XUDAFƏRİNİN İŞĞALDAN AZAD EDİLMƏSİNİN STRATEJİ ƏHƏMİYYƏTİ
Siyasət

XUDAFƏRİNİN İŞĞALDAN AZAD EDİLMƏSİNİN STRATEJİ ƏHƏMİYYƏTİ

Araz çayının qədim Xudafərin körpüsünün altından keçəndə daşlara çırpılan ləpələrinin səsi ötən ilin payızında Müdafiə Nazirliyinin işğaldan yenicə azad edilmiş həmin ərazidən çəkib yaydığı videoya baxanları təsirləndirməyə bilməzdi. Öz doğmalarını, əzizlərini uzun illərdən sonra gördüyünə sanki sevinirdi Arazın suları və birliyin rəmzi olan körpünün sütunlarını hərarətlə qucaqlayaraq bu sevincini onunla bölüşürdü...

44 günlük Vətən müharibəsinin gedişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşdığı növbəti qələbə müjdələrindən biri də belə idi: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!". Zəfər tariximizin bu şanlı hadisəsi ötən il əlamətdar bir gündə - 18 oktyabrda, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümündə baş vermişdi.

"Dəmir yumruq" əks-hücum əməliyyatının iyirmi birinci günündə rəşadətli ordumuzun bölmələri Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünə çataraq xalqımızın maddi-mənəvi irsinin bu qədim yadigarını düşmən tapdağından azad etdilər. Xudafərində üçrəngli dövlət bayrağımızın qaldırılması hərbi-strateji nailiyyət olmaqla yanaşı, həm də tarixi ədalətin bərpası kimi böyük əhəmiyyət daşıyırdı. Yüz illər boyu Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri orta əsrlər dövrü milli memarlığımızın, tikinti-mühəndislik sənətimizin ən gözəl nümunələridir. Araz çayı üzərində, Xudafərin dərəsi adlanan ərazidə mövcud olan, biri 15, digəri 11 aşırımlı iki körpünün hər birinin öz tarixi vardır. Mütəxəssislərin qənaətinə görə, 15 aşırımlı körpü 1027-ci ildə, 11 aşırımlı körpü isə XIII əsrdə inşa və yaxud bərpa olunub.

Xudafərin körpüləri qədim dövrlərdə Şərqlə Qərb arasında mədəni-iqtisadi əlaqələrin qurulmasında və inkişaf etdirilməsində mühüm rol oynayıb. Xalqımız üçün bu körpülər təkcə iqtisadi deyil, həm də mənəvi əhəmiyyət daşıyıb, milli birliyimizi möhkəmləndirib, el arasında deyildiyi kimi, Arazın o tayı ilə bu tayının sevincini, kədərini bölüşüb.

Təəssüf ki, amansız düşmənin, "vəhşi tayfa"nın işğalı altında olduğu müddətdə, Qarabağın digər əraziləri kimi, Xudafərin dərəsində də yaşayış yerləri, məzarlıqlar, inzibati binalar, kommunikasiya infrastrukturu qəddarcasına dağıdılıb, məhv edilib. Erməni faşizmi xalqımızın buradakı izlərini də silib yox etməyə çalışsa da, qədim körpüləri sökməyə cəsarət edə bilməyib. Əminik ki, mənfur düşməndən azad edilmiş bu yerlərə qayıdan yurddaşlarımız yenidən dinc həyata qovuşaraq, dövlətimizin himayəsi, diqqəti və qayğısı ilə Araz boyunca torpaqlarımızı gülüstana çevirəcəklər. Xudafərində həyata keçiriləcək hidroenergetika layihələri isə, nəinki Şərqi Zəngəzurun elektrik enerjisi ilə dayanıqlıq təchizatını təmin edəcək, həm də bölgənin irriqasiya problemlərinin həllinə, kənd təsərrüfatının inkişafına təkan verəcəkdir.

Xudafərinin və ümumən bölgənin iqtisadi potensialının artırılmasında yol-nəqliyyat infrastrukturunun bərpası da mühüm rol oynayacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan belə layihələrdən biri də Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun "Xudafərin" su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 66 kilometr təşkil edir. Burada Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun inşası da nəzərdə tutulub.

Xudafərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindəndir. Bu yolda canından-qanından keçən hərbçilərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Ötən il noyabrın 17-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Xudafərin körpüsünə gəlməsi, burada şanlı Azərbaycan bayrağını şəxsən qaldırması hər birimizdə böyük qürur və fəxarət hissi doğurdu.

Arazboyu ərazilərin işğaldan azad edildiyi günlərdə o taydakı soydaşlarımız ordumuzun sürətli əks-hücumunu maraqla, fərəh hissilə izləyir, hərbçilərimizi alqışlayırdılar. Bu, xalqımızın həmrəyliyinin, cənublu qardaş-bacılarımızın müstəqil dövlətimizə sevgisinin, onun gücünə, qüdrətinə heyranlığının nümayişi idi. Xudafərin körpüləri yüz illərin sınağından keçib gələn yurddaşlığın, dostluğun, qardaşlığın və milli qürurun şahididir. Bu körpülər daim var olacaq, bizim tarixi nailiyyətlərimizə yenə şahidlik edəcəkdir.

Möhtərəm RƏCƏBOVA,

"Respublika".