Xoş növraqlı, azad Şuşa
Sosial həyat

Xoş növraqlı, azad Şuşa

"...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir... Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir qaladır, əziz bir abidədir".

Düşünürsən, Şuşanın Azərbaycan üçün əhəmiyyətini ifadə etməyə bundan dəyərli, məntiqli fikir söyləmək çətin ki, mümkün olsun. Bu fikirlərdə böyük bir sevgi duyulur həm də. Ümummilli liderimizin Şuşanın timsalında bütöv Azərbaycana olan sevgisi. Baş tacımız Şuşanın işğal altında inlədiyi o ağır zamanlarda: "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur", - söyləmişdi ulu öndər...

Elə bu məqamda 1982-ci ilin 14 yanvarını xatırlamağa çalışıram, arxiv sənədləri, tarixi faktlar köməyimə çatır. Həmin gün Azərbaycan Televiziyasının yayımladığı görüntüləri göz önünə gətirirəm... Şaxtalı qış günüdür, lopa-lopa qar yağır. Azərbaycanın dövlət və hökumət başçıları, ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Şuşaya toplaşıb, böyük şair, dövlət xadimi Vaqifin məqbərəsinin açılışına. Vaqifin opera səhnəsində obrazını yaradan SSRİ Xalq artisti Lütfiyar İmanov bəstəkar Cahangir Cahangirovun 1942-ci ildə Vaqifin "Durnalar" şeirinə bəstələdiyi mahnısını ifa edir. Məğrur quşlar kimi səmada pərvazlanmaq istəyən Vaqifin misraları mahnının qanadlarında uçub səmaya yayılır:

Nazənin-nazənin edərsiz avaz,

Ruhlar tazələnir, olur sərəfraz,

Vaqifin də könlü çox edər pərvaz

Hərdən sizin ilə gəzə, durnalar!

Mitinq bağlı elan edilir, iştirakçıların gur alqışları altında Heydər Əliyev, Süleyman Rüstəm və Mirzə İbrahimov lenti kəsir. Vaqifin məqbərəsi açılır. Məqbərənin önünə əklillər qoyulur. Həmin gün şairin ilhamlı şeirləri, onun xatirəsinə həsr olunan misralar yenicə açılmış Vaqif poeziya evində də səslənir...

1923-cü il iyunun 7-də Azərbaycanın dilbər guşəsi Qarabağın dağlıq bölgəsində yaşayan ermənilərə Rusiyanın himayədarlığı ilə muxtar vilayət statusu verildi. Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub Stepanakert adı ilə böyük iqtisadi gücə malik qurumun mərkəzinə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndidən asılı vəziyyətə salındı. Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndidəki erməni evlərinin əhatəsində qaldı. Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi vaxtlarda (1969-1982) Qarabağa böyük diqqət və qayğı göstərmiş, erməni iddiaları hər zaman iflasa uğramışdı. O dövrdə ermənilər imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən, 1967-ci ildə ilk dəfə Şuşada olmuş, problemləri öyrənmiş, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa edilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi. Elə 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini silmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. Heydər Əliyev bu qədim diyarı qorumaqla kifayətlənmir, Dağlıq Qarabağda milli ruhun oyanışını da təmin edirdi. Bu istiqamətdə isə o, daha sistemli, məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağın tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşır, Şuşa şəhərinin inkişafına çalışırdı. Axı onun üçün Şuşa adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi idi.

Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə genişmiqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki təkcə "Qala divarları"nın və "Gəncə qapıları"nın bərpasına 1975-ci ildə o vaxtın pul vahidi ilə 25 min manat xərclənmişdi. XIX əsrin görkəmli ədibi Qasım bəy Zakirin məzarı qaydaya salınmış, Ağdam-Xankəndi dəmir yolu çəkilmişdi. Dəmir yolu xəttinin işə düşməsilə muxtar vilayətlə respublikanın digər rayonları arasında iqtisadi cəhətdən daha sıx əlaqə yaradılmışdı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi.

Təəssüf ki, ulu öndərin mərkəzdə tutduğu vəzifə postundan istefa verməsilə ermənilərin çoxdan hazırladıqları məkrli planın reallaşmasına zəmin yarandı. Onlar "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün ilk addımı Şuşada atdılar. 1988-ci il noyabrın 15-də Topxana meşəsinin qırılması, məhv edilməsi ilə Azərbaycana erməni təcavüzünün əsası qoyuldu. Təxminən dörd il sonra isə 1992-ci il mayın 8-də Şuşa işğal edildi. Şuşasız günlərimiz isə nə az, nə çox, düz 28 il sürdü.

Qarabağın tacı, işğaldan azad edilməsi dastana çevrilən, Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə səsləndirdiyi: "Şuşasız bizim işimiz yarımçıq olar" fikirləri ilə hər bir azərbaycanlı üçün önəmi aydın ifadə edilən Şuşa iki ildir ki, azaddır. Bu qısa müddətdə mədəniyyət paytaxtımız sürətlə dirçəldilir. Beynəlxalq tədbirlərə evsahibliyi edən önəmli bir məkana çevrilir. Şuşa eyni zamanda, regionun diplomatik paytaxtı statusunu da qazanıb. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyənin müttəfiqliyinin təsdiqi olan Bəyannamənin imzalanmasına şahidlik edən Şuşa 2022-ci ilin martında Azərbaycan-BMT əlaqələrinin 30 illiyinə həsr olunan tədbirə də evsahibliyi etdi. Bunun ardınca aprelin 22-də dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız Şuşada Zəfər Qurultayına toplaşdılar. Aprelin 28-də isə mədəniyyət paytaxtımızda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı forum keçirildi.

Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan geniş quruculuq işləri Şuşanı da əhatə edir. Burada biz həm də tarixin təkrarlanmasının şahidi oluruq. 2021-ci il yanvarın 14-də Şuşaya səfər edən dövlət başçısı 39 il əvvəl ulu öndər Heydər Əliyevin Şuşaya səfərini xatırlatdı, 28 ildən sonra burada üçrəngli bayrağımızın dalğalandırıldığını bir daha qürurla söylədi. Dövlət başçısının bu səfəri adi, sıradan bir gəliş deyildi. Hələ noyabrın 8-də Şəhidlər Xiyabanında: "Şuşa, biz səni dirçəldəcəyik!" vədinin yerinə yetirilməsi istiqamətində atılan ilk addım idi. Və indi Şuşanın işğaldan azad edildiyi gündən ötən iki il ərzində görülmüş işlərin həcmini göz önünə gətirəndə istər-istəməz yazımızın əvvəlində qeyd etdiyimiz məqamları xatırlayır və düşünürsən: Şuşa tarixən gözəl olub. Onun gələcək növrağı daha gözəl olacaq!..

Zümrüd QURBANQIZI,

"Respublika".