Xocalıdan olan uşaqların səsi dünyaya çatdırıldı
MÜSAHİBƏLƏR

Xocalıdan olan uşaqların səsi dünyaya çatdırıldı

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələrlə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Xocalı soyqırımı törədildikdən sonra faciə qurbanlarının yaralarını sağaltmaq üçün hər kəs səfərbər olmuşdu. Onların səsini dünyaya çatdırmaq üçün əlindən gələni əsirgəməyən şəxslərdən biri də Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əziz olub. O, 31 il öncə didərgin düşmüş şəhid övladlarının Türkiyəyə aparılmasında birbaşa iştirak edib. Əvvəlcə 31 uşaq bir aya yaxın müddətdə sosial-psixoloji reabilitasiya görüb və Azərbaycana geri qaytarılıb. Daha sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Bədrəddin Dalanın təklifi ilə 10 qarabağlı uşaq Türkiyəyə aparılıb və orada B.Dalan tərəfindən himayə olunub.

Bununla bağlı həmyerlimizlə müsahibəni oxuculara təqdim edirik.

- Rafiq müəllim, 1992-ci ildə Xocalı faciəsi baş verən zaman sizin Türkiyəyə gəlməyinizin əsas səbəbi nə idi və o dövrdə harada fəaliyyət göstərirdiniz?

- Türkiyəyə gəlməyimin əsas səbəbi Xocalıdan olan uşaqlar üçün nə isə edə bilmək istəyimlə bağlı olub. O zamanlar Azərbaycanda Təhsil Nazirliyinin rəsm müəllimlərinə nəzarət edən bir şöbəsində işləyir, həm də müəllimlik edirdim. Nazirlikdə işlədiyim dönəmdə Azərbaycanın demək olar ki, bütün rayonlarını gəzmişdim və rayonlardakı məktəblərdən xəbərim var idi. Ona görə də hansı məktəbdə rəsm müəlliminin olub-olmadığını bilirdim. Həmçinin məktəblərdə rəsm bacarığı olan istedadlı uşaqları da tanıyırdım. Xocalı faciəsi baş verdikdə isə artıq mən bir neçə il idi ki, həmin uşaqlarla çalışırdım. 1992-ci ildə Xocalı soyqırımı baş verdikdən sonra hər bir azərbaycanlı kimi, mən də Vətənim üçün nə isə etmək istədim. Uşaqlar arasında "Qarabağ müharibəsi uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsini keçirməyə başladım.

- Azərbaycanlı uşaqların Türkiyəyə aparılıb yardım göstərilməsində birbaşa iştirak etmisiniz. Necə oldu ki, bu qərar verildi?

- Mən o zamanlar həm də "İstedad" assosiasiyasında çalışırdım. Xocalı faciəsi baş verdikdən sonra xəbər gəldi ki, Bakı xəstəxanalarına Xocalıdan uşaqlar gətirilib, gedib onlarla görüşdüm. Onda həm assosiasiyanın məsul katibi olduğuma görə, həm də illərlə uşaqlarla işlədiyim üçün məni psixoloqlarla bərabər oraya göndərdilər, ayrı-ayrılıqda palatada yatan uşaqlarla görüşdük. Mənə deyilən palataya girdim. İçəridə tibb bacısı və üzü divara tərəf duran bir qız uşağı var idi. Mən ona salam verdim, amma ondan səs çıxmadı. Tibb bacısından çıxmasını və bizi baş-başa buraxmasını xahiş etdim. Tibb bacısı çıxdıqdan sonra qız üzünü mənə çevirdi. Ağlayaraq "mən sizi tanıyıram" - dedi. O qız da mənə çəkdiyi rəsmləri göndərən istedadlı uşaqlardan birisiydi... Oradakı uşaqların vəziyyətini görüb çox pis oldum. Düşündüm ki, bu uşaqlar, onların gələcəyi və Azərbaycan üçün mən də nəsə etməliyəm. Beləliklə, "Qarabağ müharibəsi uşaqların gözü ilə" adlı çəkilən rəsmləri bir araya topladım. Baş verənləri dünyaya çatdırmaq üçün təxminən 100 rəsm götürüb öz hesabıma Türkiyəyə getməyi qərara aldım. Beləliklə, ilk olaraq "Taksim Sənət Qalereyası"nda uşaqların əl işləri nümayiş olundu və bu sərgi Türkiyədə olduqca böyük maraqla qarşılandı, mətbuat orqanları bu sərgidən yazdı, davamlı müsahibələr təşkil edildi.

O vaxt mənə Xocalı İcra Hakimiyyətinin başçısı Elman müəllim köməklik göstərdi. O, şəxsən özü 15-16 yaş aralığında 30 uşağın toplanılmasında iştirak etdi. Gəlməyimizə az qalmış uşaq sığınacağından bir qadın bizə yaxınlaşdı. Ağlayaraq "mənim də nəvəmi aparın", - dedi, çünki valideynlərini itirib, psixoloji dəstəyə çox ehtiyacı var. 31-ci uşaq da həmin uşaq oldu. Həmin uşaqların içərisində Xocalıdan, Şuşadan və digər yerlərdən olanlar var idi. Mən uşaqları da götürüb Türkiyəyə gəldim. Təsadüf nəticəsində aeroportda Türkiyənin ovaxtkı Baş naziri Süleyman Dəmirəl, İstanbul valisi Hayri Kazakçıoğlu ilə görüşdük. Süleyman Dəmirəl bizə lazımi köməkliyin göstərilməsi ilə bağlı tapşırıqlar verdi. Aparılan 31 uşaq bir ay müddətində Türkiyədə sosial-psixoloji reabilitasiyaya cəlb olundu. Biz bir ay ərzində Türkiyədə olanda, uşaqlarla bağlı məsələlər demək olar ki, hər gün qəzetlərdə çap olunurdu. Türkiyədə olduğum müddətdə bir adam gəldi ki, səni "İstək" Vəqfinin rəhbəri Bədrəddin Dalan deyə biri çağırır. Mən heç onun kim olduğunu bilmirdim. Gedib Bədrəddin Dalanla görüşdüm. O, qəzetlərdən xəbərləri oxuduğunu və mənim kim olduğumu bildiyini söylədi, təklif etdi ki, Azərbaycandan olan, Qarabağ müharibəsi zamanı valideynlərini itirmiş, öz yurd-yuvasından didərgin düşmüş on uşağın Türkiyədə təhsil almasına maddi dəstək göstərmək istəyir. Himayə edib, böyüdüb boya-başa çatdırmaq üçün məndən 8-10 yaş aralığında 10 azyaşlı uşağı Türkiyəyə gətirməyimi söylədi. Mən də düşünüb bu xeyirxah əmələ vasitəçi olmağa qərar verdim. Bədrəddin Dalanla görüşdükdən sonra 31 uşaqla birlikdə avtobusla İğdıra, oradan da Naxçıvana gəldik. Təsadüf nəticəsində bizim Naxçıvana gəldiyimiz gün Naxçıvanda "Dünyaya Naxçıvanın səsini çatdıraq'' adlı aksiya keçirilirdi. Yollar bağlı olduğu üçün sərhəddə qalmaq məcburiyyətində qaldıq. O vaxt Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Onun göstərişi ilə biz Naxçıvandan özəl təyyarə ilə Bakıya gəldik.

- 10 uşaq Azərbaycandan Türkiyəyə hansı formada aparıldı?

- Bakıya qayıtdım, 5-6 gün ərzində artıq uşaqlar seçildi. Bu uşaqlardan təxminən 4-5 nəfəri Xocalıdan, digərləri isə Şuşa, Laçın və Kəlbəcərdən idi. Uşaqların əksəriyyəti atasını itirmişdi. Anaları sağ idi. Aparılan uşaqlardan ikisi bacı-qardaş idi. Biz o zaman qərara gəlmişdik ki, tək oğlanı aparaq. Amma onda bir oğlan uşağının anası bizə yaxınlaşıb qızının da aparılmasını istədi. Qadın bizə danışdı ki, ermənilər həyat yoldaşımın başını kəsdi, amma bizi sağ saxladı və dedi ki, biz sizi ona görə öldürmürük ki, siz ölənə qədər bu əzabla yaşayasınız. Yəni o uşaqlar belə bir faciə görmüş ailənin övladlarıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qarabağdan olan bu uşaqların Türkiyəyə gətirilməsində mənə dəstək oldu. Ulu öndər sonralar İstanbula səfəri zamanı bu uşaqlarla görüşmüşdü və onların hər biri ilə ayrı-ayrılıqda maraqlanmışdı. Mən 1992-ci ildə Türkiyəyə köçdüm. Üç il sonra ailəm yanıma gəldi. İllər keçdi və böyük bir məsuliyyəti öz üzərimə götürərək Türkiyəyə gətirdiyim bu uşaqlar orta və ali təhsillərini də çox yüksək səviyyədə tamamladılar. Hətta onlardan Türkiyə universitetlərində doktorantura təhsili belə alanlar oldu. Uşaqlardan bir neçəsi Türkiyədə yaşasa da, Azərbaycana qayıdanlar da oldu. Ən önəmlisi odur ki, onlar böyüyüb təhsil aldılar, iş-güc sahibi oldular, ailə qurdular və həyatlarına davam edirlər.

- Müsahibəyə görə təşəkkür edirik!

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.