Xudafərin körpüsü: xalqımızın milli sərvəti, möhtəşəm memarlıq əsəri
Mədəniyyət

Xudafərin körpüsü: xalqımızın milli sərvəti, möhtəşəm memarlıq əsəri

Əsrlərdir ki, bax beləcə, axır Araz qıyqacı, kədərli, qəmli, bəlkə də tarix boyu şahidlik etdiyi hadisələrin ağırlığıdır çöküb köksünə. Dili olsa çox şey danışar, sahillərində kimlər at oynadıb, üzərində salınan körpülərdən kimlər keçib... 30  il işğalda qalan yurd yerlərimizi görməsək də hansısa abidəsi, dağı, meşəsi... ilə xatırlamışıq, illər uzunu. Nədənsə, Xudafərin deyəndə həmişə sən yada düşmüsən Araz! Sən, bir də üzərində salınan körpülər...

Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm abidələrimizdəndir. Araz çayı üzərində salınan iki körpüdən birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. Körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil bir fikir yoxdur. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bir sözlə, Xudafərin körpülərinin hələlik sirləri açılmayıb, ancaq bir şey bəllidir ki, iki min ildən artıq bir müddətdə Azərbaycanı dünyanın bir çox ölkələri, qitələri ilə birləşdirən karvan yolları Araz çayı yatağında-Xudafərin dərəsində bir-birinə qovuşub. Bu körpülər Doğunu Batıya, Güneyi Quzeyə, Asiyanı Avropaya calayırdı. Böyük İpək Yolunun bir qolu da bu körpülərin üstündən keçirdi.

Transkontinental yollar üstündə yerləşən Xudafərin keçidi yüzillərcə ölkədaxili və ölkəarası əlaqələrdə mühüm rol oynayıb. Müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların və qüvvələrin yerdəyişməsini-miqrasiyasını, böyük ticarət karvanlarını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin hər il cənubdan Arana və Qarabağa gedən güclü mövsüm axınlarının da mərkəzi qovşağı olub.

1993-cü ildə Ermənistan silahlı birləşmələri Cəbrayıl rayonunu da işğal etdi və bununla da onsuz da baxımsız vəziyyətə düşmüş Xudafərin körpüləri də əsir oldu. 27 il sonra Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan şanlı ordumuz bu dəyərli abidəni əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Bununla bağlı öz rəsmi “Twitter” hesabında paylaşım edən Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”-sözlərini yazmışdı.

Yurda qayıdışımızın təməli 2016-cı ilin aprel ayında Cocuq Mərcanlı ilə qoyuldu. Talış kəndi ətrafında bir neçə yüksəkliyi azad edərək, kəndə və digər ərazilərə nəzarəti ələ alan ordumuz 4 il sonra yenidən yurda qayıdış hərəkatına başladı. Hər gün qələbə xəbərləri gəldi, hər gün azad edilmiş kəndlərin sevincini yaşadıq. İlk qələbə xəbəri Füzuli rayonunun Qaraxanbəyli kəndindən gəldi: Daha sonra Qərvənd, Kənd Horadiz, Talış, Suqovuşan... və Xudafərin. İllərlə üzünü görmədiyimiz Xudafərin körpüləri...

2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Füzulini azad etdi. Füzulinin azad edilməsi əslində, böyük perspektivdən xəbər verirdi, çünki hələ bu şəhər işğal olunanda Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının mühasirəyə salınması üçün təhlükənin artdığını söyləyənlər yanılmamışdılar. İndi də ilk olaraq onun azad edilməsi adları çəkilən həmin  rayonların düşməndən geri alınmasına real şərait yaradırdı.

Arazboyu ərazilərin düşməndən geri alınması Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər qazandırırdı. Məqsəd Azərbaycan-İran dövlət sərhədini tamamilə işğalçılardan azad etmək idi. Bu mənada isə strateji cəhətdən Cəbrayıl rayonu da Füzuli rayonu ilə eyni səviyyədə idi. Bu istiqamətdə gedən döyüşlərin iştirakçısı Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin zabiti, kapitan Qurban Qurbanov Xudafərin uğrunda gedən döyüşləri belə xatırlayır: “Ərazidə tapşırığa Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətində başladıq, Soltanlı kəndini keçib Xudafərin ərazisində körpünün arxasında olan strateji yüksəkliklərə çatdıq. Burada yüksəkliklərin ələ keçirilməsi, aşağıda olan sərhəd zastavalarının düşmən tapdağından təmizlənməsi, düşmən hərbi qulluqçularının məhv edilməsi tapşırıqlarını yerinə yetirdik. Sonra arxada görünən yüksəklikdən hərəkət edərək təkrar Soltanlı kəndi ərazisində yerləşən Çevik Hərəkət Taborunun götürülməsi, daha sonra yerdə qalmış müəyyən say tərkibində heyətin komandandan alınmış tapşırıqlarına uyğun olaraq arxadakı strateji yüksəkliyə yerləşdirilməsi əməliyyatını uğurla həyata keçirdik”.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qələbəsindən 6 gün sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. O anlar hər bir vətəndaşımıza qürur yaşatdı, çünki xalqımızın mənəviyyatında,  tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur yerimizdir.

Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev deyirdi: “Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir... Bizim tarixi qələbəmiz erməni  faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu  torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik. Bu da Xudafərin su anbarıdır”.

Onu da qeyd edək ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri də dağıntılara məruz qalmışdı. Bu isə Ermənistan tərəfindən “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının təsdiqi  bu ölkənin təcavüzkar siyasətinin göstəricisidir.

Xudafərin körpüləri Azərbaycan memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir və o, bütün meyarlarına görə UNESCO-nun Ümumdünya İrs  Siyahısına daxil edilməyə layiq olan abidələrdəndir. Mədəniyyət Nazirliyinin məlumatında deyilir: “Bununla əlaqədar olaraq biz artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlamışıq. İlk növbədə, Xudafərin körpüləri UNESCO-nun ilkin siyahısına daxil edilməlidir. Bundan sonra isə Xudafərin körpüləri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışacağıq. Bu, bizim üçün önəmli məsələlərdən biridir. Çünki Xudafərin körpüləri Azərbaycan memarlığının incilərindən hesab edilir”.

İşğaldan azad edilmiş ərazilərimiz maddi-mədəni irs nümunələri baxımından zəngindir, onların hər birinin öz tarixçəsi, öz hekayəsi var. Ərazilər bərpa olunduqca dağıdılmış, məhv edilmiş, bəzən təhqir olunmuş mədəniyyət nümunələri də işğaldan əvvəlki görkəminə qaytarılacaq, onların tarixiliyi də, milliliyi də qorunacaq. Çünki bu incilərin hər birində tariximizin keçmişi, bu günü, həm də gələcəyi qorunur!.. İllər, qərinələr, əsrlər keçəcək Araz da bax beləcə axacaq, üzərindəki körpülər də xalqımıza xidmət edəcək, ayrılan yolları qovuşduracaq...

Zümrüd QURBANQIZI,

“Respublika”.