Xatirə kompleksi
Region

Xatirə kompleksi

Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutmaqla yanaşı, məhv edilən düşmənin min bir vəhşiliklə göstərdiyi azğın müqavimət xalqımıza yeni itkilər, kədər, hüzn də yaşatdı. Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən şəhid versə də, bu qəhrəmanlar öz möhtəşəm heykəllərini əbədiləşdirərək, mayaka çevrildilər.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayonun ictimai fəalları və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Həsrətov Elməddin Sərdar oğlunun adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş "Şəhid Elməddin bulağı" Xatirə Kompleksinin açılış mərasimi keçirilib. Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları şəhid Həsrətov Elməddin Sərdar oğlunun qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından, şücaətindən söhbət açıb, onunla qürur duyduqlarını dilə gətiriblər. Rayon rəhbəri Məhərrəm Quliyev şəhid ailəsinə başsağlığı verib. Şəhidin ailəsi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".