Xatirələrdə yaşayan mərd oğullar
Region

Xatirələrdə yaşayan mərd oğullar

27 sentyabr 2020-ci ildə şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə 30 ilə yaxın düşmən tapdağında olan Qarabağımızın, işğal altında olan ərazilərimizin azadlığı uğrunda Vətən savaşına qalxdı. Ali Baş Komandanın polad iradəsi, qətiyyəti sayəsində cəmi 44 günə Ermənistan ordusu tamamilə darmadağın edildi, minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv oldu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu qələbəni şərtləndirən əsas amil qəhrəman, igid oğullarımızın vətənpərvərliyi, Vətən-torpaq sevgisi idi. Vətən torpaqlarının işğaldan azad edilməsi yolunda vuruşa atılan mərd oğullarımızın bir çoxları Vətən müharibəsi qazisi, müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Belə qəhrəman övladlarımızdan biri də Əbülhəsən Balaş oğlu Eyvazovdur.

Eyvazov Əbülhəsən 1 noyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya göz açmışdır. Əbülhəsən iki bacının bir qardaşı, ailənin kiçiyi və ən sevimlisi idi. Onu hamı əzizləyər və Əbi deyə çağırardı. Əbülhəsənin ailəsi sonralar Bakı şəhərinə köçmüşdü.

Əbülhəsən Bakı şəhəri 165 saylı məktəbi bitirdikdən sonra 2014-cü ilin oktyabr ayında hərbi xidmətə çağırıldı. Ağdam rayonuna hərbi xidmətə yola düşən qəhrəmanımız əsgərlikdə olduğu müddətdə daim seçilən əsgərlərdən oldu, hətta komandiri onun atası Balaş kişini xüsusilə görmək istədi ki, "Əbülhəsənə bu cür tərbiyə verən ataya minnətdarlıq bildirəcəm..." Əsgərlikdən gəlməyinə bir gün qalmış Aprel döyüşləri kimi yadda qalan müharibə başladı. Orada qəhrəmancasına döyüşən Əbülhəsən müharibədən sonra xüsusi təşəkkürnaməylə qayıtdı.

Bacısı Leyla Niftəliyeva deyir ki, Əbi müharibədən qayıdanda sanki bir ordu qarşıladı onu, Əbi maşından enərkən əlində yuxarı qaldırdığı hərbi bilet və tərifnamələriylə hər kəsi keçərək böyük fəxrlə əlindəkiləri atasına təqdim etdi və atasına sarıldı. Əbinin gəlişi hər birimiz üçün bayram olmuşdu. Son zamanlarda sevdiyi bir qız var idi, elə həvəslənmişdi ki, ata ev tikək deyirdi, ev tikmək üçün də nə lazım idisə almışdı. Ev tikəcəkdi ki, nişanlansın toyunu eləsin. Arzuları vardı, öz balaca restoranını açacaqdı, öz işini quracaqdı.

Qismən səfərbərlik elan olunduqdan sonra evimizə zəng gəldi ki, Əbülhəsən də hərbi təlimlərə getməlidi. Əbülhəsən çağırışa elə sevinə-sevinə getdi ki, sanki sevincindən uçurdu. Hamılıqla getdik yola salmağa, görüşərik deyib, gülə-gülə bizdən ayrıldı son görüşümüzdə. Amma görüşmədik, sözündə dura bilmədi, gəlmədi. Sentyabr ayının 27-si İkinci Vətən müharibəsi başlandı. Bunu eşidən atam cəbhə bölgəsinə yollandı, bizlər də təlaş içində xəbər gözləyirdik… Atam gedib Əbini orada tapdı, bizlə danışdırdı, 2 gün də yanında oldu. Son dəfə sentyabr ayının 28-i danışdıq, lakin bir başqa idi danışığı, bizə sanki son dəfə danışırmış kimi, - özünüzə yaxşı baxın, narahat olmayın dedi, biraz danışıb sağollaşdıq və bu son danışığımız oldu. Qızğın döyüşlər gedən vaxtı bizə Əbinin ölüm xəbəri gəldi. Sağ-salamat Allaha əmanət edib yola saldığımız qardaş 2020-ci ilin 30 noyabrında bayrağa bükülü tabutda Şəhid kimi geri döndü. Eyvazov Əbülhəsən Balaş oğlu ölümündən sonra döyüşlərdə göstərdiyi şücaətə görə "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Hər kəs başqa ölkələrin xəyalını quranda Əbi həmişə Azərbaycanın rayonlarından danışar, "dünyanın ən gözəl yerindəsiniz, sadəcə görmürsünüz" deyərdi. Elə bil bilirmiş bu Vətən üçün, bu torpaq uğrunda şəhid olacağını. Çox qeyri-adi danışırdı, həmişə "özüm gedib alacam torpaqları, görərsiz" deyirdi. Füzulidə olanda, danışıqların birində "ay ana, çox gözəl yerlərdi buralar, torpaqları alaq inşəAllah mən də torpaq alıb burada qalacam, gəlməyəcəm oralara", - dedi...

Torpaq, uğrunda ölən varsa, Vətəndir. Qardaş itkisi nə qədər ağır olsa da, mənim də qardaşımın Şəhidlik zirvəsinə ucaldığını düşünəndə az da olsa ürəyimdə bir sərinlik olur. Allahdan qardaşım Əbülhəsənin və onun timsalında bütün şəhidlərimizin məqamını uca eləməsini diləyirəm, bütün şəhid ailələrinə Allahdan səbir, dözüm arzu edirəm.

Əli SADIQOV,

"Respublika".