Xoş növrağın mübarək, Zəngilan
Siyasət

Xoş növrağın mübarək, Zəngilan

Düşmənin xarabalığa çevirdiyi yerlər cənnətə dönəcək

Dövlətlərin, şəhərlərin, kəndlərin... də taleyi var: yaranır, hansısa səbəbdən dağıdılıb yerlə-yeksan edilir, bəzən izi-tozu qalmır, bəzən də onun xarabalıqları üzərində daha yenisinə həyat verilir. 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan, dağıdılan, xarabalıqlara çevrilən şəhər, kənd və qəsəbələrimizin də tale üzünə gülüb, indi o ərazilərə həyat yenidən qayıdır. Bunu: "Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq", - deyən Prezidentimiz vəd edir...

Azərbaycanın ayrılmaz hissəsi olan Zəngilan da yəqin ki, 1400 illik tarixi boyunca çox hadisələrlə üzləşib. 28 illik işğal dövründə baş verənlərsə, heç bir insanlığa sığmır. Dünya mədəniyyətinin ən yüksək inkişaf mərhələsinə çatdığı, bir dönəmdə, insanların uzaq-uzaq planetlərə asanlıqla gedib çatdığı hətta digər qalaktikalardakı varlıqlarla ünsiyyət qurduğu bir məqamda, ali varlıq saydığımız insanların qurub-yaradılanları dağıtmasının bir adı var: vəhşilik. Paradoksdur, deyilmi? İşğal etdikləri ərazilərdə vəhşiliyin ən pik nöqtəsinə çatdılar ermənilər. Zəngilana da az müsibətlər yaşatmadılar...

Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərkəzi, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir. İnzibati mərkəzi Zəngilan şəhəridir. 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 2020-ci il oktyabrın 20-də işğaldan azad edilib.

 XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. "Zəngilan şəhəri" dedikdə, əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı olub. 1930-cu ildə şəhərə Zəngilan adı verilmişdir. İlk adı Pircavan olan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmış, 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verilmişdir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə və 79 kənd olmuşdur.

XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən başlayaraq hiss edirdi. Belə ki, ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarını qoruyurdular. Ermənilər isə xarici havadarlarının köməyilə mükəmməl silahlanmışdılar.

Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü. 1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir, bir-birinin ardınca kəndlər işğal olunurdu. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Sığırt və Bartaz yüksəklikləri işğal olunduqdan sonra rayonun mühasirəsi başa çatdırıldı.

***

Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun arxeologiya şöbəsinin apardığı arxeoloji qazıntılar zamanı rayon ərazisinin arxeoloji və memarlıq abidələri ilə zəngin olduğu müəyyənləşdirilmişdir. "Şəhri-Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqları 9 hektara yaxın ərazidə yerləşir. Təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşən şəhər qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşən şəhər IX əsrdə formalaşmağa başlamış, XIV-XVII əsrlərə kimi mövcud olmuşdur. "Şəhri-Şərifan" Şərifan kəndində yerləşən memarlıq abidələrindən birdir, Həkəri çayı abidənin böyük bir hissəsini yuyub aparmış, onun yalnız sərdabə hissəsi bu günə gəlib çatmışdır.

Rayonun Məmmədbəyli kəndində olan türbə, Hacallı kəndindəki dairəvi bürc, Həkərinin sağ sahilində olan Yenikənd kəndində XIV əsrə aid sərdabə, rayon mərkəzində XVII-XVIII əsrə aid edilən məscid, Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür dağın üstündə tikilən "Qız qalası" adlanan qala və bir çox tarixi memarlıq abidələri rayonun qədim mədəniyyətindən xəbər verir.

Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəlliyi, sıldırım qayaları, laləli düzləri, gözoxşayan meşələri var. Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan daşda bu ərazidədir. Əslində bu daş ondan xeyli əvvəllər mövcud olmuşdur. Daş ağ rəngdədir və onun baş tərəfində bir oyuq var. Bu səbəbdən də daşın yerləşdiyi əraziyə Ağ oyuq deyirlər. Bəzən də oranı "Yazı düzü" adlandırırlar. Bu, həmin daşın üzərindəki yazılarla əlaqədardır. Çox güman ki, bunlar Orxon-Yenisey yazılarıdır.

Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi cənub-şərqə doğru enərək Ağ oyuq düzünü əmələ gətirir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə kiçilərək Geyən çölünə qovuşur. Dağlıq hissədə sıx meşələr mövcuddur. Dünyada II, Avropada I yerdə olan nadir çinar meşələri də bu yerlərə gözəllik verirdi.

Ümummilli lider Heydər Əliyev bu yerlər haqqında demişdir: "Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir".

Zəngilan respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. 35548 hektar əkin üçün yararlı torpaq sahəsi olub.

Erməni silahlı birləşmələri Zəngilanın, eləcə də respublikanın bölgələrinin işğalı zamanı beynəlxalq konvensiyalara, hüquq normalarına etinasızlıq göstərərək, hətta faşistlərin törətmədikləri cinayətlərə yol vermiş, uşaqları, qocaları, qadınları nəzərə almadan dinc əhalini kütləvi surətdə məhv etmiş, təhlükəyə məruz qoyaraq, elliklə doğma yurd yerlərindən çıxarmışlar. Bu işğal nəticəsində, təxmini hesablamalara görə, rayona 3,4 milyard ABŞ dolları həcmində ziyan dəymişdir.

İndi işğaldan azad olunmuş Zəngilan rayonunda bərpa-quruculuq işləri aparılır. Rayonun Üçüncü Ağalı kəndində "Ağıllı kənd" layihəsinin icrasına başlanılıb. Kənd layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətləri, "Ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Erməni işğalından azad olunmuş digər ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. "Ağıllı kənd" texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq.

2021-ci il aprelin 26-da Zəngilana səfəri zamanı dövlət başçısı rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin, Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoydu. Həmin gün Zəngilan-Horadiz avtomobil yolunun və məscidin də təməli qoyuldu. Sonra Mincivan qəsəbəsinə gedən dövlət başçısı demişdir: "Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq".

Bəli, "Böyük Qayıdış" başlamışdır, uzun illər əsarətdə qalan yurd yerlərimiz indi "ürək dolusu nəfəs alıb" özünə gəlir, dirçəlir. Bundan sonra daim yaşayıb qoynuna aldığı insanları yaşatmağa haqqı var o yerlərin.

Zümrüd QURBANQIZI,

"Respublika".