Xatirələrdə yaşayanlar
Region

Xatirələrdə yaşayanlar

Ölkəmizin  ərazi  bütövlüyünün  bərpası,  doğma  torpaqlarımızın  düşməndən  təmizlənməsi  uğrunda gedən  döyüşlərdə  canlarını  Vətən  uğrunda  fəda  edərək  xalqımıza  qələbə  sevincini  yaşadan şəhidlərimizin  ruhu  əbədi  olaraq yaddaşlara  həkk  olundu  və  hər  zaman  minnətdarlıqla  xatırlanacaq. Biləsuvarda  Vətən  müharibəsində  böyük  rəşadət  və  igidlik  göstərərək şəhidlik  zirvəsinə  ucalan  Mirişli   Şəhriyar  Bəxtiyar  oğlunun  xatirəsi  ehtiramla  anıldı.   

Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Faiq  Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri   və  ictimaiyyətin nümayəndələri    Şəhriyar  Mirişlinin  məzarını  ziyarət  edib,  önünə  gül- çiçək  düzüb,  ruhuna  dualar  oxudular.  Sonra  şəhidin  ata  ocağında  valideynləri   ilə  görüşdülər.    Rayon  rəhbəri   şəhidimizin  valideynləri  ilə  görüşdə  ailə  üzvlərinin  problemləri  ilə  maraqlanıb.  Qəhrəmanımızın  şərəfli  döyüş  yolundan  danışıldı  və  xatirəsi  anılaraq,  bildirildi  ki,  Azərbaycan  xalqının  qüruru,  fəxri  olan  şəhidlərimizin  xatirəsi   bundan  sonra  da  daim  əziz tutulacaq  və  dövlətimiz  hər  zaman  şəhidlik  zirvəsinə  ucalan  igidlərimizin  ailələrinin  yanında  olacaqdır. Tədbirdə qəhrəman  şəhidimizin   yaşadığı  evə  vurulan  xatirə  lövhəsinin  açılışı  oldu.
Mirişli Şəhriyar Bəxtiyar oğlu  1 mart 2002-ci ildə  Biləsuvar  şəhərində  anadan  olmuşdur.  2020-ci  ildə  həqiqi  hərbi  xidmətə  başlamışdır.
O,  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  uğrunda  27  sentyabr  2020-ci  il  tarixdən   başlayan Vətən  müharibəsində  iştirak  etmiş, Cəbrayıl   və  Füzuli  rayonları  istiqamətində  gedən  döyüşlərdə şücaət  göstərmişdir.  Şəhriyar  Mirişli  Laçın  rayonu  uğrunda  gedən  döyüşlərdə  düşmən  hücumunun qarşısını  alarkən  qəhrəmancasına  şəhid  olmuşdur. Şəhid   Şəhriyar  Mirişli  23  oktyabr  2020-ci il tarixində  Biləsuvar  şəhər  qəbiristanlığında  dəfn  olunmuşdur.
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə   ölkəmizin   ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Mirişli   Şəhriyar  Bəxtiyar   oğlu  ölümündən  sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad  olunmasına  görə" medalları ilə təltif edilmişdir.

                     Ərəstun  ABDULOV,

                   “Respublika”.