XEYİRXAH TİBBİ AKSİYA
Region

XEYİRXAH TİBBİ AKSİYA

Masallı Bioloji Təbabət Klinikasında Almaniyadan gəlmiş təcrübəli uzman, yüksək kateqoriyalı oftalmoloq həkim Aysel Novruzova ümummilli lider Heydər Əliyevin 100 illik, görkəmli tibb alimi,  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə  Əliyevanın anadan olmasının 100 illiyi və Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış Milli Ordumuzun zabiti, mayor Anar  Novruzovun xatirəsinə həsr olunmuş tibbi aksiya keçirilib.

Əslən Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Aysel Novruzova 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2012-2017-ci illərdə Jena Universitetinin Egitim Arasdirma Xəstəxanasının göz söbəsində rezidentura təhsili almisdir. 2018-ci ildə Almaniyada göz xəstəlikləri və cərrahiyyəsi üzrə təhsilini davam etdirərək uzmanlıq diplomunu ( Facharzt dərəcəsini) qazanmışdır.

Yüksək ixtisas dərəcəsinə malik həkim iki gün ərzində cənub bölgəsinin rayonlarından 100-ə yaxın xəstəni pulsuz müayinə edərək müalicə təyin etmiş, məsləhət və tövsiyələrini vermişdir. Aksiya zamanı şəhid ailələrinin üzvləri və qazilər növbədənkənar qəbul edilmişdir.

 “Qarabağ” ordenli şəhid zabit Mehman Şirvanovun atası Mirəziz Şirvanov söhbət zamanı Lənkərandan gəldiyini, həkimin ən müasir tibbi cihazların köməyilə onu diqqətlə müayinə etdiyini və göstərdiyi tibbi xidmətdən razı qaldığını bildirmişdir.

Əlisəfa Həsənov,

“Respublika”.