XOCALI SOYQIRIMI: Puç olan ümidlər
Sosial həyat

XOCALI SOYQIRIMI: Puç olan ümidlər

1992 -ci il fevralın 25-dən 26-na keçən gecə... Həmin gecənin dəhşətini sözlə təsvir etmək mümkün deyil. Yaddaşımızda əbədi həkk olunmuş müsibətlər düşmənimizin necə alçaq olduğunu bir daha göstərdi. Deyirlər, "düşmən də gərək mərd ola". Amma təəssüf ki, o gecə Xocalı sakinləri namərd düşmənlə mübarizə aparmalı oldular.

Kərimov Əbülfət Rəşid oğlu Xocalı faciəsinə şahidlik edən, qəddar düşmənlərimizin min cür əziyyətinə məruz qalan sakinlər sırasındadır. O, 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. 1988-ci il hadisələri başlayanda Xankəndidə özünümüdafiə batalyonuna qoşulmuşdur. Batalyon kəndin dörd bir yanında postlar quraraq təhlükəsizliyi təmin edirdi. Ə.Kərimov o dəhşətli gecəni belə xatırlayır: "Ermənilər əvvəllər də bizə atəş açırdılar. Atəşdən sonra 1-2 saat fasilə verib, sonra yenidən davam edərdilər. Ancaq 25-dən 26-na keçən gecə oldu. Biz fevralın 25-də 366-cı alayın zirehli maşınlarının Daşbulağa, Mehdikəndə və s. ərazilərə getdiyini gördük. İlk zərbə Mehdikənd tərəfdən gəldi. Çünki Xocalı ilə Mehdikənd arasındakı məsafə çox az idi. Ermənilər əvvəl iriçaplı silahlardan atəş açır, daha sonra irəliləyirdilər. Könüllü batalyon və kənd polisindən ibarət olan dəstə özlərini müdafiə etməyə çalışırdı. Milli Qəhrəman Aqil Quliyevin dəstəsi bizim batalyona kömək edirdi. BMP və BTR-lərin qarşısında Xocalı sakinləri əliyalın qalmışdılar. Saat təxminən 2 olardı. Gördük ki, mübarizə aparmaq mümkün deyil, üzü meşəyə tərəf yol aldıq. Rəhmətlik atam Böyük Vətən müharibəsi əlili idi. O, müharibədə ayaqlarını itirmişdi. Mən onu kürəyimdə daşıyırdım. Buna görə də, canını qurtarmağa çalışan camaatla ayaqlaşa bilmirdim. Kəndimizin aşağı hissəsində yerləşən Qarqar çayını keçərkən atamla birlikdə çaya düşdük. 5 gün meşədə qaldıq. Meşədəki ağacları saymaq mümkün idi, ancaq soyuqdan, aclıqdan həyatını itirənlərin sayı-hesabı yox idi. Qar o qədər şiddətli yağırdı ki, üstündəki insan izləri anında yox olurdu. Qarşıma üstü qarla örtülmüş təpə çıxdı. Əslində, bu, təpə deyildi, uşaqlar, qadınlar üst-üstə yıxılaraq həyatını itirmiş və təpə əmələ gətirmişdi. Kolun dibində soyuqdan donaraq ölmüş çoxlu uşaq cəsədi var idi. Uzaqda ocaq tüstüsü gördük. Məlum oldu ki, kənd sakinləri qaçaraq bu ocağın ətrafına toplaşıblar. Daşbulaqdan Səfəralı kişi, Şövkət xanım və iki nəvəsi, Sara xanım, Növrəstə xanım və başqaları da onların arasında idi. Növrəstə xanımın soyuqdan ayaq barmaqları donmuşdu, sümükləri açıq şəkildə görünürdü. Səhər açılanda artıq uşaqlarla yanaşı, böyüklərin də əksəriyyəti donaraq həyatını itirmişdi. Hamının təkidi ilə kömək gətirmək üçün onlardan ayrıldım. Sonuncu dəfə atamın üzünə də baxa bilmədim. Elə bilirdim Ağdam istiqamətində yol gedirəm, sən demə, ermənilərin olduğu Dəhrəz kəndinə gəlmişdim. Kəndə yaxınlaşanda hərbi formada saqqallı bir nəfərlə qarşılaşdım. Ana dilimizdə çox səlis danışırdı. Hara getdiyimi soruşdu, Ağdama getdiyimi bildirdim. Qəfil bir silahlı şəxs də peyda oldu. Fərqinə vardım ki, mühasirədəyəm. Erməni əsgərləri elə həmin an məni təpiklədilər. 5 gün qar yeyərək meşədə qaldığım üçün heç taqətim yox idi. Sonra avtomatın qundağı ilə boyun nahiyəmə vurdular.

Erməni əsgərləri məni sürüyərək Dəhrəzdəki fermaya gətirdilər, bütün sənədlərimi əlimdən aldılar. Fermada 200-ə yaxın insan var idi. Onların yarısı dəyişdirilmək üçün aparıldı, fermada qalan sakinləri ermənilər içi odunlarla dolu "Kamaz" markalı avtomobilə doldurdular. Avtomobil Naxçıvanlı kəndində dayandı. Kənddən çıxanda başıma papaq qoymağa macal tapmamışdım. Meşədə yerdən götürdüyüm papağı başıma örtmüşdüm. Ermənilər o papağı dubinka ilə başımdan çıxardılar. Bizi Xankəndi polis şöbəsinin həbsxanasına gətirdilər. Daha sonra hər birimizin adı siyahıya salınaraq əsirlərin saxlanıldığı kameralara apardılar. Burada 5 nəfərə cəmi bir stəkan su verirdilər. Saatların necə keçdiyini başa düşmək üçün günəş şüalarının düşmə bucağına nəzər yetirirdik. Deyirdik ki, sabah günəş şüası müəyyən əraziyə düşəndə bizə su veriləcək. 5 gündən bir isə bir tikə çörək verirdilər. Yəni ac-susuz ancaq döyülürdük. Səhər olanda yer bütünlükdə qan olurdu. O qədər döyülürdük ki, gözümüzün ağı qarasından seçilmirdi, ancaq qanla dolu olurdu. Yanımıza "Qızıl Aypara" Cəmiyyətindən nümayəndələr gəlirdilər. Bizə tapşırılırdı ki, döyüldüyünüzü bildirməyin. Bildirsəniz belə tərcüməçilər erməni olduğu üçün heç bir fərq etməyəcək.

2 ay yarım girovda olan Əbülfət Kərimovun qurtuluşu da təsadüfi olub. Hələ o zaman, Qırmızı Xaç Komitəsindən xüsusi vərəqlər göndərilirdi. Girovlar həmin vərəqin bir üzünü öz dilində yazaraq harada olduğu və kimliyi barədə məlumat verirdi. Arxa tərəfində isə göndəriləcək ünvan qeyd olunmalı idi. Hələ girov götürülməmişdəm öncə Əbülfət anasını Gəncəyə yola salmışdı. Buna görə də həmin vərəqi Gəncəyə yollayır. Amma vərəq nəzarətçilərin gözündən qaçaraq Ə.Kərimovun qohumunun əlinə keçir. Daha sonra çətinliklə onu Əsgəranda bir qadın girovla dəyişdirirlər. Beləliklə, 28 fevral 1992-ci ildə girov götürülmüş Əbülfət aprelin 25-də azad edilir. Girovluqda olarkən ermənilər dəfələrlə onun əlini kameranın dəmir qapısı arasına qoyaraq sıxdıqlarından sol əlində iki, sağ əlində isə bir barmağı tamam sınaraq əyri bitmişdir. Sağ tərəfdən bir neçə qabırğası sınmış, ayaq sümükləri çatlamış, dizləri müxtəlif zərbələr nəticəsində əzilmişdir. Hadisədən sonra Ə.Kərimov 2 aya yaxın 1 saylı Şəhər Klinik Xəstəxanasında yatmışdır. Bütün başına gələn müsibətlərə baxmayaraq, Əbülfət qurtulacağına, bu dəhşətin sona çatacağına inanırdı. O deyir: "Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdə vəziyyət köklü şəkildə dəyişdi. Ümummilli liderimiz sayəsində bu müsibətlər dünyaya çatdırıldı. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 44 günlük müharibədə Qarabağı azad etdi. Ölkə başçımızın sayəsində qaçqınlarımız, köçkünlərimiz öz ərazilərinə qayıdır. Ümid edirəm ki, biz də tezliklə öz doğma yurdumuza qayıdacağıq".

Xatırladaq ki, Xocalı faciəsi zamanı 613 nəfər həlak olmuş, 8 ailə tamamilə məhv edilmişdir. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı hadisəsini Pakistan və Sudan dövlətləri tam səviyyədə qətliam kimi tanıyır. Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya isə faciəni parlament səviyyəsində qətliam kimi tanımışdır. ABŞ-ın ümumilikdə 21 ştatı da Xocalını qətliam kimi tanıyan sənəd qəbul etmişdir.

Nəzrin ELDARQIZI,

"Respublika".