Xəbərin ünvanı AZƏRTAC
Digər xəbərlər

Xəbərin ünvanı AZƏRTAC

Ötən əsrin əvvəllərində insanların böyük əksəriyyəti savad ala bilmədiyi üçün təbii ki, dünyada gedən ictimai-siyasi və ədəbi-mədəni proseslərdən xəbərsiz idi. İnformasiya azlığı, məlumatsızlıq, mətbuatın yetərli qədər inkişaf etməməsi problemi daha da dərinləşdirirdi. Belə bir zamanda, 1920-ci il mart ayının 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən indiki AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi yaradıldı. "Azərbaycan" qəzetinin 2 mart 1920-ci il sayında ilk dəfə olaraq "AZƏRTAC" imzası ilə xəbərlər dərc olunmağa başladı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə AZƏRTAC Rusiya Teleqraf Agentliyinin filialı kimi fəaliyyət göstərmişdir. Həmin dövrlərdə AZQAFROSTA adlandırılan agentliyin artıq Gəncə, Şuşa, Lənkəran şəhərlərində bölmə və məntəqələri var idi. Əlbəttə ki, bu, Şərqdə ilk xəbər agentliklərindən biri idi. Yarandığı vaxtdan bu günümüzə kimi adı yeddi dəfə dəyişdirilmişdir. 1920-ci ildə AZƏRTAC, elə həmin il AzQafROSTA, 1921-ci ildə AzərTA, 1923-cü ildə ZaqTA, 1936-cı ildə yenə AzərTA, 1972-ci ildə Azərinform və 1992-ci ildə isə AzərTAC adı ilə fəaliyyət göstərmişdir.

İkinci Dünya müharibəsi zamanı qələmini silaha çevirən AZƏRTAC-ın hərbi müxbirləri döyüşlərin ən qızğın nöqtələrindən informasiyalar göndərirdilər. Onların arasında Rəsul Rza, Qılman Musayev, İsmayıl Hüseynov, Abbas Zamanov, Mixail Pleskaçevski və başqaları da var idi. Müharibədən sonrakı dövrlərdə də Agentliyin işi məhsuldar olmuş, ölkədə gedən ictimai-siyasi, mədəni hadisələrlə yanaşı, Bakı neftçilərinin uğurları, pambıqçıların nailiyyətləri də mütəmadi olaraq işıqlandırılmışdı.  Gərgin, keşməkeşli, mürəkkəb yol keçən Agentlik hər zaman öz operativliyini qorumuş, informasiyaları doğru-düzgün çatdırmağa çalışmışdır. Ötən əsrin ikinci yarısında AZƏRTAC özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, müharibədən sonra ölkədə bütün sahələrdə quruculuq, yenidənqurma işləri gedirdi. Bu isə öz növbəsində Agentliyin fəaliyyətinə, maddi-texniki bazasının güclənməsinə təsir etdi.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkənin həyatında əsaslı dönüş yarandı. Bu o vaxtlara təsadüf edirdi ki, Azərbaycan sovet respublikaları arasında inkişaf səviyyəsinə görə ən geridə qalmış ölkələrdən idi. Ulu öndər Heydər Əliyevin gərgin zəhməti sayəsində Azərbaycanın sürətli inkişaf dövrü başladı. 1972-ci ilin iyun ayında məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində Nazirlər Sovetinin qərarı ilə Azərbaycan İnformasiya Agentliyi-Azərinform müasir texniki tələblərə cavab verən avadanlıqlarla təchiz edildi. Hələ o dövrdə kompüterlərin əlçatmaz olduğu bir zamanda Heydər Əliyevin sayəsində Azərinform "Olivetti" markalı kompüterlərlə təmin olunmuşdu.

 Ölkəmiz 1992-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra dekabr ayının 18-də Azərinformun tarixi adı, Azərbaycan Teleqraf Agentliyi - AZƏRTAC özünə qaytarıldı.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə Agentliyin fəaliyyətində yeni mərhələ, yeni dövr başladı. Mətbuatı və onun ağırlığını öz çiyinlərində daşıyan cəfakeş qələm sahiblərini xüsusi hörmət, ehtiramla diqqətdə saxlayan ulu öndər Agentliyin işinin müasir tələblər səviyyəsində qurulması üçün lazımi tədbirlər gördü.

1995-ci il mart ayının 3-də Prezident Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin yenidən təşkil edilməsi haqqında fərman imzalamışdır. Müvafiq fərmana əsasən, Agentliyin tarixi adı saxlanılmaqla ona dövlət informasiya orqanı statusu verilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi yaradılmışdı. 1996-cı il 29 iyunda isə ölkə başçımız "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Teleqraf Agentliyinin işinin yaxşılaşdırılması haqqında" sərəncam imzalamışdır. Agentliyin tarixində ilk dəfə olaraq ABŞ, İran, Almaniya, Fransa, Türkiyə, Tiflis, Moskva və Daşkənddə müxbir məntəqələri açılmış, bir sıra xarici dillərdə xəbər hazırlayıb yayan baş redaksiya yaradılmışdır. AZƏRTAC-ın Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Rumıniya, İran, Çin, Qazaxıstan, Ukrayna, Küveyt, İndoneziya, Macarıstan, Serbiya, Misir, Albaniya, Latviya, Belarus, Moldova, İordaniya, Monqolustan, Qırğızıstan, Tacikistan və Koreya Respublikasının milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri imzalanıb. 26 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılmışdır.

AZƏRTAC yerli və xarici kütləvi informasiya vasitələri üçün yeganə rəsmi dövlət informasiya mənbəyidir. Dünyanın aparıcı informasiya agentlikləri hər zaman AZƏRTAC ilə əməkdaşlığa maraqlı olmuşlar. Agentlik rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və başqa sahələrdən fasiləsiz olaraq gün ərzində informasiyalar yayımlayır. Xəbərlər Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ şəkildə verilir. AZƏRTAC Dövlət İnformasiya Agentliyi Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının, Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının təsisçilərindən biridir.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən hadisələri və yenilikləri, eyni zamanda ölkənin uğurlarını geniş şəkildə işıqlandıran Agentliyin fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Agentlik fəaliyyəti dövründə bir çox maneələrə baxmayaraq, hər zaman öz operativliyini saxlamış, xəbər yayımı sahəsində öndə olmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".