytaxt şəhərində əbədiləşdirilməsinə görə dost ölkənin dövlət və hökumət rəhbərliyinə minnətdarlığını bildirib. “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Bu gün bu qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə Elnur Əliyev vurğulayıb.

Səfir Elmira Axundova isə çıxışında Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılmasını Azərbaycanla Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Milli Məclisin deputatı Rüfət Quliyev, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov çıxış edərək,  tarixi hadisəyə şahidlik edənlərə  təbriklərini çatdırıblar. Abidənin müəllifi Ukraynanın Xalq rəssamı Katib Məmmədov ona göstərdikləri dəstəyə görə, Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğuna, Azərbaycanın Ukraynadakı səfirliyinə və Xarkov şəhər meriyasının rəhbərliyinə təşəkkürünü bildirib. Bundan sonra Nizami Gəncəvinin abidəsinin üzərindəki örpək açılıb.

Tədbir Xarkov Vilayət Filarmoniyasının binasında təşkil olunmuş konsertlə davam etdirilib. Konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Xarkov Simfonik Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Möhsüm QƏDİROĞLU,

“Respublika” qəzetinin Ukrayna və

 Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.