Xatirəsi əbədiləşdirilən qəhrəmanlar
Sosial həyat

Xatirəsi əbədiləşdirilən qəhrəmanlar

30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində öz canları, qanları bahasına azad edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. Respublikamızın hər yerində adlarını qızıl hərflərlə tarixə yazan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Tovuz şəhərində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Şirinov Elmar Cəbrayıl oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Elmar Cəbrayıl oğlu Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2008-2016-cı illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində, 2016-2017-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Tovuz Peşə Liseyini bitirmişdi.

Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Şirinov Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa döyüşləri zamanı şəhid olub. 14 noyabr 2020-ci il tarixdə Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Şirinov Elmar Cəbrayıl oğlu "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Vəli VƏLİYEV,

"Respublika".