Xatirələrdə yaşayan insan
Sosial həyat

Xatirələrdə yaşayan insan

Bəzən xatirələr əlindən tutub səni səssiz-səmirsiz ömrün ötən çağlarına aparır. O günlərə boylandıqca həyatda hər şeyin ötəri, gəldi-gedər olduğunu anlayırsan. Acılı-şirinli anlara dönən, yaddaşının bir köşəsində özünə əbədi yer salan qalaqlanmış xatirələrin işığında o günlərə bir anlıq da olsa geri dönmək istəyi isə qəlbinin dərinliyində əbədi qövr edir.

2021-ci il mart ayının 16-sı idi. Artıq iş saatı başlamışdı. Redaksiyaya daxil olanda dəhlizdə əməkdaşlarımızın bir yerə toplaşması diqqətimi cəlb etsə də, bir o qədər də təəccüblənmədim. İlin axır çərşənbəsi olduğundan bayramlaşdıqlarını zənn etdim. Salam verib hal-əhval tutmaq istəyəndə isə hər kəsin üzündəki donmuş ifadə məni çaşdırdı. Baş redaktorumuz Teymur Əhmədov haqqın dərgahına qovuşmuşdu...

Aldığımız xəbər yaşından, vəzifəsindən asılı olmayaraq hər birimizi sarsıtmışdı. Kimisi göz yaşına hakim ola bilmir, kimisi eşitdiyi xəbərin öz təsdiqini tapmamasına ümid bəsləyirdi. Axı Teymur müəllimin sağlamlığına, gümrahlığına sözün yaxşı mənasında həsəd aparır, onun işləmək, yazıb-yaratmaq həvəsinə hamılıqla qibtə edirdik. Yaşamaq həvəsli, tükənməz enerjiyə sahib olan bu insanın belə tez bir zaman kəsiyində ölümə təslim olacağına inana bilmir, ya da ki, inanmaq istəmirdik. Amma xəbər ailəsi tərəfindən verilmişdi. Teymur müəllim artıq aramızda yox idi... Müasir Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, "Respublika" qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədov ömrünün 91-ci ilində vəfat etmişdir.

Teymur Əkbər oğlu Əhmədov 1930-cu il dekabr ayının 25-də Şəmkir şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə 1936-cı ildə vaxtilə deportasiya olunduqları İrəvan şəhərinə köçmüş, Qərbi Azərbaycanın Zəngibasar rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır. 1954-1955-ci illərdə "Sovet Ermənistanı" qəzetində ədəbi işçi, 1955-1958-ci illərdə isə məsul katibin müavini vəzifəsində işləmişdir... 1961-ci ildə İrəvanda "Ülkər" adlı oçerk və hekayələr kitabı və C.Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibətilə "Dostluq nəğməkarı" kitabı çapdan çıxmışdır. 1961-1964-cü illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1966-cı ildə Akademik Mirzə İbrahimovun rəhbərliyi ilə "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-1978-ci illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi çalışan Teymur Əhmədov elmi fəaliyyətə də həmin vaxtdan başlamışdır... 1978-1990-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdir müavini, 1996-cı ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Hikmət", "Yeni fikir" , 1995-ci ildən isə "Respublika" qəzetinin baş redaktoru olmuşdur. 2007-ci ildə Teymur Əhmədovun təşəbbüsü və baş redaktorluğu ilə "Füyuzat" jurnalının 1-ci (33-cü) nömrəsi işıq üzü görmüşdür.

Teymur Əhmədov "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)", "Erməni xəyanəti: Qarabağ, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında erməni cinayətləri (1918-1920-ci illər"), "Abdulla Şaiq" albom-kitabı, "Mirzə İbrahimov. Həyat və yaradıcılığı", "Vedibasarın qanlı-qadalı günləri (1918-1919-cu illər)", "Böyük sənət bahadırı", "Nəriman Nərimanov", "Nəriman Nərimanov: həyatı, mühiti, ədəbi yaradıcılığı", Nəriman Nərimanovun "Seçilmiş əsərləri: dram əsərləri, roman, povest, hekayələr, məqalələr, felyetonlar", beşcildlik "Seçilmiş əsərləri" və s. onlarla kitabın, elmi əsərin, monoqrafiyaların müəllifi idi.

Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun həyat yolu və irsinin öyrənilməsi Teymur Əhmədovun elmi yaradıcılığının əsasını təşkil etmiş, o, "Nəriman Nərimanovun dramaturgiyası", "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq işini müdafiə etmişdir.

 1995-ci ildən ömrünün sonunadək "Respublika" qəzetinin baş redaktoru işləmiş professor Teymur Əhmədov dövlətçiliyimizə xidmət edən görkəmli ədəbiyyatşünas alim, eyni zamanda dəyərli elm təşkilatçısı və jurnalist idi. Tanınmış alimin zəngin elmi fəaliyyəti, xalqımızın tərəqqisi yolunda əvəzolunmaz xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 1982-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına, akademik Yusif Məmmədəliyev adına mükafat və medala, 2002-ci ildə "Tərəqqi" medalına layiq görülən Teymur Əhmədov 2020-ci ildə "İlin alimi" seçilmişdir. Görkəmli elm xadimi 2020-ci il dekabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tədqiqatçı alim, görkəmli ədəbiyyat tarixçisi Teymur Əhmədov elmi-ədəbi fikir tariximizdə çoxlarına arxa-dayaq olmuş, elmin ziyasından, nurundan çoxlarına pay vermişdi. Bu aləmdə kövrək addımlarını atan, özünü təsdiqləmək istəyən gənclərə də dəstəyini əsirgəməmiş, bir alim kimi onlara düzgün yol göstərmişdir. Redaktoru olduğu "Respublika" qəzetində, "Füyuzat" jurnalında da gənclərə xüsusi qayğı ilə yanaşırdı. Elə buna görədir ki, görkəmli alimin qəlbimizin dərinliyində özünə əbədi yuva salmış xatirələri yada düşdükcə adını hörmətlə anır, zamanın belə unutdura bilmədiyi yoxluğunu təəssüf etməli hissi ilə qəbul oluruq.

Mehparə ƏLİYEVA,

"Respublika".