Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb
Sosial həyat

Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı Azərbaycanın bütün bölgələrində şəhidlərin xatirəsinə böyük ehtiramla yad edilib. Kəndlərdə, qəsəbələrdə, şəhərlərdə Xocalı qurbanlarının əziz xatirəsinə ehsanlar verilib, məscidlərdə ruhlarına dualar oxunub. Keçirilən tədbirlərdə Xocalı şəhidlərinin qisasının 44 günlük  müharibə nəticəsində qazandığımız şanlı Zəfərlə erməni daşnaklardan alındığı bildirilib.

Respublikamızın müxtəlif regionlarında Xocalı soyqırımına həsr edilən tədbirlərdən hazırlanan yazıları dərc edirik.

 

GƏNCƏ

Gəncədə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim həmin rayon sakinlərinin məskunlaşdığı "Yeni qəsəbə-2"də, "Xocalı soyqırımı" abidəsinin önündə təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər Apellyasiya Məhkəməsinin sədri, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.

İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra mərasim iştirakçıları "Xocalı soyqırımı" abidəsinin önünə gül dəstələri qoyaraq, soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.

Rəsmi hissədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Yeni qəsəbə-2"də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onları narahat edən məsələlər ilə maraqlanıb.

Onu da qeyd edək ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə dövlət bayraqları yarıya endirilib, eyni zamanda şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olunub. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başı uca yad edir. Bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

 

LƏNKƏRAN

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, idarə, müəssisə və təşkilatlarında anım mərasimləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil olunub. Lənkəran şəhərinin mərkəzində salınmış azərbaycanlıların soyqırımı qurbanları xatirə parkında "Ana" heykəli qarşısında ümumrayon tədbiri keçirilib.

Mərasimdə 31 il əvvəl Xocalı şəhərinin əliyalın, dinc sakinlərinə qarşı dəhşətli soyqırımının törədildiyi, faciənin xalqımızın qan yaddaşında əbədi yaşadığı, daim ürəkağrısı ilə xatırlandığı qeyd olunub.

Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, hərbi hissələrin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələri abidə-kompleksinin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Xocalı soyqırımı haqqında ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

YEVLAX

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP rayon təşkilatının sədri Rafiq Əliyev, rayon Ağsaqqallar Şurasının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər Xocalı faciəsinə həsr olunmuş tədbirdə həlak olan həmvətənlərimizin xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakıyla Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Yüzlərlə dinc sakin qətlə yetirilib, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb.

Bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dönəmində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır.

 

KƏLBƏCƏR

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 31 il ötür. Faciənin ildönümü ilə əlaqədar Kəlbəcər rayonunda anım tədbiri keçirilib. Anım mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı "Yeni qəsəbə-2"də ucaldılan "Xocalı" abidəsini ziyarət edib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev abidə önünə əklil qoyub. Anım mərasimində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, ruhlarına dualar oxunub.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev törədilmiş dəhşətli soyqırımın ağır nəticələrindən söhbət açaraq, Xocalı faciəsinin təkcə xocalılılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıb.

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbə qazanaraq, 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa etdiyini bir daha diqqətə çatdırıb. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Xocalı faciəsi qurbanlarının qisasını düşməndən alıb.

 

ŞAMAXI

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri soyqırımı abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olduğunu qeyd edib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımının beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb.

Tədbirdə digər çıxış edənlər - Şamaxı Rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, YAP rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova Xocalı faciəsinin başvermə səbəblərindən və onun acı nəticələrindən geniş söhbət açaraq, bu genosid aktına tarixi, hüquqi və mənəvi müstəvidən münasibətlərini bildirmişlər.

 

YARDIMLI

Yardımlı şəhərindəki Şəhidlər abidə-kompleksinin önündə anım mərasimi keçirilib. Xocalı faciəsi qurbanlarının,  Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bötövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının fəalları, şəhid ailələrinin üzvləri, qazilər abidə-kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov mərasimdə çıxış edərək bildirib ki, çağdaş tariximizin dəhşətli, qanlı hadisələrindən olan Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən qatı cinayətdir.

Faciəyə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan icra başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını, Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Şəhid valideynlərindən Ədalət Qarayev və Vaqif Zeynalov bu dəhşətli faciənin dərin kədər və hüznlə xatırlandığını, 44 günlük Vətən müharibəsində Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğulların qisasının döyüş meydanlarında alındığını bildiriblər.

 

DAŞKƏSƏN

26 fevral 2023-cü ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri rayonun Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarlarına tər güllər düzərək, böyük ehtiramla yad ediblər.  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev anım mərasimində çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid qurban vermişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümündə Azərbaycan xalqına müraciətində belə demişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Rayon rəhbəri qeyd edib ki, XX əsrin faciəsi - Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin rəmzinə çevrilib. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə erməni işğalçılarından bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınmışdır. Tam əminliklə demək olar ki, tezliklə Xocalı sakinləri də öz doğma şəhərlərinə qayıdacaqlar.

Anım tədbirində rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və veteranlarla görüşüb, həmçinin onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib. 

 

NAFTALAN

Misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Naftalanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 31-ci ildönümünün qeyd edilməsi məqsədilə şəhidlərin əziz xatirəsi böyük ehtiramla anılıb.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, tər gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Xocalı soyqırımının tarixinə nəzər salaraq, insanlıq sifətini itirmiş erməni işğalçıları tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır. 1993-cü ildə xalqın təkidli xahişi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir. Həmçinin, vurğulayıb ki, cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü, düşmənin sonadək torpaqlarımızdan qovulması, Dağlıq Qarabağ münaqişəsinin həlli, ədalətin bərpa olunması edilməsi, yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Şəhər rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyasının səmərəsinin ildən-ilə artdığını, Azərbaycan xalqına və ümumən insanlıq əleyhinə törədilmiş bu hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını qeyd edib.

 

GORANBOY

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, hər iki rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və kollektivləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi və Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, gül dəstələri düzülərək, böyük ehtiramla anılıb. Bildirilib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətdir.

Bu qanlı soyqırıma ilk dəfə hüquqi və siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi vurğulanıb. Həmçinin, 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirilib. Sonra, Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.

 

Ağsu

Rayon rəhbərliyi Xocalı sakinləri və Vətən müharibəsi şəhidlərinin ailələri, rayon ağsaqqallarının iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümündə görüş keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. Sonra tədbir Veteranlar Klubunda təşkil olunmuş çay süfrəsi arxasında davam etdirilib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdıraraq, bu faciənin Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğunu vurğulayıb. Törədilən qanlı faciəyə yalnız ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyi diqqətə çatdırılıb.

"Respublika".