Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri
Sosial həyat

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Yeni Azərbaycan Partiyası BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən mərasimdə şəhid ailələri, qazilər, universitetin müəllim və tələbə heyəti iştirak edib.

“Xocalı--əsrin faciəsi” adlı videoçarxın nümayişindən sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov son iki əsrdə ermənilərin ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti apardıqları ilə bağlı tarixi faktları vurğulayıb. Xocalıya heç bir kömək olmadığından əhalinin böyük bir hissəsinin erməni vəhşiliyinin qurbanı olduğunu deyən rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini nəzərə çatdırıb.       

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlər sırasında Xocalı soyqırımının öz qəddarlığı ilə seçildiyini qeyd edib. İcra başçısı Vətən müharibəsində qazanılan tarixi qələbə ilə alınan qisasdan, eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlət səviyyəsində müharibə əlilləri, şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğıdan danışıb.

Millət vəkili Fazil Mustafa Vətən müharibəsindən sonra qalib Azərbaycan dövlətinin bütün müstəvilərdə üstün mövqeyə sahib olmasından, güclü dövlətə malik xalqımıza qarşı artıq belə soyqırımı aktlarının həyata keçirilməsinin mümkünsüzlüyündən və bunun dəyərini anlamağımızın vacibliyindən bəhs edib.

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən ermənilərin azərbaycanlıları dəfələrlə öz doğma yurdlarından zorla köçürülməyə məruz qoyduğunu bildirib.     

Tədbir BMU tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

                                                                                M.MİRZƏ, 

                                                                               “Respublika”.