Xocalı faciəsinin şahidi:
Tarix

Xocalı faciəsinin şahidi: "Ermənilərin arzuları ürəklərində qaldı"

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb xilas olmaq istəyərkən əvvəlcədən quraşdırılmış pusqularda qətlə yetirildi. Bəziləri isə əsirlikdən xilas olmağı bacardı. Biz də 1992-ci il fevralın 26-da girov götürülüb, həmin il martın 3-də azad olunan Elmira Şahmalı qızı Kərimova ilə həmsöhbət olmuşuq.

Elmira xanım 1957-ci ildə Ağdam rayonunda doğulub, sonra ailəsi ilə birgə Xankəndi şəhərinə köçüb, 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xocalı şəhərində məskunlaşıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə işğalçı Ermənistan ordusunun Xocalıya hücumu zamanı ailəsi ilə birlikdə xilas olmaq üçün meşəyə üz tutub. Səhərə yaxın Əsgəran rayonu, Naxçıvanlı kəndindəki ara yolda sarı rəngli UAZ markalı maşın, zirehli döyüş maşını və tankın gəldiyini görüb meşədəki xəndəkdə gizləniblər. Bu vaxt onlara yaxınlaşan Vasif adlı Xocalı şəhər sakini qardaşının meşədə ermənilər tərəfindən yandırıldığını söyləyib. Bir qədər keçdikdən sonra erməni hərbçilər onları mühasirəyə alıb Elmira xanımı, həyat yoldaşı Yalçın Əsədovu, oğlu Anarı, qızı Nərgizi, bacısı Züleyxa Sadıqovanı, onun qızı Yeganəni, eləcə də onların yanında olan Xocalı sakini Rəsulun həyat yoldaşını, anası erməni olan Juliyanı və digərlərini girov götürüblər. Girov düşdükləri vaxt Elmira Kərimova tanımadığı yaralı bir azərbaycanlı qadının ermənilər tərəfindən ağzına atəş açaraq öldürdüklərinin şahidi olub. Bir silahlı erməni həyat yoldaşı Yalçını avtomatın qundağı ilə vurub başını partladıb, axan qanı silmək istəyən Elmira xanımı isə yerə yıxaraq təpikləyib. Ermənilər girovların hamısını Əsgəran milis idarəsinə aparıb onların pullarını, sənədlərini və zinət əşyalarını döyə-döyə əllərindən alıb, qızıl dişlərini isə kəlbətin, vintaçan və ya hər hansı bir metal əşya ilə çıxarıblar. Əsgəranda saxlanılarkən həyat yoldaşı Yalçın Kərimov qucağında saxladığı qızı Nərgizin üzündən son dəfə öpərək Elmira xanıma verib. Bu hadisədən sonra həmsöhbətimiz həyat yoldaşını bir daha görməyib. Daha sonra xəbər verilib ki, ermənilər onun başını kəsib. Gecələrin birində isə tanımadığı bir erməni onların qaldığı otağa daxil olaraq "Elmira kimdir? Qardaşı İntiqam, həyat yoldaşı Yalçın olan Elmira kimdir?" soruşaraq girovları təpikləyib, sonra Elmira xanımı milis rəisi Razmik Ağacanyanın otağına aparıb. "İntiqam sənin qardaşındır? Hanı o, onu kim apardı, hara apardı?" və s. kimi suallar verib. Cavab almadıqda rəis onun saçından dartaraq zərbə ilə boynuna vurub. Huşunu itirən qadın yalnız kamerada bacısı Züleyxanın dizləri üstündə gözlərini açaraq özünə gəlib. Elmira xanım Əsgəran milisində saxlanıldıqları vaxt daim kameranın o biri tərəfindən güllə səsləri, azərbaycanlı girovların müxtəlif çığırtılarını eşidib. Bir gün isə o, uşaqlarını ayaqyoluna apardığı vaxt qapının yanında qanlı parçaya bükülmüş üç insan başı görüb, oradakı yaraqlı erməni isə ona bunların azərbaycanlı qəhrəmanların başı olduğunu, itlərə yem etmək üçün kəsib gətirdiklərini deyib. Ermənilərin vəhşilikləri bununla da bitməyib. Həmsöhbətimiz deyir ki, Əsgəran milisində saxlandıqları vaxt oraya yeni gətirilən girovlardan biri olan Xəzangül adlı qadını əvvəldən tanıyırmış. O, tez-tez qapını döyərək erməni nəzarətçilərə "başım ağrıyır, mənə dərman verin" deyərək qışqırırmış. Bir dəfə erməni həkim ona balaca həb verib, nəticədə qadın qısa zamanda zəhərlənərək ölüb. 5 gün bu qədər iyrəncliklərə şahid olan Elmira xanım və qızı Nərgiz bir neçə qadınla birgə bir erməni hərbçinin meyiti ilə dəyişdirilərək əsirlikdən xilas olublar.

Əsirlikdən azad olunduqda isə həmsöhbətimizin vəziyyəti ağır olub. O, 4 ay Bakıda müalicə alıb. Daha sonra fiziki sağlamlığına qovuşsa da, mənəvi olaraq özünü heç vaxt rahat hiss etməyib. Elmira xanım hər il fevral başlayandan bitənə qədər ağladığını deyir. Bununla belə, onun hazırda ən böyük təsəllisi Azərbaycan hərbçiləri və 44 günlük müharibədə əldə olunan zəfərdir. Azad edilərkən bir erməni Elmira xanımın saçından tutaraq "Hamınızı qıracağıq. Ağdamı da alacağıq. Əgər Ağdamda mənim əlimə keçsən, sənin başını mən özüm kəsəcəyəm", - deyə hədə-qorxu gəlib. Həmsöhbətimiz isə bu sözləri heç vaxt unutmadığını, Vətən müharibəsi ilə ermənilərin bu arzusunun ürəklərində qaldığını deyir.

Ümumiyyətlə, ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən birdəfəlik silmək idi. Yəni Xocalıda baş vermiş qətliam təsadüfi deyil, qəsdən həyata keçirildi. 25-26 fevral hadisələri baş verən zaman qanunsuz separatçı rejimin rəhbəri olan Serj Sarkisyan da qətliamla bağlı xatirələrində deyir ki, Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz, amma bu stereotip qırıldı. Bu açıqlama belə özlüyündə Xocalıda törədilmiş cinayətlərin planlı olduğunu sübut edir. Odur ki, bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının beynəlxalq hüquqi qiymət alması üçün çalışmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".