Xatirə bulaq-kompleksi əbədi ehtiramdır
Region

Xatirə bulaq-kompleksi əbədi ehtiramdır

Şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq-kompleksinin açılışı olub.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov,  hüquq-mühafizə orqanlarının rəhbərləri,  Kəlbəcər RİH-in məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri,   rayon təhsil şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi qaziləri,  ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.  Öncə  vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olan vətən övladlarının şəkillərindən ibarət fotostendlərə baxış keçirilib,  Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  2 nömrəli məktəbin direktoru Aqil Muxtarov və şəhid Anar Əliyevin atası Vaqif Əliyev şəhidlərimizin adına tikilmiş bulağın açılışını bildirən lenti kəsiblər,  üzərindəki ağ örtük qaldırılıb.  Vətən oğullarının əziz xatirəsi böyük ehtiramla yad edilib.   RİH başçısı Azər Qocayev vurğulayıb ki,  şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsi heç zaman unudulmayacaq.  Rayon rəhbəri  bildirib ki,  bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidlərimizi gələcək nəsillərə tanıtmaqdır.  

Bulaq-kompleksinin açılışında YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək Vətən müharibəsinin bütün dünyaya səs saldığını qeyd edib.  Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğunu söyləyib.  Həbib Misirov şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açaraq bildirib ki,  dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz və xalqımız tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir,  xatirələri əbədiləşdirilir.

Tədbirdə Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin musiqi kollektivinin və məktəblilərin ifasında Vətənə,  ordumuza,  şəhidlərimizə həsr olunan şeirlər ,  musiqilər səsləndirilib.

Zabit XƏLİLOV,

“Respublika”.