Xəzərin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir
Siyasət

Xəzərin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir

Bakıda "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilib.

Tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Aparılan müzakirələrdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov, BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin regional əlaqələndiricisi Mahir Əliyev, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və digərləri iştirak ediblər.

Xəzər dənizinin problemləri ilə bərabər mütəxəssislər tərəfindən iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun cari ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-cı sessiyasında təqdim olunan qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarına videoformatda müraciət edib.

Müraciətdə bildirilib ki, hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir.

M.Babayevin sözlərinə görə, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir: "Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dənizin ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir. Biz həmin ekspedisiyaları zamanı toplanmış monitorinq məlumatları ilə bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda, Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik. Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası"nın mühüm rolunu qeyd etmək lazımdır. İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekoloji problemlərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaq".

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov bildirib ki, bu günə kimi aparılmış tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir. Həmin tədqiqatlara əsasən 100 il əvvəl Xəzərin səviyyəsi 2 metr yüksək olub. XX əsrin 30-cu illərində səviyyə 1.5 metr enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 santimetr enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan - zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır.

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista son illərdə Xəzər dənizinin səviyyəsi enməyə davam etdiyini, temperatur artdıqca dənizdə suyun səviyyəsinin daha da enəcəyini vurğulayıb.

"Xəzər dənizinin ətrafında dörd milyondan çox insan yaşayır. Sənaye obyektlərinin 75 faizi Xəzər dənizinin sahilində yerləşir və həmin obyektlərdən tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınmalıdır. Bu, Xəzərin canlılar aləminə təsir etməklə yanaşı, insanların da sağlamlığı üçün ziyanlıdır.

İqlim dəyişmələrinin gözlənilən xoşagəlməz nəticələrinin öhdəsindən gəlmək üçün hər şeydən əvvəl ona uyğunlaşmaq lazımdır. Bununla yanaşı, iqlim dəyişmələrinin zərərlərini minimuma endirməyə yönəlmiş tədbirlərin görülməsi vacibdir.

1995-ci ildən etibarən Xəzər dənizinin səviyyəsinin tədricən enməsi müşahidə edildiyini bildirən SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun sözlərinə görə, təcrübə göstərir ki, dənizin səviyyəsi endiyi hallarda Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, hidrotexniki qurğuların, o cümlədən limanların istismarında çətinliklər əmələ gəlir: "Analoji hallar SOCAR-ın dəniz obyektlərində yerləşən istehsalat sahələrinin normal rejimdə istismarına maneçilik törədir. Su səviyyəsinin enməsi nəticəsində akvatoriyanın dayaz sahələrində mövcud və perspektivdə nəzərdə tutulan quyuların istismarında problemlər yaranır. Son zamanlar gəmilərin hidrotexniki qurğulara sərbəst yan alması, işçilərin və yüklərin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş yük və sərnişin körpülərinin konstruksiyasına müəyyən dəyişikliklər edilməsi zərurətə çevrilib və təxirəsalınmaz tədbirlər həyata keçirilib. Digər tərəfdən, səviyyənin enməsi hidrotexniki qurğuların yükdaşıyıcı və texnoloji konstruksiyalarının, nəql borularının su səthi ilə təmas zonalarında aqressiv korroziya ehtimalını artırır. Suyun şorluğunun yüksəlməsi, dəniz suyu istifadə edilən texniki və yanğın əleyhinə su xətlərinin və avadanlıqların korroziyaya uğrama sürətinin artmasına səbəb olur. Eyni zamanda, dəniz səviyyəsinin enməsi nəticəsində suyun temperaturu da qalxır, buxarlanmanın intensivləşməsi müşahidə edilir ki, bu da dənizdəki istehsalat sahələrində uzunmüddətli rütubətə səbəb olur və işçilərin sağlamlığına mənfi təsir edən zərərli amillərdəndir".

Konfransda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, iqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir: "Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Azərbaycan Respublikası Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır".

BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin regional əlaqələndiricisi Mahir Əliyev bildirib ki, dünya ətraf mühitlə bağlı böhranla üz-üzədir. Həmin böhranlar əsasən qlobal çirklənmə, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsidir.

M.Əliyev qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdləri dənizdə yaşayan canlılara, biomüxtəlifliyə, onun sahilində yaşayan əhaliyə təsir edir: "Xəzər dənizinin ətraf mühit problemlərinə dair təşəbbüslərin artırılması, Xəzəryanı ölkələrin bu məsələdə daha da aktivləşməsi, hazırlanacaq milli adaptasiya planının beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir".

Konfransa İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssitin videomesajı dinlənilib. O, son 20 ildə antropogen fəaliyyətin havanın temperaturunu artırdığını, iqlimin istiləşməsinin hər kəsin sağlamlığına təsir etdiyini, hər bir regionda təsirlərinin hiss edildiyini bildirib: "Gördüyümüz dəyişikliklər getdikcə ciddiləşəcək. Bütün qitələrdə istilik dalğaları daha da artır. Həmin proses Cənubi və Cənub-Şərqi Asiyada özünü daha çox büruzə verir. Ekosistemə nəzər salsaq görərik ki, biomüxtəliflikdə, flora və faunada dəyişikliklər hiss olunur. İqlim dəyişiklikləri xəstəliklərin yayılmasına da səbəb olur. İnsanlar arasında allergik xəstəliklərdən əziyyət çəkənlərin sayı artır. Havanın dəyişməsi ilə iqlim dəyişikliklərinin təsirlərinə birgə baxsaq, insanların hansı çətin vəziyyətlə üzləşdiklərini görərik. Bütün bunlara baxmayaraq, iqlim dəyişiklikləri ilə bağlı risklərin qarşısını ala bilərik. Bunun üçün alətlərimiz və biliklərimiz var. İndi veriləcək qərarlar gələcək nəsillərə müsbət təsir edə bilər".

Sonra Xəzəryanı dövlətlərin hidrometeorologiya xidmətlərinin rəhbərlərinin videomüraciətləri, o cümlədən "Xəzər dənizi regionunda iqlim dəyişikliyi", "Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı elmi təhlil və tədqiqatlar" və "Dəniz səviyyəsinin müxtəlif sektorlara təsiri və uyğunlaşma tədbirləri" mövzularında yerli və beynəlxalq mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.

AZƏRTAC